Sahilə Çıxmayan Gəmi / Məmməd MƏMMƏDZADƏ

      Share

      İçərişəhər... Tariximin daş yaddaşı... Üstünə şığıyan göydələnlərdən qorunmaq üçün kürək-kürəyə verərək düşmənlə vuruşan babalarım kimi bir-birinə söykənən, yaşı bəlli olmayan evlər...

       Qədim Bakım!.. İçərişəhərim!.. Ətrafdakı səs-küydən yuxusu qaçan, doğma Xəzərin həzin laylası, xoş pıçıltısı üçün qəribsəyən iç şəhərim!.. Göydələnlərin yürüşündən, daşürəklilərdən xalqın daş yaddaşını, daş xatirələrini qorumağa çalışan qədim qala divarları... Daşlarına babalarımın nərəsi, hayqırtısı, nənələrimin laylası, sevinc və kədəri, gülüş və göz yaşları, ahı hopmuş qala divarlarım...

      Bu qala divarları nələrin şahidi olmayıb, nələri görməyib?

      Vaxt olub başımızı öz qılıncımız kəsib, vaxt da olub yad qılıncı... Şah İsmayılın Bakını alarkən kəsdirdiyi başların qala bürclərindən atıldığını da görüb, Bakı xanı tərəfindən öldürülən rus generalı Sisyanovun kəsik başını da... 1918-ci ildə erməni vəhşətini də yaşayıb, 1990-cı ilin 20 yanvar dəhşətini də...

      Bu qala divarlarının daş yaddaşına bir ailənin faciəsi də həkk olunub. 1937-ci ilin soyuq noyabr ayında zorla ciyərparalarından – üç oğlu, bir qızından – ayrılan bir ananın faciəsini... Bir ailənin faciəsini... Dövrünün tanınmış yazıçı, tənqidçi və mühərriri Hüseyn Sadiqlə (Seyid Hüseyn) bəzən həzin, bəzən kövrək, bəzən üsyankar şeirlər yazan ömür-gün yoldaşı Ümmügülsümün faciəsini...

      Qala divarlarının daş yaddaşına hopmuş bu faciəni oxumaq üçün bir ipucu axtarıram.

      İçərişəhərin fikirlərim kimi dolaşıq, dar küçələri ilə addımlayıb mavi Xəzərin sahilinə çıxıram. Göz yaşlarından suları daha da şorlaşan dənizin şıltaq ləpələrinin pıçıltısını eşidirəm.

      Qumlu sahillərimdə yerləşən onlarla kənddən biri olan Novxanıda əsrin sonuncu ilində - 1899-cu ildə - Molla Əbdüləzizin evində bir qızcığaz doğuldu. Kəndin nüfuzlu Rəsulzadələr ailəsinin bu kiçik üzvünə mübarək Peyğəmbərimizin qızı Ümmügülsümün adını verdilər. İllər keçir, bu kiçik qızcığaz böyüyürdü. Zahirən yaşıdlarından bir o qədər fərqlənməsə də, daxilən onlara bənzəmirdi. Kiçik sinəsində böyük bir sevgi vardı. Ürəyi vətən sevgisiylə döyünür, şanlı tarixə malik türk ellərinin keçmişi ilə öyünür, bugününə acıyır, yas tuturdu. Bu sevgi şeirə çevriləndə Ümmügülsüm təxminən 9-10 yaşlarında idi. Atasının xeyir-duası, şeir xiridarlarının tərifi, qələm sahiblərinin xoş sözləri ona əlavə bir güc verdi. Şeirləri dövrün mətbuatına ayaq açdı. İmzası “Açıq söz”, “İqbal”, “Yeni İqbal” qəzetlərində görünməyə başladı. “Qurtuluş” jurnalının elan etdiyi müsabiqədə “Solğun çiçək” hekayəsi mükafat aldı.

      “Aslanın erkəyi, dişisi olmaz” deyib atalarımız. Ümmügülsüm də düşməndən öc almaq istəyən bir aslan kimi müasirlərini, yaşıdlarını mübarizəyə səsləyir, əcdadın şanlı keçmişini onlara bir daha xatırladır, babaların öyüdünü unutmamağa çağırırdı:

      Ey türk, sən ey qəhrəman, igid oğlu türklərin

      Şanlı ulu babanın öyüdünü unutma!

      Sən də yürü o yolu, ad çıxarsın əsgərin

      Ulular ardınca get, başqa bir yolu tutma!

      Bu çağırış, bu şüar “Özünə qayıt türk oğlu, sən özünə qayıdanda böyük olursan” demək idi.

      Yazıb-oxumağı atasından öyrənən, heç bir orta və ali təhsili olmayan Ümmügülsümdə fitri bir istedad vardı. Bakı kəndlərinə xas olan klassik ədəbiyyata, əruz vəzninə bağlılıq onda da hiss olunurdu. 15 yaşı olarkən yazdığı “Təsəlli” şeirində əruzun bütün incəliklərini gözləyərək mükəmməl bir şeir yazmışdı. I Dünya müharibəsinin başlanması ilə bəşəriyyətin düşdüyü fəlakətlərdən, müharibənin törətdiyi dəhşətlərdən, amansız ölümlərdən, yarımçıq arzulardan ürək ağrısı, ürək yanğısı ilə söz açırdı bu şeirində:

      Cəfayi-çərx ilə yeksər dağılmış gülşəni-amal,

      Bu əhvali-ciyərsuzi görən piri-cavan ağlar.

      Yaşı, həyat təcrübəsi az olsa da ağı qaradan, dostu düşməndən ayıra bilirdi. Axı, doğma məmləkətində, qonşu ölkələrdə baş verən bütün hadisələr demək olar ki, hər gün gah onların, gah da əmisigilin evlərində bəzən səhərə qədər müzakirə edilir, doğma vətəninin xilası üçün yollar aranırdı. “Müsavat” partiyasının yaradıcılarından biri olan M. Ə. Rəsulzadə onun həm əmisi oğlu, həm də bacısı Ümmülbanunun əri idi. Bu səbəbdən Azərbaycanda, eləcə də dünyada baş verən ictimai-siyasi hadisələrdən daha tez xəbər tutur, həmin məsələləri bu və ya digər dərəcədə seirlərində işıqlandırmağa çalışırdı. Azərbaycana həmişə yağlı tikə kimi baxan, Bakıdan, Bakı neftindən əl çəkmək istəməyən Rusiyanın işğalçı siyasətinə qarşı çıxır, kin və küdurətini gizlədə bilmirdi:

      Ey buzlu şimaldan qopan ruzigar!

      Toxunma qəlbimə, atəşi parlar.

      Sakın, gəlmə, səni nəfəsim boğar,

      Dəf ol! Vətənimdə görəməm səni...

      1918-ci ilin mart qırğınını yaşayan şairə “qara sellər altında türk elinin səadətinin xanimanının yıxıl”dığını görür. Gözü qarşısında:

      “Dalğalanan qan içində, girdabların ağzında

      Qəhrəmanlar çapalayır, mərd igidlər can verir.”

      Doğma anası qədər sevdiyi vətəninin, yurdunun bu halına tab gətirmir, vətən imdad diləyən körpəyə dönür gözündə. Şəfqətli bir ana kimi ürəyisınıq körpəni, vətənini oxşayır:

      “Uf, sevgili yurdcığazım, dözəməm bu kədərə” – deyərək əsrlərin o üzündə qalmış qılıncını arayır, türkün türkdən başqa dostunun olmadığını bir daha dərk edərək dağların o tayındakı qardaşlarını səsləyir:

      Nerdə mənim ardı-önü düşmən kəsən qılıncım,

      Nerdə igid qardaş, nerdə adına “Can” dediyim,

      Neçin sınmış biləklərim, nerdə mənim o gücün,

      Neyçün gəlməz böyük ordu, neyçün gəlməz sevdiyim?

      Ümmügülsüm həmvətənləri kimi türk ordusunun “Yollarını bəklərəm” deyir. Qafqaz İslam Ordusu haraya yetişir. Bakını bolşevik-daşnaq birləşmələrinin əlindən alır, dərdləri unutdurur:

      Gəldin iştə, gözlərimin yaşlarını qurutdum,

      Nəvazişin ovunmayan qərib ruhu oxşadı.

      Çox güman ki, həmin il bu şeirdən əvvəl yazdığı “Dərdli nəğmə” şeirində də şairə Anadoluya üz tutur, vətənini düşdüyü bəlalardan qurtarmaq üçün türk edllərini haraylayır. Böyük Turanı soraqlayır:

      Məskənimiz bir fəlakət ocağı,

      Bəstərimiz fırtınalar ocağı

      Sönmüşmüdür əcəb yurdun ocağı

      Anadolu nerdə, Turan nərədə?

      Yeri gəlmişkən, bu misraları A. İldırım bir ana südü kimi içməli idi ki, çox sonralar “Türkün dastanı” şeirində:

      “Harda qopuz, harda qırıq kaman hey?

      Harda böyük vətən, harda Turan hey?” –deyə biləydi.

      Həmin dövrdə ürəyində vətən sevgisiylə yanaşı başqa bir sevgi də cücərib boy atırdı. Şeirlərində Sübhi Sadiq deyə müraciət etdiyi Seyid Hüseynin sevgisi...

       

      Həyat 1887-ci ildə İçərişəhərdə anadan olmuş Seyid Hüseynin üzünə gülməmişdi. Atası Mir Kazım bədbəxt bir hadisə nəticəsində vəfat etmiş, anası bir qızı və üç oğlunu baba-nənə ümidinə qoyub ərə getmişdi. İçərişəhərdə böyük nüfuz və hörmət sahibi olan baba yeganə oğlunun yadigarlarının üstündə yarpaq kimi əsmiş, onların boya-başa çatması üçün əlindən gələni əsirgəməmişdi. M. Mahmudbəyovun “rus-müsəlman” məktəbini bitirəndən sonra “Təzə həyat”, “Kaspi” qəzetlərinin mətbəələrində mürəttiblik edən S. Hüseyn öz işgüzarlığı və inadkarlığı sayəsində qısa bir müddət ərzində mətbuatda öz sözünü deməyə başlamışdı. Əvvəlcə “Bəhlul” və “Kəlniyət” jurnallarının naşiri olan S. Hüseyn daha sonra “İqbal” qəzetinin baş redaktoru olur. Məqalə və hekayələri ilə tanınmağa başlayır. Elə Ümmügülsümlə tanışlığı da qəzet vasitəsilə olur. Əvvəlcə Ümmügülsümün şeirlərini bəyənir, sonra da özünü. Nişanlanırlar. Lakin müxtəlif səbəblərdən toy bir neçə dəfə təxirə salınır. Və bir-birinə “məftun olub odlara yanan” bu iki qəlb ayrılıqdan usanır, həsrətə, hicrana dözə bilmir, Ümmügülsümün dodaqlarından bu misralar süzülür:

      Hər anım intizar, hər günüm həsrət,

      Bilməm məhəbbətim nasıl məhəbbət?

      Yetişir əl verir, sayğısız firqət,

      İstəməm mən səni artıq usandım.

      Buna rəğmən bu iki insanın bir-birinə olan sevgisi vətən sevgisinin yanında haradasa kölgədə qalırdı. Ümmügülsümün şeirlərində milli ruh üstünlük təşkil edirdi. Bu şeirlərə vətənpərvərlik hakim idi.

      1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın uğurlarına sevinən şairə milli ordunun yaranmasını alqışlayaraq “Əsgər analarına” müraciət edir:

      “Ey möhtərəm validə!

      Əvət sən də oğlunu doğurduğun günündə,

      Həyatının müqəddəs borclarını bitirdin

      Sən o sıcaq bağrında arslanları yetirdin.

      Sənin o göz nurunu əziz vətən bəkliyor

      Mane olma o gəncə, burax hərbə gediyor.”

      1920-ci ilin mart ayında qarı düşmənimiz olan ermənilər növbəti dəfə Qarabağda iğtişaş törətdilər. Məşhur generallar S. Mehmandarov və Ə. Şıxlinskinin rəhbərlik etdiyi milli ordu hissələri mart ayının sonunda düşmən üzərində qələbə qazandı. Ümmügülsüm “Yurdumun qəhrəmanları”nı yeni qələbələrə səsləyir:

      Millətiyçün kim qorxmasa qovğadan,

      Həyat eşqi verər ulu yaradan

      Odur sizə kömək, əmin olunuz,

      Yürüyünüz, mərdlik zəfər bulunuz.

      Nə yazıq ki, bu arzu və istəklər ürəklərdə qaldı. Müstəqilliyimizə son qoyuldu. Rus-bolşevik işğalı gerçəkləşdi. Gəncə qiyamı qeyri-bərabər döyüşdə qan içində boğuldu. Üçrəngli bayrağımız şəhid qanlarından qan-qırmızı oldu. Ayımız-ulduzumuz görünməz oldu. “Al-yaşıllı bağlarımda çiçəklər” açmadan soldu.

      Ümmügülsüm istəməsə də o acı günləri yaşadı. Ürəyində acı bir inilti daşıya-daşıya yaşadı. Qəhər, hıçqırıq onu boğdu. Yüksəklərdən endirilən Bayrağı üçün ağı dedi:

      Yazıq səni Bayrağım, endirdilər öyləmi?

      Səni yıxıb devirən o zəhərli ruzigar,

      O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar,

      Yanar ocağımı da söndürdülər öyləmi?

      Baş verənlərə, gördüklərinə, olanlara inanmır, inanmağı gəlmir müstəqilliyimizin itirildiyinə. Müstəqilliyinmi, yoxsa işğalınmı yuxu olduğunu ayırd edə bilmir. Amma bir şair fəhmi ilə hiss edir ki, türk ellərinin qara günləri başlayır, qapısı bağlanır:

      Bir röyamı oldu o gördüklərim həpisi?

      Bağlandımı üzümə türk elinin qapısı?

       

      • Hits: 725 clicks

      Tecox component by www.teglo.info