Qərbi Avropa Eposlarinda Türk Taleyinin Təcəssümü / Günel XƏLİLOVA

      Share

      Qədim və orta əsrlər dövrünün qayaüstü yaddaş kitabələrində, eləcə də bir sıra Qərbi Avropa xalqlarının yazıya alınmış sənət abidələrində türk xalqının sözü, səsi zaman-zaman yaşayıb onun varlığını,

       ecazkarlığını və ilahi eşqinin sirrini bizə aşkar etmişdir. Türk dünyasının görünən və görünməyən səhifələrinin aydınlığını müasir oxucuya təqdim edən araşdırmaçı alimlərin hər yeni kitabında açılmamış sirlərin təhlil və şərhini həmişə maraqla izləmişik.

                  Belə tədqiqatçı alımlərimizdən biri Həmidə xanım Əliyevanın təzəcə gün işığına çıxardığı “Orta əsrlər Qərbi Avropa ədəbiyyatı tarixi (Orta əsrlər qəhrəmanlıq eposları)” adlı kitabını hər dəfə vərəqləyib oxuduqca Qərbin türk dünyasından keçən epos ənənələrinin mənəvi dünyamıza yaxınlığına bələd olursan.

                  Qərbi Avropa ölkələrinə hələ eramızdan əvvəl köç edən türkdilli tayfaların bu ölkələrin epos-dastan sənətinə gətirdiyi ənənələr indi də yaşayır. Fransızların “Roland haqqında nəğmə”sində bu təsir izi haqqında məntiqi mühakiməyə diqqət yetirək: “Poema yetkin orta əsrlər dövründə formalaşması, geniş ədəbi düzəlişlərə məruz qalması səbəblərindən qaynaqlandığı mənbənin təsirini birbaşa əks etdirmir. Lakin əsəri diqqətlə oxuduqda türk düşüncə tərzinin və əski inanclarının izlərinə rast gəlinir. Bu, ilk növbədə qədim türk mədəni-əxlaqi və mənəvi-ruhani dəyərlər sisteminə daxil olan at və qılınc kultları ilə bağlıdır.”

                  “Roland haqqında nəğmə” ilə “Kitabi-Dədə Qorqud”, “Manas”, “Koroğlu” kimi monumental sənət abidələrinin oxşarlıqlarının sistemini yaratmağa, bu paralellərə nüfuz etməyə cəhd edən tədqiqatçının Qərbi Avropa epik poeziyası nümunələrinin təhlilində problemə tarixi-elmi baxışı ifadə olunmuşdur.

                  Eləcə də alman eposunun zirvəsində dayanan “Nibelunqlar haqqında nəğmə”nin ideya-məzmun xüsusiyyətləri haqqında yazan Həmidə xanım Əliyevanın daha bir tarixi və elmi əsaslı mühakiməsi oxucu diqqətini çəkir: “Qərbi Avropa xalqlarının şifahi yaradıcılığında Atilla obrazı xüsusi yer tutur. Əksər hallarda bu xalqlar Atillanı xeyirxah, ədalətli bir hökmdar kimi Atli, Etsel adları ilə öz eposlarında tərənnüm etmişdir. “Nibelunqlar haqqında nəğmə”də Atilla tarixi şəxsiyyətdən “xeyirxah” epik monarxa – Etsetə çevrilir. “Hildebrand haqqında nəğmə”də də vətənlərindən didərgin düşən Bernli Ditrix, Hildebrand kimi qəhrəmanlar məhz Atillanın sarayında sığınacaq tapır, onun ən yaxın silahdaşları ilə bir sırada dayanırlar. Göründüyü kimi sadə xalq təxəyyülünün məhsulu olan əsərlərdə Atilla həmişə müsbət obraz kimi təqdim olunur.”

                  Qərbi Avropa xalqlarının dastanlarında əbədiləşən türk tarixi və onun tacidarları haqqında deyilən və sonradan yazıya alınan hər söz bu türk xalqlarının mənəvi-ruhani dünyasının içindən qopan sədaları xatırladır. Yalançı, qondarma tarixdən çox məntiqi və inandırıcı təsvir və söyləmələri ilə dastanlarda realist və poetik ömrünü yaşayan türk dünyasının keçmişi bu gün bizim üçün ən dəyərli səhifələrdən biridir.

                  Həmidə xanım Əliyevanın bir vaxt cəngavər qadın obrazlarının qədim türk dastanlarına o cümlədən “Kitabi-Dədə Qərqud”a xas olduğunu söyləməsi bizə bir mətləbi aşkar etdi. Bu dastanlarla, türk qəhrəman obrazları ilə Qərbi Avropa xalqlarının mənəvi-ruhani dünyasına köçən həqiqətlərin axtarışı bizə türk dünyasının dastan həqiqətinin varlığına və onun daha əhatəli şəkildə tədqiqinə yeni izlər açır.      

      • Hits: 792 clicks

      Tecox component by www.teglo.info