Millət hamisi Əbu Turab Ağa / Qurban Yaquboğlu

      Share

      19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəllərində - işıqla zülmətin, elmlə cəhalətin, maarifçiliklə geriliyin gərgin mübarizədə olduğu bir dövrdə Azərbaycanın görkəmli və nüfuzlu din xadimləri mütərəqqi və fəal ictimai mövqelərilə seçiliblər.

       Ancaq təəssüf ki, vətən tarixində bu mütərəqqi xətt həmişə və ya əksər hallarda kölgədə saxlanıb, əvəzində din təmsilçilərinin – mollaların, axundların gerilikçi obrazı önə çıxarılıb, karikatura olunub, lağa qoyulub... Xüsusən, sözügedən dönəmin bəzi yazıçı, şair və publisistləri xalqın bütün dərd-sərinin günahkarı kimi din xadimlərini, bir çox hallarda dinin özünü, bir az da dəqiqləşdirsək, islamı ünvan seçiblər. Nəticədə həm dinimizin, həm də ona xidmət edən ixlaslı və elmli insanların təhrifli obrazı beyinlərə həkk olunub.

      Halbuki Azərbaycanda birinci cümhuriyyətin (1918-20) qurulmasına gətirib çıxarmış nəhəng və hərtərəfli intibah prosesini tərəqqi tərəfdarı olan din xadimilərindən kənar  təsəvvür və təqdim etmək aşkar insafsızlıq sayılmalıdır.

      Bilərəkdən həmin dövrdə baş verənlərlə bağlı “inqilab”, yaxud “maarifçilk hərəkatı” ifadələrini yox, məhz “intibah” sözünü işlətdik; çünki həmin tarixi proses böyük bir oyanış, yenilənmə və tərəqqi hərəkatı idi ki, onunla milli və dini təfəkkür də təzələnir, yenidən güc alırdı. Heyf ki, 1920-ci ildə sovetlərin ölkəmizə qəfləti və arzuolunmaz gəlişi tarix maşınını səhv istiqamətə yönləndirdi...

      Qeyd elədiyimiz tarixi kəsimin ilkin dönəmində irəli çıxmış din xadimlərindən biri də Axund Mirzə Əbu Turabdır. O, 1815-ci ildə Bakıda İçərişəhərdə anadan olub. Atası Molla Məhəmmədin zəlzələ səbəbindən Şamaxıdan köçüb gəldiyini deyirlər. İlk təhsilini də atasından alır, daha sonra İçərişəhərdəki Məhəmməd məscidinin nəzdindəki mədrəsədə təhsilə davam edir.

      Mədrəsədə molla rütbəsini aldıqdan sonra isə İraqa yollanır, Bağdad Universitetində 10 ilə yaxın oxuyur. Yeri gəlmişkən, yazıçı Qılman İlkin “Bakı və bakılılar” kitabında onun Mədinədə təhsil aldığını qeyd edir, axundun müəllifi olduğu “İslamın təfriqəsi səbəbləri” kitabına (çapa hazırlayanlar Nəsib Göyüşov və Məmmədəli Babaşlı) yazılmış ön sözdə Bağdad Universiteti göstərilir. Hər halda diqqəti çəkən məqamlardan biri də odur ki, zəmanəsinin görkəmli din xadimləri xaricdə - Məkkədə, Mədinədə, İraqda və İranda oxusalar da, vətənin taleyi naminə candan-ürəkdən çalışır, ölkə insanının maariflənməsi və irəliyə çıxması üçün əllərindən gələni edirdilər.

      Ona “Əbu Turab” titulunu Tiflis şəhərində şeyxülsilam Axund Məhəmməd Hüseynzadənin (Əli Bəy Hüseynzadənin babasının qardaşı) verdiyi söylənilir. Mütəxəssislərin dediyinə görə, bu titul Quranı, hədisləri və üç xarici dili mükəmməl bilən insanlara verilirmiş. Əbu Turab Bakıya qayıtdıqdan sonra Əmircan kəndinin baş axundu təyin olunur. Hərdən məsciddə ərəbcə moizə oxuyan axund türk, fars və rus dillərini də çox yaxşı bilirmiş.

      Din xadimlərinin, o cümlədən Əbu Turabın ictimai-mədəni həyatda fəal iştirakı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Çar Rusiyasında, onun əyalətlərində, eləcə də Azərbaycanda baş verən proseslər, maarifçilk hərəkatı, elmə və inkişafa maraq, milli-mənəvi oyanış din xadimlərinə olan ehtiyacı nəinki azaltdı, əksinə artırdı. Bəlli oldu ki, dinsiz və dindarsız insanlara təsir eləmək, onları elmə və mədəniyyətə təşviq eləmək mümkün deyil.

      Yeni tipli təhsil müəssisələrinin – “üsuli-cədid”lərin fəaliyyəti, qızların oxumasına icazə verilməsi, insanların bəzi zərərli dini adət-ənənədən (məhərrəmlikdə baş yarmaq, aşırı hərəkətlərə yol vermək kimi) uzaqlaşması üçün nüfuzlu din adamlarının göstərişi, fətvası, bəzi hallarda örnək göstərməsi tələb olunurdu.

      Əbu Turab dövrünün mütərəqqi yönümlü bütün ictimai-mədəni həyatında yaxından iştirak edir. Onun təşəbbüsü ilə Əmircanda birinci qızlar mollaxanası açılır, başqalarına nümunə olsun deyə o, öz qızlarını H.Z.Tağıyevin qız məktəbinə qoyur, Əmircandakı ilk tatar-rus məktəbində şəriət, hesab, təbiət, coğrafiya və tarixdən dərs deyir.

      Bundan başqa, Əbu Turab Axundzadə elmə və maarifə xidmət edən xeyriyyə cəmiyyətlərinin təşkilinə və fəaliyyətinə də ciddi əmək sərf edir. İnsanları xeyirxahlığa çağırır, özü də fəqir-füqəraya əl tutur, imkansız uşaqların təhsil almasına yardım göstərir, el arasında “millət hamisi” adı ilə tanınır. İslami yönümə diqqət verən dövri mətbuatda məqalələrlə çıxış edir. Dörd əsər müəllifi olan Əbu Turabın “Həyat” qəzetində dərc edilmiş “Bizə hansı elmlər lazımdır?” məqaləsi o zaman geniş diskussiya mövzusuna çevrilir.

      Bütün bunlar onun həyatına təhlükə törədirdi. İslamı yox, irticanı təmsil edən “mollalar” onu təqib edir, nəcib yolundan çəkindirməyə çalışırdılar. Bu təqiblərdən qorunmaq üçün Əbu Turab həyatının son illərini evində dustaq kimi yaşamalı olur.

      1908-ci ildə Əmircanda vəfat etmiş Axund Mirzə Əbu Turab Axundzadə Piri-Həsən qəbiristanlığında dəfn olunur.

      Deyirlər, pulunun, var-dövlətinin aşıb-daşan vaxtında Hacı Zeynalabdin Tağıyevə Əbu Turab xəbərdarlıq edir: “Bir gün bu var-dövlət əlindən çıxar”. İllər sonra, sovetlərin gəlişişilə hər şeyini itirən məşhur milyonçu müdrik alimin sözünü xatırlayır və deyir: “Məni Əbu Turabın ayaqları altında dəfn edərsiz, onun ayağı biləni mənim başım bilmir”.

      Vəsiyyətə əməl olunur.

      • Hits: 811 clicks

      Tecox component by www.teglo.info