Zikrdə Vasitə / Lokman Helvacı

      Share

      Həzrət Əbu Bəkr (r.a) azad etdiyi köləsi Yüseyrə (r.a) nəql edir:

      “Rəsulullah (s.ə.s) bizə dedi ki: “Sizə təsbih, təhlil, təqdis, təkbir gətirməyi tövsiyə edirəm. Bunları barmaqlarınızla sayın. Çünki qiyamət günü barmaqlardan (harada istifadə edildikləri haqda) soruşulacaq və onlar da danışacaqlar.” (Tirmizi, Dəavat 131, 3577; Əbu Davud, Salət 359, 1501)

      Quranda ifadə olunduğu kimi əllər danışdırılacaq, ayaqlar şahidlik edəcək, hətta yer kürəsi də üzərində baş verənlərdən xəbər verəcəkdir. Burada onu da qeyd etmək lazımdır ki, təsbeh dənələri də barmaqlar vasitəsilə çevrildiyi üçün həm barmaqlar, həm də təsbeh dənələri şahidlik edəcəklər.

      Ediləcək zikrlər artdıqca bunu saymaq üçün barmaqlar kifayət etmədikdə əshabi-kiram bəzi əşyalardan istifadə etmişdir. Əgər bu xüsusda qadağa olsaydı qəti bir ifadə ilə barmaqdan başqa hansısa bir vasitədən istifadə etməyi qadağan edən bir rəvayətə rast gələrdik. Əksinə səhabələrin zikr edərkən saymaq üçün vasitələrdən istifadə etdiklərinə dair rəvayətlər çoxdur. Məsələn: Əbu Hüreyrə (r.a)-ın iki min düyün vurulmuş bir ipi vardı və bu iplə təsbeh çəkərək zikr etmədən yatmazdı. (Əbu Nuaym, əl-Hilyə 383)

      Bundan başqa Əbu Hüreyrənin qonağı olan Tufavəli bir qocanın Əbu Nadra anlatdıqları da çox mühüm bir səhabə tətbiqatını göstərməkdədir: “Bir gün Əbu Hüreyrənin evində idim. Orada çınqıl daşlar və xurma çəyirdəkləri ilə dolu bir torba, bir də cariyə vardı.” Torbadakı dənələr qurtarana qədər zikr etdi. Daşlar və çəyirdəklər qurtaranda torbanı cariyəyə verdi. Cariyə onları topladıqdan sonra Əbu Hüreyrəyə qaytardı. (Əbu Davud 3, 55; İbn Sad 3, 143)

      Yenə Peyğəmbərimiz (s.ə.s)-in azad etdiyi kölə Əbu Safiyyənin qarşısına içərisində kiçik daşlar olan bir qab qoyular, bunlarla günortaya qədər təsbih edər, sonra qalxıb günorta namazını qılar və bundan sonra axşama qədər eyni şəkildə təsbeh çəkərdi. (əl-İsabə 4,109; İbn Sad 7, 60)

       

      Hətta Kutubi-sittə imamlarından Əbu Davud Sünən adlı əsərində bu barədə, “Kiçik daşlarla təsbeh çəkmək” başlığı altında xüsusi bir fəsil açaraq məsələyə işıq tutmuşdur:

      24 -cü Bab KİÇİK DAŞLARLA TƏSBEH ÇƏKMƏK

      Sad bin Əbi Vaqqas (r.a)-dan rəvayətə görə Sad və Peyğəmbər (s.ə.s) bir qadının yanına gəlmişdilər. Bu qadının qarşısında təsbeh çəkmək üçün istifadə etdiyi xurma çəyirdəkləri və ya çınqıl daşlar vardı. Rəsulullah (s.ə.s) buyurdu ki: “Sənə bundan daha asan və daha dəyəli olanı xəbər verimmi? “Göydəki məxluqatın sayı qədər sübhanallah, yerdəki məxluqların sayı qədər sübhanallah, hər ikisi arasındakı məxluqatın sayı qədər sübhanallah, yaradacağı məxluqların sayı qədər sübhanallah. Bütün bunların sayı qədər Allahu əkbər. Bütün bunların sayı qədər Əlhəmdulillah və yenə bütün bunların sayı qədər Lə havlə və lə quvvətə illə billah” de.” (Əbu Davud, Vitr, 8, 24)

       Safiyə (r.anha)-dan rəvayətdə belə deyilir: Rəsulullah (s.ə.s) yanımıza gəldi. Qarşımda təsbeh çəkmək üçün saydığım dörd min çəyirdək vardı. Dedim ki: “Onlardan istifadə edərək Allahı zikr edirəm.” Bunun üzərinə Rəsulullah (s.ə.s) belə buyurdu: “Mən sənə bu tesbeh çəkdiyin şeylərdən daha artıq savab qazandıracak bir şey öyrədimmi?” Mən də: “Bəli” dedim. Belə buyurdu: “De ki: Allahın yaratdıqlarının sayınca tesbih edirəm.” (Tirmizi rəvayət etmişdir)

      Bütün bu rəvayətləri nəzərə aldığımızda belə demək mümkündür.  Bu vasitələrdən istifadə etməyi təqriri sünnə olaraq qəbul etmək lazımdır. Bir də ki, bu rəvayətlər olmasa belə hansısa bir mövzuda Allah və Rəsulu qadağa qoymamışsa əsl olan ibahadır hökmünə görə mühüm olan xüsusun hansı vasitə ilə olarsa olsun Allahın zikr edilməsi olduğunu, söyləyə bilərik.

       

      • Hits: 727 clicks

      Tecox component by www.teglo.info