Təhsilin İctimai Əhəmiyyəti / Asəf Qənbərov

      Share

      Təhsil cəmiyyəti ayaqda tutan qurumlardan biri, hətta ən əhəmiyyətlisidir. Təhsil dedikdə sadəcə rəsmi təhsil müəssələrindəki tədris başa düşülməməlidir;

       təhsil ailədəki təlim və tərbiyə ilə başlayır, məktəblərdə təkmilləşir və bir insanın bütün həyatı boyunca davam edir. Buna görə də ilk müəllimimiz valideynlərimizdir. Daha sonra məktəb müəlləmləri bu vəzifəni yerinə yetirir, məktəb sonrası həyatımızda isə təhsil vəzifəsini “cəmiyyət” öz üzərinə götürür.

      Təhsil ictimai bir hadisədir. Sosioloqlar tərəfindən təhsilə verilən təriflərə nəzər salsaq təhsilin ictimai əhəmiyyətini görə bilərik. Bu təriflərdən birinə görə təhsil yetişkin nəslin hələ sosial həyata uyğunlaşmayan gənç nəsil üzərində icra etdiyi təsirdir. Buradan belə anlaşılır ki, təhsil görməyən, tərbiyə olunmayan heç bir fərd yoxdur. Cəmiyyətin hər bir üzvü öz ətraf mühitinə görə hər hansı bir şəkildə tərbiyə olunur. İnsanın şəxşiyyətinin formalaşması və zehniyyətinin şəkillənməsi də əsasən camiyyətin təsiri altında baş verir.

      Bir cəmiyyətin meydana gəlməsi təsadüfi deyildir. Cəmiyyət canlı bir varlıq, canlı bir organizm kimidir. Cəmiyyəti də fərdlər meydana gətirir. Təhsilin vəzifəsi birgə yaşayan insanları bir-birinə bənzətmək, onları sosiallaşdıraraq topluma hazırlamaqdır. Fərdi mənfəətləri ön planda olan uşağı sosial bir şəxsiyyət halına gətirmək məhz təhsil ilə mümkündür. Bu baxımdan təhsilin ən əhəmiyyətli vəzifələrindən biri mədəniyyəti (culture) və mənəvi dəyərləri nəsildən nəslə ötürməkdir. Bu isə sırf elm öyrətməkdən fərqli bir şeydir. Çünki mədəniyyət (culture) bir şeyin harada ve necə istifadə edilməsini göstərir. Qısacası, insanlara həyat tərzini öyrədir.

      Təhsil cəmiyyət ilə daima qarşılıqlı münasibət içərisindədir. Öncə cəmyyətin təhsil üzərində icra etdiyi təsirdən bəhs etmək lazımdır. Çünki cəmiyyət daima dəyişir. Dəyişmə cəmiyyətin bir qanunudur. Sosial dəyişmə adlanan bu proses əski zamanlarda cəmiyyətin statik olması səbəbilə daha yavaş həyata keçirdi. Buna görə də təhsil öz vəzifəsini rahat şəkildə yerinə yetirirdi. Müasir cəmiyyət isə sürətlə inkişaf edir və dəyişir. Əgər XVII-XIX əsrlərdə “sənaye” və ya “modern” cəmiyyətdən bəhs edilirdisə, artıq “post-modern” və ya “bilgi” toplumlarından bəhs edilməktədir. Müasir cəmiyyət işbölgüsü üzərində qurulmuş, mürəkkəb sruktura malik olan bir sistemdir. Müasir cəmiyyətin insandan tələbatları da həm çox, həm də fərqlidir. İnsan evində valideyn, iş yerində məmur, yolda sərnişin və s. rollarını cəmiyyətin ondan tələb etdiyi şəkildə yerinə yetirməldir. Bütün bunların öhdəsindən günümüzün şərtlərinə cavab verən bir təhsil sistemi ilə gəlmək olar. Bu səbəblərlə cəmiyyətin tələbatları yönündə təhsil sistemi dəyişir və dəyişməlidir.

      Ancaq unutmamaq lazımdır ki, daxili və ya xarici səbəblərlə baş verən sosial dəyişmələr hər zaman toplumun xeyrinə olmur. Bir sözlə: hər dəyişmə inkişaf deyildir. Toplumda baş verən dəyişmə planlı şəkildə, şüurlu, onun milli mentalitetinə və mədəniyyətinə uyğun olaraq gerçəkləşdirilməlidir. Burada bir daha təhsilin əhəmiyyəti ortaya çıxır. Məhz təhsil və təlim-tərbiyə vasitəsi ilə cəmiyyətin ictimai şüuru və davranışları müsbət yöndə dəyişdirilə və istənilən yönə istiqamətləndirilə bilər.

      • Hits: 798 clicks

      Tecox component by www.teglo.info