Bərati Almaq Üçün / Ahmet TAŞGETİREN

      Share

      Rəcəbin ilk cümə gecəsi Rəqaib, 27-ci gecəsi Merac, Şabanın 15-ci gecəsi Bərat, Ramazanın 27-ci gecəsi Qədr və 12 Rəbiüləvvəl Mövlud...

      İnsanlar gecələr və gündüzlər içində axmaqdadırlar... Haraya?

      “Yovməizin...” Quranın işarə etdiyi “O gün”ə, “insanların dünyada etdiklərinin özləri­nə göstərilməsi üçün qəbirdən çıxarılacaqları”, “qəlblərdə gizlənənlərin ortaya çıxa­cağı”, “üz­lə­rin qaralacağı və ya ağaracağı” “O gün”ə...

      İslamda xüsusi günlər və gecələr var.

      Hər günün gündüzünü və gecəsini əhatə edən 5 vaxtı çox özəldir. Müsəlman olmağın təməl şərtlərindən olan və “dinin dirəyi” dediyimiz namaza durduğumuz zaman, günün o na­ma­­za düşən anı xüsusi bir andır.  

      Ayrıca gəcələrə dəvət edəcəyimiz “təhəccüd” namazı gecələrimizi dərinləşdirəcək, ona xüsusi məna verəcəkdir.

      Cümələr özəldir.

      Hər ilin bir ayı demək olan Ramazan günləri özəldir.

      Ömrümüz boyu bir dəfə içindən keçib iliklərimizə qədər hiss edəcəyimiz Həcc günləri özəldir.

      Bütün bu özəl günlər içində bir də özəl gecələr vardır…

      Qədr gecəsinin adına xüsusi bir surə enmiş. Min illik bərəkət yüklənmişdir Qədr gecəsinə…

      Quranda başqa bir gecə də tərif olunur. “Rəbbin buyruğu ilə hər bir hikmətli işin ay­rıl­dı­ğı… Mübarək bir gecə…” (əd-Duxan, 2-4)

      Ayədə qeyd olunan gecə Rəsulullah (s.ə.s)-in Şabanın 15-ci gecəsinə etdiyi işarədən də yola çıxaraq müfəssirlər tərəfindən “Bərat gecəsi” olaraq anlaşılmışdır.

      Əlbəttə, ən doğrusunu Allah bilir, amma “hər bir işin ayrıldığı” tərifi ilə “Bərat”ı anla­maq mümkündürsə, ortaya çıxan mənanı belə ifadə etmək mümkündür:

      İnsanın etdiyi əməllərin qiyməti bu gecədə müəyyənləşdirilir. Əməllərin yaxşısı pisindən ayrılır. İnsanın müsbətləri və mənfiləri bir-birindən ayrılır. Hər biri öz qovluğuna qoyulur. Ən sonda layiq olanlar üçün “Bərat” verilir.

      Bildiyimiz bir şey var ki, insanla bağlı son dəyərləndirmə məhşər günü ediləcəkdir. Böyük hesab o gün olacaqdır. Yaxşı əməllərin pislərdən ayrılması mütləq mənada o gün həyata keçəcəkdir. Əcəba, o gün gəlməzdən əvvəl dünya həyatında ikən, belə bir özəl gecədə keçən bir ilin hesabı aparılmaqda və insanın həyat kitabı Məhşər zamanına yönəlik olaraq cildlər halında toplanmaqdadırmı?

      Və insan övladı hər il bir “Bərat” alıb-almama ilə qarşı-qarşıyadırmı?

      Və insana “Burada ala bilmədiyin bəratları əbədi dünyada da ala bilməzsən” kimi bir xəbərdarlıq edilməkdədirmi?

      Ümid edə bilərik ki, sonsuz rəhmət sahibi Allah insana son nəfəsinə qədər bir qurtuluş ipi uzatmaqdadır. İnsana ömrü boyunca göndərilmiş olduğu bu dünya imtahanından müvəffəq çıxması üçün fürsət üstünə fürsət verməkdədir.

      Gündüzlər boyunca… Gecələr boyunca…

      Sanki davamlı olara “Gəl” deyilməkdədir.

      Bu gecələr, günlər hər il gəlir. Hər birinə xüsusi mənalar yüklənmiş. Hansınasa mübarək deyilmiş, hansınasa “min illik bərəkət” izafə edilmiş…

      Sanki “Əgər gündüzlərdə qeyb olmusansa, gecələrin dərinliyində ara özünü”, “Günlər içində qeyb olusansa, aylar içində, illər içində ara özünü” deyə bir nida əks-səda verir üfüqlərdə.

      Mütləq mənada hesablaşma Bərat gecəsi deyildir. Bərat gecəsi əməllərin bir-birindən ayrılması sonuncu ayrılma deyil.

      Amma bu da bəllidir ki, bütün günləri namazsız tükətmişsək, bütün Bərat – Merac – Qədr gecələrini puç etmişsək, Ramazanları, cümələri qurtuluş vəsiləsi halına gətirməmişsək, Məhşər günü “Bərat” almaq da mümkün deyildir.

      Məhşər günü alınacaq “Bərat”ın hazırlığı bu günlərin içindədir.

      Üzərində nəfs kimi dəhşətli bir gücün yönləndirici təsirini hiss edən, bu səbəblə də uzun bir ömrün tarazlığını qorumaqda çətinlik çəkəcək olan insan üçün sanki “hesablaşma dayanacaqları” qoyulmuşdur bu dünyada. Bunlar arasında “Bərat” gecəsi Məhşər gününü insan həyatına daşıyan ən xəbərdaredici dayanacaqlardan biridir…

      Sanki hər il insana “dosyen hazırmı?” sualı verilir.

      - Dosyenə bax, dosyenə bax, dosyenə bax! Bir gün mütləq baxılacaq olan dosyeni unutma. Bir gün mütləq və bütün aləmin hüzurunda baxılacaq olan dosyendə utanılacaq şeylər olmaması üçün bu gündən göz at dosyenə və hesabını düzgün et.

      Bəlkə “Bərat gecəsi”nin mahiyyətini anlamaq üçün Quranın məhşər və qiyamətlə bağlı surələrini bir daha oxumaq lazımdır. Bu gecə bir “Məhşər aydınlığı” ürpərtisi yaşamaq lazımdır.

      Allahın hüzuruna çıxarılacaq bir dosyedə nələrin olması gərəkdiyi xüsusunda böyük bir həssasiyyət göstərmək lazımdır.

      Hər ilin “Bərat gecəsi”nin səhərində, yer üzündə bir bəyazlıq hiss edəcək, içimizdə dərin bir fərəhin əsintisini duyacaq hazırlığımızın olması lazımdır.

      Bunun üçün də “bir müsəlmanın həyat dosyesi” üzərində dərin düşünmək lazımdır.

      Namazlarımız, oruclarımız, həcc və zəkatımız nə haldadır?

      Günahlarımızın vəziyyəti?

      Tövbələrimiz?

      Tövbə edərkən günah atəşi içimizi yandırmışmı? 

      Dualarımız nə haldadır?

      Bir il ərzində Rəbbimiz bizi hansı hallarda gördü?

      Həyat filmimizi yenidən seyr etdiyimizdə utanclarımızmı böyük olacaq, sevinclərimizmi?

      “Bərat gecəsi”ndə sanki bütün bunların Allah tərəfindən bir-birindən ayrıldığını düşünərək ertəsi gün yeni bir qərarla nəfəs almağa başlamaq lazımdır.

      “Bərat gecəsi” Ramazandan 15 gün əvvələ rastlayır. Bu da Rəbbin bir “hikmətli əmr - iş” idir hər halda. Məhşər atmosferi peşmançılıq atmosferidir. “Rəbbim, mənə bir gün ver, mənfiləri müsbət edim” demə zamanıdır. Məhşərdən dönüş yoxdur. Halbuki bir mənada “Həyat məhşəri” demək olan “Bərat gecəsi”ndə həyatımızın bütün mənfi və müsbətlərini görə bilmə və içimizdə məhşərdə olduğu kimi bir peşmançılıq yarada bilmə özəlliyini təmin edərsək, bizə Ramazan kimi bir təmizlənmə mövsümü ikram edilir.

      Əgər həyat dosyemizdə Rəbbin hüzuruna qoyula bilməyəcək vəsfdə görüntülər varsa, Ramazanın mənəvi iqlimində dosyelərimizi onlardan təmizləmə imkanı əldə etmiş oluruq. Günahlar bizi yandırmadan günahların yandırılacağı bir mövsümdür Ramazan. Xeyir əməllərimizin zədələrini təmir edəcəyimiz mövsümdür Ramazan. Yaralı könüllərlə bir olub cənnət pəncərəsi açacağımız mövsümdür Ramazan. Və ya Bərat gecəsində bərat ala bilməmişsək önümüzdə açılan yeni bir qapıdır Ramazan.  

      “Summə lətusəlunnə yovməizin aninnnəim… O gün verilən bütün nemətlərdən hesaba çəkiləcəksiniz.” (ət-Təkasur, 6)

      O gün!

      Nə üçün bu gün olmasın?

      O gün, görəsən bu gün olsaydı necə olardı?

      Yaxud bu Bərat gecəsi o gün olsaydı?

      Dosyelərimiz hazır idimi?

      Gələn il “Bərat gecəsi”nə yetişmək, bir Ramazan daha yaşamaq, yəni Məhşər səfərinə çıxmazdan əvvəl hesabları bir daha gözdən keçirmək və varsa borcları ödəmək mümkün olacaqmı?

      Hər Bərat gecəsi önünüzdə bir Məhşər kimi durur…

       

       

      • Hits: 799 clicks

      Tecox component by www.teglo.info