Təfriqə Yoxsa Qardaşliq ? / Hacı Arif HEYDƏROĞLU

      Share

      Əziz oxucular! Bu dəfəki  yazıma sizlərə adi bir sual verərək başlamaq istəyirəm. Sizcə bir maşını bütün təfərruatı  ilə tanıyır? Əlbəttə, onu düzəldən usta, elə deyilmi?

      Elə isə, bizi yaradan kimdir? Allah! Onda bizi ən yaxşı bilən kimdir? Təbi ki, Allahdır!

                  Buna görə də Yaradanımızın  Müqəddəs Kitabında bizə ünvanladığı əmrlərin bəzilərini gəlin bərabər oxuyaq və düşünək.

      Rəbbimiz buyurur:

      “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!...” (Ali-İmran, 103)

      “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın!...” (əl-Ənam,153)

       “Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin!...” (əl-Ənfal, 46)

      (Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın!...” (Ali-İmran,105)

                  Deməli, bizi bizdən daha yaxşı tanıyan uca Rəbbimiz dünyada xoşbəxt yaşamağımız üçün gözəl qaydalar qoymuşdur. Əcəba, biz bu əvəzsiz həyat düsturlarına nə zaman əməl edəcəyik?..

                  Bir-birimizi nə qədər günahlandıracağıq? Həmişə özümüzün haqlı olduğu zənnindən nə zaman qurtulacağıq? Bu dünyada bizdən başqa insanların da yaşadıqlarının fərqinə niyə varmırıq? Birlik və bərabərliyə nə üçün can atmırıq? İnsanları yaxınlaşdırmağa, cəmiyyəti birləşdirməyə, İslamı gurlaşdırmağa nə üçün səy göstərmirik?

                  Etiraf etmək lazımdır ki, bizdə bir hal var. O hal ki, bizi içindən çıxılmaz vəziyyətə salıb...

                  Bu gün İslam dünyasında hökm sürən təfriqəçiliyin bir çox səbəbi vardır. Bunlardan bir neçəsinə radikal islamçılıq, fanatizmə aparan məzhəb təəssübkeşliyi, milliyyətçilik və ya qövmiyyətçiliyi misal verə bilərik.

                   

      Müsəlmanların birliyini necə təmin etmək olar?

      Bu barədə Professor Yusif əl-Qərdavinin çox mühüm təsbitləri var. O, deyir:

      Müasir zəmanəmizdə bu məsələ ilə bağlı bir çox çətinliklər var. Ancaq bu çətinliklərin dəf edilməsi imkansız deyil. Bu mənada tədrici bir üsuldan istifadə edilə bilər. İlkin olaraq mədəniyyətlərin bir-birinə yaxınlaşdırılması ilə bir addım atıla bilər. İqtisadi sahədə əlaqələr gücləndirilə bilər. Rabitə və mətbuat sahəsindəki iş birliyi ilə İslam ölkələri xalqları bir-birləri haqqında daha doğru xəbərlər əldə edə bilərlər. Hər sahədə həmkarlıq edərək çox güclü əlaqələr qurmaq olar. Bu cür yaxınlaşmalar həmrəyliyə irəliriləmə mərhələsində də birliyə çevrilə bilər. 

      “Vətən Qardaşlığı”

      Vətəni paylaşan insanlar arasında bir bağ meydana gəlir. Buna “vətən qardaşlığı”deyə bilərik. Demək olar ki, hər bir vətəndaş digərinin qardaşıdır. Bu qardaşlıq o vətənin fərdləri arasında köməkləşmə  və həmrəylik hüququnu lazımlı hala gətirir.

      Bəziləri qardaşlığın ancaq “din qardaşlığı” ilə mümkün ola biləcəyi, bu mənada başqa “qardaşlığın” imkansız olacağı düşüncəsi ilə bu “qardaşlıq” məfhumuna, qarşı çıxa bilər. Ancaq mən, “Həqiqətən, möminlər (dində) qardaşdırlar...” (əl-Hucurat, 10) ayəsi, Peyğəmbərimizin “Müsəlman müsəlmanın qardaşıdır” şəklində olan və buna bənzər ayə və hədislərin “vətən qardaşlığı, insanlıq qardaşlığı” kimi digər başqa “qardaşlıqlara” mane olmayacağı qənaətindəyəm. (Altınoluk jurnalı, Dekabr 2007)

      Bu dünya hamıya yetər. İnsanlar dava-dalaşı, ayrılığı tərk edib qardaşlığa doğru yol tutub müsəlman kimi yaşamalı, əməlisaleh işlər görməlidirlər. Çünki ayeyi-kərimədə buyurulur:

      Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (əl-Hucurat, 13)

      Hacı Arif HEYDƏROĞLU

      haciceylan@yahoo.com

       

      • Hits: 815 clicks

      Tecox component by www.teglo.info