155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Allaha Borc Vermək / Mehman İsmayılov

      Share

      Qərzi-həsən maddi və mənəvi qarşılıq gözləmədən sırf Allah rizası üçün bir insanın başqa bir insana ehtiyacı olduqda əşya, mal ve nəqd pulu borc verməsidir.

      Qurani-Kərimdə məcazi olaraq Allaha gözəl bir şəkildə borc (qərzi-həsən) verən şəxsə bunun qat-qat artığının ödəniləcəyi xəbər verilir:

      Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?!” (əl-Bəqərə, 245)

      Allahın çıxmasını təqdir etmədiyi bir can necə ki, sahibi illərlə müharibə meydanında döyüşlərdə iştirak etsə belə, bədənindən çıxmazsa (yəni müharibədə ölməzsə) mal da belədir. Allah yolunda xərcləndi deyə yox olmaz. O, Allaha verilmiş qarşılıqsız borcdur. Allah təala ondan qat-qat artığını geri verər. Yəni dünyada mal, bərəkət, xoşbəxtlik şəklində, axirətdə isə yenə xoşbəxtlik, cənnət neməti və Allaha yaxınlıq dərəcəsi olaraq qarşılığını verər.

      Maidə surəsində də:

      “Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm.” (əl-Maidə, 12) buyurularaq Allah yolunda borc verənlərin günahlarının üstünün örtüləcəyi bildirilir.

      Bir sədəqənin qərzə-həsən vəsfini qazana bilməsi üçün halal maldan, malın ən yaxşısından, açıqdan verilməsi caiz olmaqla birlikdə gizli olaraq, borc verilən şəxsə minnət qoymadan və sırf Allah rizası üçün verilməsi lazımdır.

      Quranda qərzi-həsənin, faizi qadağan edən ayələrdən sonra gəlməsi, onun faizə alternativ olduğunu göstərir. Kasıbları istismar etmə əsasına dayanan faizin yerini, qardaşlıq duyğuları ilə bəslənən qərzi-həsənin alması toplumda sevgi ve yardımlaşma şüurunu yerləşdirir. Ancaq unudulmamalıdır ki borc alan şəxs vaxtı çatanda borcu ödəməli, qarşı tərəfin gözəl niyyətindən sui-istifadə etməməlidir. Borc verən şəxsin də, borclunun həqiqətən çətin vəziyyətdə olduğunu gördükdə, borcun qaytarılmasını təxirə salması, hətta borcu tamamilə silməsi, Quranın bizə bildirdiyi fəzilət əsaslarındandır. Belə ki, Quran bu haqda buyurur:

      “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (əl-Bəqərə, 280)

                  Ayədəki prinsiplər toplumda birlik və bərabərliyin qorunmasında çox önəmli yerə sahibdirlər.

      Hədislərdə də qərzi-həsən mövzusu üzərində çox durulmuşdur. Bir hədisdə sədəqəyə on qat savab verildiyi halda borc verməyə on səkkiz qat savab verildiyi (İbn Macə, Sadaqat 19) bildirilmişdir.

      Qərzi-həsən, mənfəət düşünmədən, xeyir üçün borc vermək olduğundan, borc vermək istəyən kəs, borcu ehtiyacı olan yaxşı bir müsəlmana verməlidir. Borc verən müsəlman bu hərəkəti ilə cəmiyəttə hər yöndən fayda vermiş olur. Beləliklə cəmiyyətin iqtisadi və sosial təməlləri arasında əlaqə qurulur, insanlar iqtisadi həyatda dürüst olmağa çalışırlar.

      Nəticə olaraq deyə bilərik ki qərzi-həsən müəssisəsi siniflərarası barışın təminatıdır. Zənginlər ilə ehtiyac içində olan kasıbları bir-birinə yaxınlaşdıran, aralarında sevgi və hörməti yerləşdirən və ictimai barışın təminində böyük rol oynayan çox faydalı və xeyirli bir qurumdur.

      • Hits: 687 clicks

      Tecox component by www.teglo.info