Bu da keçər, Ya Hu!

      Share

      Hər varlıq ziddində gizlidir. Hər gecənin bir sabahı, hər qışın bir baharı vardır. Gündüz və gecə birlikdə bir gün edər. Yazla qış birlikdə bir il edər.

      Bəzən baharı düşünüb xəyallar qurarkən acı bir soyuq soldurar qönçə gülləri. Bir anda əllər boşalar, xəyallar qaralar, ümidlər tükənər. Yaxud da qaranlığın qoynunda parlayan bədirlənmiş ay gün kimi aydınladar gecəni. Cəhalətin zülmətinə nur haləsi düşər və bütün aləm nura qərq olar. İnsan oğlu durmadan baharı xəyal etsə də əhli-irfan nə baharın, nə də qışın baqi olmadığını bilir. Nə gecə, nə də gündüz baqidir. Nə cəhalət, nə də əsri-səadət baqidir. Hər nəfs fanilik şərbətini içər və yalnız O qalar. “Bu da keçər, Ya Hu” sözünün dərinliklərində olan gizli məna da budur. Bu münasibətlə əhli-irfanın öncə qəlbində, sonra evinin qapısında bu lövhə asılıdır.

      Fəlakət və məşəqqətlər qarşısında səbir etmək, mətanəti qorumaq mənasında istifadə olunan bu gözəl söz, eyni zamanda rifah içində yaşayarkən də yaddan çıxarılmamalıdır. Bu sözün ilk qismi olan “Bu da keçər” təbiri dünya həyatını ifadə edir. “Ya Hu” qismi isə Allahı və həqiqi mənada Onun baqi olduğunu ifadə edir. Bu sözün həqiqətinə vaqif olan əhli-irfan özlərinə verilən dünya nemətlərinin və ya çətinliklərin bu dünya kimi baqi olmadığını və davamlı dəyişdiyini bildikləri üçün nə nemətin sərxoşu olmuşlar, nə də çətinliklər qarşısında üsyan etmişlər. Eşq dəryasına dalan və Allahdan başqasını görməyən Yunusun dilindəki VAR yalnız YARdır. Onun nəzərində dünyanın varlığı ilə yoxluğu, aclığı ilə toxluğu, azlığı ilə çoxluğu birdir:

      Ne varlığa sevinirim

      Ne yokluğa yerinirim

      Aşkın ile avunurum

      Bana seni gerek seni

      Bu duyğulara sahib olan müsəlman təslimiyyəti yaşamış olur. Nə var-dövlət, nə də yüksək məqamlar onu sərxoş edər. Nə də çətinliklər qarşısında ümidsizliyə düşər. Lakin bunun fərqinə varmayanların sayı çoxdur. Var-dövlətin əsiri olanlar, yaxud nəfsini ilahlaşdıranlar azdırmı? Öncə varlıq çərçivəsindən baxıb düşünək: Sağlığımızı, sahib olduğumuz məqamı, yediklərimizi, dostlarımızı, ailəmizi, mühitimizi və etdiyimiz xidməti… Sonra yoxluq çərçivəsindən baxaq: Xəstəxanalara getdiyimiz ağrılı anları, iş axtardığımız günləri, pulsuzluq üzündən çəkdiyimiz acıları, qəlbini qırdığımız və halallıq istəmək imkanımızın qalmadığı dostlarımızı… Bütün bunlar imtahandır və kimin necə qazanacağı bəlli deyil. Həqiqəti bilən Allahdır.

      İrfan əhlinə görə: Şəriətdə sənin malın sənin, mənim malım mənim. Təriqətdə sənin malın sənin, mənim malım da sənin. Həqiqətdə isə nə sənin, nə də mənim.

      Bu sözün hekayəsini birlikdə oxuyaq: Bir dərviş uzun səfərdən sonra bir kəndə gəlir. Ona gecələmək üçün yer verəcək adam axtarır. Hər kəs Şakir adlı zəngin bir adamın evini göstərir. Kəndin ikinci zəngin adamı isə Haddad adlı bir adamdı. Şakirin yanına gedən dərviş yüksək səviyyədə qarşılanır. Yola çıxarkən “Var-dövlətin üçün şükür et!” –deyən dərvişə şakir bunu söyləyir: “Heç bir şey olduğu kimi qalmaz. Bəzən görünənlər əsil gerçək deyildir. Bu da keçər...” Dərviş uzun-uzadı düşünür. Bir neçə ildən sonra dərvişin yolu yenə eyni kəndə düşür. Şakiri ziyarət etmək istər. Şakiri soruşduğu kəndlilər: “Sənin dediyin Şakir müflisləşdi. Haddadın yanında işləyir” deyə cavab verirlər. Dərviş Şakiri tapır, görüşür. Sel fəlakətindən bütün mal-qarasını tələf olan Şakir yoxsulluq içində yaşayır. Yenə də dərvişlə yeməyini paylaşır. Dərviş gedərkən Şakirin halına acıdığını söylər və yenə bu cavabı alır: “Unutma, bu da keçər...” Yeddi il sonra dərviş yenə o kəndə gəlir. Eşitdiklərinə inanmır. Haddad bir neçə il əvvəl ölmüş, ailəsi olmadığı üçün var-dövlətini ən sadiq xidmətçisi və dostu Şakirə bağışlamışdır. Dərviş bölgənin ən zəngin insanı olan Şakiri görür və çox sevindiyini söylər. Yenə eyni cavabı alır “Bu da keçər...”

      Bir müddət sonra dərviş yenə Şakiri axtarır. Ona bir təpəni göstərirlər. Təpədə şakirin məzarıı, üstündə də bunlar yazılıdır: “Bu da keçər!” Ölümün nəyi keçər, deyə düşünən dərviş ertəsi il Şakirin məzarını ziyarət etmək üçün gəldiyində nə təpə görür, nə məzar. Böyük bir sel Şakirin məzarı ilə birlikdə təpəni yuyub aparmışdır...

      Hünər Baqi ilə əbədiləşməkdir.    

      • Hits: 857 clicks

      Tecox component by www.teglo.info