155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Təmizləmə Siyasəti, Yoxsa Böyük Xəyallar? / Dr. Abbas QURBANOV

      Share

      Soyqırım bir millətin və ya xalqın mövcudluğunu sual altında buraxan, istər müharibə, istərsə də sülh şəraitində körpələrin, qadınların və qocaların - bir sözlə, günahsız insanların  kütləvi şəkildə qətlidir.

       Tarixi salnamələrdə belə hadisələrə sıx-sıx rast gəlmək mümkündür. Tarixə nəzər saldıqda görərik ki, soyqırım hadisələri millətlərin gələcəyində yaralı izlər buraxaraq, maddi-mənəvi dəyərlərində büdrəməyə və geriləməyə səbəb olmuşdur. Soyqırıma məruz qalan bir çox millətləri göstərə bilərik ki, bu hadisə onların genofonduna ciddi təsir göstərmiş və nəticədə nəslin azalmasına, yaxud tamamilə yox olmasına səbəb olmuşdur. Avropalıların Amerikanı kəşfi ilə başlayan barbarlıqları yerli xalqların kütləvi qətlləri ilə davam edərək, onların mövcudluğunu sual altında qoymuşdur. Soyqırıma məruz qalan hindular az bir müddət ərzində ciddi itkilərə məruz qalsalar da, varlıqlarını qoruyub dağlara, yamaclara sığınaraq həyatlarını davam etdirə bilmişlər.

      Bu tarixi həqiqətləri Afrika və Uzaq Şərq ölkələrinin tarixi salnamələrində də müşahidə edə bilərik. Şərqi bəyənməyən və şərq millətlərini barbar kimi görən avropalılar Afrika xalqlarını misli görünməyən vəhşiliklərlə istismar edərək, onların maddi-mənəvi dəyərlərini mənimsəyib onlara qarşı mərhələli soyqırım törətmişlər. XIX əsrdə fransızların Əlcəzairdə törətdikləri kütləvi qətllər məhz soyqırım mahiyyəti daşıyırdı. Belə soyqırım hadisələrini yaxın tarixdə də görmək mümkündür. Yəhudilərin iddia etikləri 6 milyon yəhudinin alman faşistləri tərəfindən qətli ilə əlaqədar soyqırım hadisəsi XX əsrin ən dəhşətli və amansız  hadisəsi kimi tarixdə iz buraxmışdır.

      XX əsr Azərbaycan tarixində qanlı səhifələrlə yaddaşlarda iz buraxmışdır. Hər zaman məkrli və düşmənçilik iddiaları ilə yaşayan, başqalarına aid milli-mənəvi dəyərlərə sahib çıxan, özününküləşdirən, qondarma soyqırımla dünyada özünü yazıq kimi göstərən mənfur ermənilər dəfələrlə Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etmiş, minlərlə insan qanı töküb torpaqlarımızı qəsb etmişlər. 1905-ci ildə törətdikləri kütləvi qətllər 1918-ci ildə geniş vüsət alaraq soyqırım səviyyəsinə qalxmışdır. Minlərlə körpənin, qadının və yaşlı insanların kütləvi qətli Lənkəranda, Ağdaşda, Göyçayda, Şamaxıda, Qubada və Bakıda qeydə alınmışdır.

      Amma ermənilər bütün bu hadisələrin əksini söyləyərək 1915-ci ildə türklər tərəfindən soyqırıma məruz qaldıqlarından və bir milyon erməninin qətlindən bəhs edirlər. Heç bir əsası, sübutu olmayan bu iddialarla erməni lobbisi bütün dünyada özlərini soyqırıma məruz qalmış, haqsızlığa düçar olmuş məzlum xalq kimi tanıtmağa nail olmuşlar. Türkiyə Respublikasının arxiv və tədqiqat mərkəzlərini ermənilərin və dünya xalqlarının üzünə açıq elan etməsi və onların iddia etdikləri qondarma soyqırım hadisəsinin həqiqətdə olub-olmamasının ortaya çıxması ilə bağlı dəfələrlə beynəlxalq aləmə müraciət etmələri, ermənilərin isə buna məhəl qoymayaraq, şər və yalan üzərində qurduqları əsassız iddiaları üçün açıq qapıları bağlaması, əslində, bu qondarma soyqırımın əsassız olduğunu ortaya çıxarır. Ancaq ermənilərin “böyük erməni dövləti” xülyası heç bir zaman onları bu çirkin istəklərindən uzaqlaşdırmamışdır. Onlar mərhələli şəkildə bir az da irəli gedərək Azərbaycana qarşı yeni strategiyalarını müəyyənləşdirib, yeni iddialarla Azərbaycan torpaqlarına soxulmuşlar. Hətta heç bir dövlətə və dövlətçilik ənənələrinə sahib olmadıqları halda, Azərbaycan torpaqlarını qəsb edərək öz dövlətlərini qura bilmişlər. Bununla kifayətlənməyən ermənilər yeni-yeni iddialarla beynəlxalq aləmə atılaraq haqlı olduğumuz halda, bizi haqsız vəziyyətə düşürürlər.

      Digər bir fakt: Naxçıvan torpaqlarının onlarla heç bir əlaqəsi olmadığı halda, Moskvanın mərkəzində inşa etdirdikləri erməni kilsəsinə Naxçıvan adı verən emənilər bu torpaqlara da iddialı olduqlarını göstərirlər. İndi Yerevan adlandırdıqları Qərbi Azərbaycanın qədim şəhəri olan İrəvan bizim olduğu halda niyə dünya arenasında Qərbi Azərbaycan və İrəvan iddiası ilə çıxış etməyək? Niyə haqq səsimizi dünyaya çatdırmayaq? Bu, bizim haqqımız deyilmi? Nə üçün  həmişə biz haqlı olduğumuz halda hücumda deyil, müdafiə mövqeyində hərəkət etməliyik? Son illər Azərbaycanın haqq səsinin dünyanın nüfuzlu tiribunalarından eşidilməsi, artıq müdafiə mövqeyi deyil, hücum mövqeyindən çıxış etməsi bu istiqamətdə atılmış dövlət siyasətinin uğuru hesab edilə bilər.

       

      • Hits: 858 clicks

      Tecox component by www.teglo.info