Kəlbəcərə Qonaq Gələcəyəm... / Rövşən QƏNİYEV

      Share

      Ümumiyyətlə, həm BMT Baş Məclisində «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» qətnaməsinin qəbul olunması ilə bağlı, həm də Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tənzimləyən

       ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti və neft uğrunda Azərbaycan üçün yaradılmış “Qarabağ düyünü”nün açılmasında ikili standartların yeridilməsi haqqında analitik bir məqalə yazmaq fikrindəydim. BMT kimi mötəbər təşkilatın münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin indiyədək niyə yerinə yetirilmədiyi, münaqişənin sülh yolu ilə tənzimlənməsində beynəlxalq ictimaiyyətin niyə görə passiv tamaşaçı mövqeyi tutması, konfliktin həlli üçün desturuktiv mövqeyinə görə işğalçı Ermənistana beynəlxalq təzyiq imkanlarından niyə istifadə olunmadığı, Azərbaycan tərəfinin işğaldakı torpaqlarını azad etmək üçün lazım gələrsə müharibə yolun da istifadə edəcəyini bəyan etməsinin işğalçı ermənilərlə yanaşı daha kimləri və niyə narahat etdiyini və s. kimi mövzuları ələ almaq istəyirdim.

      Tələbəlik illərindən tanıdığım və erməni təcavüzü nəticəsində cismən tərk etdiyi, lakin özü demişkən hər gecə yuxularında ev-ev, məhəllə-məhəllə gəzdiyi, səfalı təbiətində ləzzətini duyduğu, sıldırım qayalıqlarına, quşqonmaz zirvələrinə dırmandığı füsunkar Kəlbəcərdən məcburi köçkün düşmüş dostumla təsadüfi bir söhbət, məni bu fikirdən yayındırdı. Guya yazsam nə dəyişəcək? BMT-dən, ATƏT-dən, Rusiyadan, ABŞ-dan, Fransadan, Qərbdən, ikili standartlardan, ədalətsiz dünya ictimaiyyətindən gileylənirik, nə dəyişir?! Onsuz da ATƏT-nin Azərbaycana nə normal Təhlükəsizlik, nə də normal Əməkdaşlıq effekti var. BMT verdiyi çeklərin zibil yeşiyinə tullanmasına sakitcə baxan soyuqqanlı satıcıya bənzəyir.

      Bir gün dostumu zəmanənin ecazkar ixtirası olan internetdə Google Earth proqramı vasitəsilə Kəlbəcərin peykdən çəkilmiş görüntülərinə baxarkən gördüm. Çox yaxın keçmişə aid olan “Kəlbəcərdə” mənə boya-başa çatdığı evin, təhsil aldığı məktəbin, qohum-qonşunun evlərinin, ermitirajdan sonra sovet dövründə eksponatlarına görə dünyanın ən zəngin ikinci müzeyinin xarabalıqlarını, rəhmətlik atasının uyuduğu qəbiristanlığı, Kəlbəcərin qızıl mədənlərinin yerini və işğaldan sonra burada ermənilərin yerləşdirdiyi hərbi bazaların, silah-sursat anbarlarının yerini göstərdi.

      Dünya gözüylə Kəlbəcəri görməsəm də bilirəm ki, yer üzünün cənnətidir. Həmsöhbətim yer üzünün bu cənnətindən elə iştahla, eyni zamanda ürək ağrısı və həsrətlə danışırdı ki, elə bildim Kəlbəcərdə gəzirəm. Düzdür, dostumun ixtisası pedaqoq olduğuna görə təsvirli və obrazlı nitqi güclüdür. Lakin məni şok vəziyyətinə salan onun təsvir qabiliyyəti yox, gənc yaşda  daşıdığı nisgil, doğma el-oba həsrəti, yurd yanğısı idi. Birdən özümü onun yerinə qoydum və dəhşətə gəldim. Düşünün, adamın el-obası pərən-pərəndir, yudsuz yaşayır.

      O, danışır... Gözündə o yerləri təkrar görə bilmək nisgili, uşaqlıq hafizəsinə həkk olmuş evlərini yenidən görmək kədəri ümidə qarışır... Gözləri işıldayır. Kövrəlmiş halda: “Hər şeydən imtina edərəm, yetər ki, Kəlbəcərdə viran olmuş evimizi öz əlimlə qurum, atamın məzarı başında dualar oxuyum.”-deyir və baxışlarını bir nöqtəyə zilləyir. Bu baxışlarda Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların və ictimaiyyətin biganəliyinə bənzər bir ümidsizlik sezilsə də, Azərbaycan prezidentinin işğal olunmuş ərazilərimizin geri qaytarılmasına qətiyyətinə, bu qətiyyətin əsasında duran regionda iqtisadi inkişafına görə lider olan Azərbaycanın qüdrətinə və nəhayət onun kimi bütün məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtmaq istəyinə bənzər bir ümid var.

      Əziz dostum, ümid öldüyündə yaşamağın da mənası qalmır, məhz buna görə bir çoxlarımız ümidimizi itirməmişik. Ona görə ümidvarıq ki, biz xalq olaraq, dövlət olaraq Qarabağı və Azərbaycanın ərazi bütövlüyünü heç vaxt danışıqlarda müzakirə obyetki etməyəcəyik. Müvəqqəti işğalda olsa da Qarabağ bizimdir, Kəlbəcər bizimdir. Onun azadlığı uğurda gözünü qırpmadan öləcək oğullarımız çoxdur. Ona görə ümidvarıq ki, şəxsiyyətində Kələbəcər kişisinin məğrurluğunu, şeiriyyatında Kəlbəcər insanının mənəviyyatını yaşadan, “Yurd itirən bay olmaz”-deyərək  Kəlbəcər itkisini qəbul etməyən, “O Kəlbəcər qayıtmaz-Qayıtsa yüz Kəlbəcər” naləsilə əvvəlki Kəlbəcər üçün burnunun ucu göynəyən Məmməd Aslanın, Dədə Şəmşirin vətənində hələ çox yubileylərini keçirəcəyik. 

      Bəli, əziz dostum, sizin tərəflərin insanı Azərbaycan xalqına məxsus qonaqpərvərliyilə seçilir. Bunu ən azı sənin timsalında deyə bilərəm. İnanıram ki, yaxın gələcəkdə mən sizin Kəlbəcərdəki evinizə qonaq gələcəyəm. Mən inanıram, sən də inan...      

      • Hits: 808 clicks

      Tecox component by www.teglo.info