O Gecə Səndin Gələn / Nurlan Məmmədzadə

      Share

      Adətən gecə saatlarında başlar doğum sancıları. Bu, bəlkə də dünyaya göz açacaq körpənin sabah doğacaq günəşi görmə istəyindən irəli gəlir. Ya gecələrə, ya da səhərə yaxın başlar doğum sancısı...

                  O da bir gecənin sabahına doğru dünyaya göz açdı. Lakin onun göz açdığı dünya ümid vermirdi yeni doğulan körpələrə. Hələ qız uşaqlarına...

                  Bəlkə də o gecə minlərlə adam vardı sabahı gözləyən. Əbu Cəhllərə, Əbu Ləhəblərə borcunu verə bilmədiyi üçün ciyərparasını, biricik övladını borc qarşılığında kölə vermək üçün sabahın açılmasını gözləyən atalar vardı sabahı gözləyən...

                  Və yenə analar vardı o gecə sabahı gözləyən. Yeməyib yedirdiyi, geyməyib geydirdiyi, boy-buxununa baxıb fəxr etdiyi biricik övladından gözünü çəkə biləməyən, ona sonuncu dəfə sarılan, sabahın açılmasını istəməyən analar...

                  Doğum sancısıyla dünyaya gələn körpələr vardı doğular-doğulmaz torpağa veriləcək. Qız olmanın suç sayıldığı bir toplumda sabahı gözləyən, ümidlə yeni günə can atan. Var olmağamı, ölüməmi tələsən məsum körpələr...

      Bir Darun-Nədvə vardı sabahı gözləyən. Yeni qərarlar almaq üçün, kimsəsiz, köməksiz insanları istismar üçün, dişsizləri yemək üçün sabahı gözləyən.  

                  ...Və bir körpə vardı sabahı gözləyən. Min illərdir yol gələn, uğruna canlar fəda edilən, yoluna Peyğəmbərlərin çiçək səpdiyi körpə. Bütün insanlığın, bütün kainatın zübdəsi. Hər gün doğan günəşin aydınlada bilmədiyi, kifayət qədər isidə bilmədiyi dünyanı nura qərq etmək üçün, isti nəfəsi ilə yetimləri, kimsəsizləri oxşamaq üçün sabahı gözləyirdi o da. Hələ o gecə baş verən hadisələr gələnin kimliyindən xəbər verirdi. Atası Allahın qulu, anası əmin qadın – Abdullah və Əminə. Allaha qul olmağın və dünyada əmin-amanlığı bərqərar etməyin yeni bələdçisi.

       

                  ...Və beş yaşlı bir körpə vardı sabahı gözləyən. Anasını Əbvada dəfn edib sadiq cariyəsi Ümmü Eymənlə Məkkəyə yola düşməyi gözləyən... Bəlkə də həyatda dərk etmə yaşına çatdıqdan sonra ilk acısını yaşayırdı və daha necə ağrı-acılara sinə gərəcəkdi yer üzündə ədaləti bərqərar etmək üçün. Bəlkə də Əminənin vəfatı ilə başlayırdı müdriklik libasına bürünməsi.

                  ...Altı yaşlı bir körpə vardı, ata əvəzi olan babası Əbdülmüttəlibsiz yeni günə başlamağı gözləyən.

                  ...Bir gənc vardı sabahı gözləyən. Şama gedən əmisinin önünü kəsib, dəvəsinin ovsarından yapışıb, “məni burda kimin ümidinə qoyub gedirsən?” deyəcəkdi. Sabahlarsa ümid vermirdi. Hər açılan səhər yeni bir kədər gətirirdi. Çünki ümid onun özü idi.

                  ...Qırx yaşlı bir adam vardı Hirada, sabahı gözləyən. Bu sabah hər zamankından fərqli gəlirdi. Bəşər vəsfinə peyğəmbərlik qatılacağından xəbərsiz, keçən qırx il ərzində ilahi proqramla o sabaha hazırlanan bir adam vardı Hirada...

                  Bir adam vardı sabaha qədər yatmayan, Səfa təpəsinə çıxıb qövmünə “Ey məkkəlilər, ilahınız birdir” sözünü söyləməyi gözləyən. Bəlkə dəfələrlə çək-çevir etmişdi necə deyəcəyini. Yaşlı Varaqanın “Sənin kimi peyğəmbərliklə göndərilən elə biri olmadı ki, qövmü tərəfindən çıxarılmasın” sözləri ilə bir az ümidsiz, lakin “And olsun ki, Rəbbin səni yalnız qoymaz” deyən Xədicənin təsəllisi ilə sakin və rahat.  

                  Bir adam vardı, qanlar içində Tafdən gəlib Məkkə yaxınlığında gecələyən. Yastığı qaya parçaları, yorğanı ulduzlu səma örtüsü... Sabahı gözləyirdi, himayədar axtarırdı doğma şəhərinə girə bilmək üçün...

                  Bir adam vardı mavəralardan gələn. Gətirdiyi Merac hədiyyəsini ümmətinə vermək üçün sabahı gözləyən...

                 

      Sabahı gözləyənlər hər zaman olmuşdur və hər zaman olacaqdır. Bu gün bir tərəfdə hər cür şeytani fikirlərin çıxış nöqtəsi olmaqdan Darun-Nədvə halına gəlmiş başlar var sabahı gözləyən, digər tərəfdə ümid dolu qəlblərimiz var. Onunla aydınlanmağa, onu dərk etməyə həsrət könüllər...  

                 

                         

      • Hits: 1039 clicks

      Tecox component by www.teglo.info