Sevgidən Yaranan Həsrət / Dr. Abbas QURBANOV

      Share

      Bəhs edəcəyimiz elə bir şəxsiyyətdir ki, o, bütün insanlıq üçün yalnız və yalnız bir rəhmət olaraq yaradılmışdır. Onun hansı xüsusiyyətlərə sahib olduğunu Allah Quranda belə bildirməkdədir:

      “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir”  (ət-Tovbə, 128)

      Hz. Peyğəmbər həyatda ikən könüllərdə çiçək açan sevgi və sevda onun vəfatı ilə həsrətə çevrildi. Səhabələr, xüsusən də Məkkə və Mədinədə yaşayan və ölümün bir həqiqət olduğuna heç bir şübhə olmadan inananlar, bir gün Peyğəmbər (s.ə.s)-in onları tərk edəcəyinə heç cür inanmaq istəmirdilər. Lakin zamanı gəlincə də, ona qarşı olan həsrət atəşi onları yandırıb kül etdi. Bu həsrətin gətirdiyi həyəcanla çöllərə düşdülər, Məkkə və Mədinəni tərk edib dünyanın dört bir yanına yayıldılar. Quran həqiqi Allah (c.c.) sevgisini qazanmaq üçün Hz. Peyğəmbərə (s.ə.s.) tabe olmağı şərt qoşmuşdur.

                  “(Ya Rəsulum!) De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhimlidir!” (Ali İmran, 31)

                  Yenə Quranda Allaha itaətlə yanaşı Peyğəmbərə də itaət əmr olunmuşdur. “Peyğəmbərə itaət edən kimsə şüphəsiz ki, Allaha itaət etmiş olur...” (ən-Nisa, 80)

      Bununla da Allah imanın ən yüksək səviyyəsinə çatmaq və onun ləzzətini hiss etmək üçün seçdiyi Peyğəmbərə həqiqi bir sevgi ilə bağlanmağı şərt qoymuşdur. Bu hal Peyğəmbərə olan sevginin qəlblərə həkk olunmasına gətirib çıxardı. Səhabələr onunla söhbət edərkən, ondan bəhs etdikdə və ona qulaq asdıqda həyəcanlanırdı. Bu həyəcan daxillərindəki sərhədsiz sevginin və hörmətin xaricdəki təzahüri idi.

      Onlar Peyğəmbər (s.ə.s)-in etdiyi bütün söhbətlərə tam diqqətlə qulaq asır və heç bir məsələ onları bundan yayındırmırdı. Sevgidəki sərhədsizlik onların Peyğəmbərə xitabən “Anan-atam sənə fəda olsun!” və ya “Canım sənə fəda olsun!” kimi ifadələrdən istifadə edərək ona olan bağlılıqlarının dərəcəsini göstərirdilər. Hətta bu sevgi elə bir səviyyəyə çatmışdı ki, bir çox səhabə nə vaxtsa ondan ayrı qalacaqlarına belə inanmırdı. Hətta bu sevginin onlarda həsrətə çevriləcəyindən xəbərsiz idilər. Bəziləri də haqq olan ölümü və hesab gününü düşünərək axirətdə ondan ayrı qalmağın belə həsrətini özləri üçün böyük bir dərt etmişdilər. Elə buna görə Peyğəmbər (s.ə.s) “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb 96) buyuraraq onların qəlblərinə az da olsa rahatlıq gətirmişdi. Peyğəmbər (s.ə.s)-lə bu dünyada bərabər olduqları kimi axirətdə də qonşu olmaq xəbəri onlara inanılmaz bir sevinc bəxş etmişdi.

                  Peyğəmbər (s.ə.s)-in insanların qəlbində yaratmış olduğu bu unudulmaz və əvəzolunmaz sevgi pöhrəsi onun vəfatı ilə həsrətə çevrildi. Bu həsrət elə bir səviyyədə idi ki, hətta Mədinə onları sıxmağa başladı. Ölümün haqq olduğunu bilən hz. Ömər belə: “Kim Məhəmməd öldü, deyərsə onu qılıncımla öldürərəm” -deyirdi. Onu görmədən bir gün belə dayana bilməyən səhabələr artıq onu bu dünyada bir daha görə bilməyəcəkdilər. Bu ayrılığa dözə bilməyən Abdullah bin Zeyd əllərini açaraq belə dua etmişdi: “Ya Rəbb! Artı gözlərimi dünya ışığından məhrum et! Mən hər şeydən çox sevdiyim Peyğəmbərimdən sonra artıq bu dünyada heç bir şey görmək istəmirəm!”

      Peyğəmbər (s.ə.s)-in baş müəzzini olan və hər zaman öz gözəl səsi ilə müsəlmanları namaza çağıran Bilal Həbəşi Mədinəni tərk elədi. Bir müddət Şamda yaşayan Bilal bir gün yuxuda Peyğəmbəri gördü. Peyğəmbər ona “Ya Bilal, məni ziyarət etmə zamanı gəlmədimi?” Bu yuxudan sonra eyni həsrətlə Mədinəyə geri qayıdan Bilal hz. Həsənin istəyini rədd etməyib, yanıqlı səsi ilə azan oxudu. Bütün Mədinə əhli bu səsi eşidincə “Rəsulullah gəldi” -deyə düşündü. Bu sevinclə də Mədinə küçələrinə axın edib onu bir daha görmək və bağırlarına basaraq həsrətlərinə son vermək üçün məscidə qaçdılar.

      Hz. Həsən kimi gənc səhabələr onun hilyə və şəmailini gözləri qarşısında canlandıra bilmək üçün Peyğəmbər (s.ə.s)-ə daha yaxın olanlardan onu təsvir etmələrini istəyərdilər. Bu rəvayətlərin günümüzə qədər gəlib çatması tarixin bütün zamanlarında Peyğəmbər (s.ə.s)-ə olan həsrətin bir nəticəsidir.

      Bu hadisədən yüz illər keçməsinə baxamayaraq Peyğəmbər (s.ə.s)-ə olan sevgi hissi öz təzəliyini və möhtəşəmliyini hələ də qoruyub saxlamaqdadır. Ona olan həsrət də sevgi ölçüsündədir. Çünki o, bütün kainatın özü və varlıq səbəbidir. Allahın bizə bəxş etdiyi bir hədiyyə və bizi ona aparacaq bir vasitədir. O, həyatımızın bütün sahələrində örnək alacağımız bələdçidir. İnşallah bu halımız bizi cənnətdə hovuz başında görüşdürəcək və onunla bərabər olacaq səviyyəyə çatdıracaqdır.

       

      • Hits: 1027 clicks

      Tecox component by www.teglo.info