Prof. Dr. H. Kâmil YILMAZ bəylə Mövlana haqqında danışdıq

      Share

      İrfan: İlk növbədə Azərbaycana xoş gəlmisiniz deyib belə bir sual vermək istəyirik: Sizin üçün Aərbaycan nə ifadə edir?

      Prof.Dr. H. Kamil YILMAZ: Bu sualın uzun bir cavabı var əslində. Qısaca olaraqsa bunu deyə bilərəm ki, on ildən artıqdır ki, hər il Azərbaycana gəlib-gedirəm. Yəni, buraları yaxından tanıyıram. Amma Allaha həmd olsun ki, hər il ayrı gözəlliklərlə qarşılaşıram. Zatən Azərbaycanla Türkiyə bir millət iki dövlətdir.

      Biz həm soydaş, həm dindaş, həm də qardaşıq. Buraya gəldiyimiz zaman evimizə, yurdumuza gəldiyimizi hiss edirik. Sizinlə birlikdə olmaqdan məmnunluq duyuruq. Biz bir ürək, bir könülük. Bağlı olduğumuz dinimiz, mədəniyyətimiz sevgi və qardaşlığı təlqin edir. Biz digər dinlərə və mənsublarına qarşı xoşgörüyü unutduğumuz zaman bunun nəticəsini ağır ödəmişik hər zaman.

      İrfan: Hocam, sizinlə Mövlana haqqında söhbət etmək istəyirik. Sizcə Mövlananın dünyamıza nə kimi təsiri olmuşdur.

      Prof.Dr. H. Kamil YILMAZ: Bu bir həqiqətdir ki, mədəniyyətlərarası münaqişələrin gündəmə gəldiyi dönəmlərdə humanist duyğuları təlqin edərək insanları birləşdirən və mədəniyyətlər savaşının önünə keçən uca dinimizin mənsubları olmuşdur. Bunların da başında hz. Mövlana və Yunuz Əmrə gəlir. Xüsusilə içində yaşadığımız çağın bəzi problemlərinə işıq tutması baxımından bu mövzuda bəzi şeylər söyləmək istəyirəm.

      Qəribə burasındadır ki, Mövlananın yaşadığı dövr (1207-1273) XIII-əsr mədəniyyətlərarası savaşın zirvəyə çıxdığı, İslam ölkələrinin və Qərbin ağır itkilər verdiyi bir dövrdür. Hz. Mövlana bu dağınıqlığın şəxsən şahidi olmuşdur. O, həm mədəniyyətlər savaşına bağlı olaraq xaçlı ordularının talan etdiyi Anadolunu görmüş, orada axan qanları və göz yaşlarını, həm də Monqol istilalarını və onların törətdiyi dəhşətləri müşahidə etmişdi. O, insanları bu boş qovğalardan uzaqlaşdıraraq İslami humanizmə dəvət etmişdir. Düşüncələrə xalq və Haqq sevgisini yerləşdirmişdir. O, könül iqlimindəki dirilişin, insan olmağın təməl şərtinin sevgi olduğunu 800 il bundan əvvəl dilə gətirmişdir.

      İrfan: Mövlananın Osmanlıya nə kimi təsirləri olmuşdur?

      Prof. Dr. H. Kamil YILMAZ: Onun çağrısı XIII-əsrdə mədəniyyətlər savaşının qarşısının alınmasına təsir etmiş və ondan sonra XIX-əsrə qədər demək olar ki, mədəniyyətlərarası münaqişə yaşanmamışdır. Onun sülhsevərliyindən təsirlənən Osmanlı dövləti ondan aldığı ilhamla insanlara bunu öyrətmiş, fərqli mədəniyyətlərin birlikdə yaşamasını təmin etmiş və bununla da Balkan yarımadasında, və Yaxın Şərqdə sülhü bərqərar etmişdir. Bütün bunlar Mövlananın Osmanlı üçün qurduğu zəmin üzərində gerçəkləşmişdir.

      İrfan: Mövlananın XIX-əsrə nə kimi təsiri oldu?

      Prof. Dr. H. Kamil YILMAZ: XIX-əsrdə mədəniyyətlər savaşı zirvə nöqtəyə çatmışdı. Qərb aləmi texnoloji inkişafı ilə İslam dünyasını, xüsusilə də Osmanlı dövlətini yenidən hədəf alaraq onu “xəstə adam” elan etmişdi. Qərbin Osmanlını tarixdən silmək üçün hərəkətə keçdiyi bu dönəmdə qəribə bir təsadüf və ya təvafüq nəticəsində Mövlananın əsərləri yenidən oxunmağa başlandı. XIX-əsrdə Anadoluda, İstanbulda Məsnəvixanalar quruldu və digər təriqət mənsublarının da istifadəsinə verildi. Məsələn, İstanbulda Nəqşibəndiyyənin, Qadiriliyin bir çox təkyəsində insanlara Məsnəvi ruhu təlim edilmişdir. XIX-əsrin amansız anlarında Məsnəvi ilə yenidən Türkiyə dövlətinin qurulmasına zəmin hazırlanmışdır.

      XX-əsrin sonlarında şərq bloku ilə qərb arasında Perestroyka ilə birlikdə Qərb aləminin “qızıl təhlükə” olaraq gördüyü Sovetlər birliyinin dağılmasından sonra öz gündəminə “yaşıl təhlükə” dediyi radikal İslamla mücadiləni aldı. Yenə qəribə bir təsadüfdür ki, o zaman da Mövlananın Məsnəvisinin Qərbdə və Amerikada kütləvi şəkildə oxunduğunun şahidi oluruq.

      İrfan: Hocam, Qərb aləmində, xüsusilə Amerikada Məsnəvi oxunurmu?

      Prof. Dr. H. Kamil YILMAZ: Təbii ki, 1990-cı illərdə Amerikada, keçən illərə nisbətən daha çox oxunduğu müşahidə olunur. Hətta 1999-cu ildə “Time” jurnalının keçirdiyi anketdə Mövlananın əsrin sufisi seçilməsi diqqətçəkicidir. (Time jurnalı 1999) Mövlananın fikirləri sayəsində Qərb dünyası radikal İslam yerinə liberal İslam deyə yeni bir fikir ortaya atmış və digər toplumlarla müsəlmanların inteqrasiyasına çalışmışdır. Ancaq bu bir həqiqətdir ki, Mövlana həm öz dövründə, həm XIX-əsrdə, həm də XX-əsrdə mədəniyyətlərarası savaşın önlənməsində böyük rol oynamışdır. Bu səbəblə də Mövlananı yaxından tanımaq, onun fikirlərini dərindən öyrənmək, onun İslamdan, Qurandan və sünnədən etdiyi yorumları modern insanların önünə qoymaq gərəkdir. 

      İrfan: Məsnəvidəki prinsiplərin qaynağı nədən ibarətdir?

      Prof. Dr. H. Kamil YILMAZ: Mövlananın digər din mənsublarına göstərdiyi xoşgörünün təməl əsasları və normaları Quranda və Peyğəmbərimizin Mədinədəki tətbiqatında vardır. Yəhudilərlə birləşərək Mədinə şəhər dövləti quran Peyğəmbərimiz əhli-kitabla və başqa mədəniyyətə sahib olanlarla birlikdə yaşamağın təməllərini o zaman atmışdı.

      Yəməndən gələn Nəcran heyəti ilə Mədinədə görüşmüş və onlara Mədinədəki müsəlmanların məscidində öz dinlərinə görə ibadət etmələrinə icazə vermişdi. Bu da çox mühüm bir hadisədir. Mövlana da Divani-Kəbirində və digər əsərlərində bütün dinlərin əslinin bir olduğunu və insanlarda inama olan ehtiyacın fitrətdən irəli gəldiyini, qovğa etməyin, savaşmağın bir mənası olmadığını anlatmışdır. Bu ifadələr kürəsəlləşmə mərhələsində olan dünya üçün böyük məna kəsb edir. Bu baxımdan Mövlananı və Məsnəvisini oxumağın lüzumuna diqqət çəkmək istəyirəm. Mövlana Məsnəvidə buyurur ki:

      “Sizə görə kafirlik afətdir, amma Haqqa görə onda da bir hikmət vardır.” Və yenə Divani-Kəbirində bütün insanlara üz tutub bunları söyləyir: “Gəl, gəl! Daha yaxın gəl! Nə qədər bu yol ayrıcılığı davam edəcək. Madam ki, sən mənsən, mən də sən, bu ayrılığa nə gərək? Biz Haqqın özü və aynasıyıq. Elə isə niyə özümüzlə çəkişib dururuq. Bir aydınlıq digərindən, bir işıq başqa işıqdan niyə qaçır? Hər birimiz vücud halında kamil bir insanın varlığında cəm olmuşuq. Fəqət nə üçün belə dağılmışıq? Eyni bədənin bir üzvü olduğumuz halda nə üçün zənginlər kasıbları xor görür? Eyni vücudda olan sağ əl nə üçün sol əli xor görür? Halbuki hamısı bir bədəndəndir. Bir bədəndə uğurlu nə demək, uğursuz nə demək?! Hər birimiz eyni vücuddanıq. Ağlımız da birdir, başımız da. Hamı ilə anlaş, hamı ilə xoş davran. Sən təkbaşına bir toxumsan, zərrəsən. Fəqət hər kəslə birləşib qucaqlaşdığın zaman bir qübbəsən, ümmansan. Bədənlər fərqli olsa da bütün insanlar eyni ruhu daşıyır. Dünyada saysız-hesabsız badam var, amma hamısında eyni yağ var. Qablar qırıldıqda içində ayrı-ayrı olan sular bir yerə toplanır. Tövhidin nə demək olduğunu anlayar və birliyə vaqif olarsan, o zaman can olmanın nə demək olduğunu da anlayarsan.” Təbii ki, bunları söyləyən Mövlana məşhur olmaq üçün deyil, hansı məsləkdən olmasına baxmayaraq hər kəsə hörmət edilməsini istəyən bir insan olduğu üçün bu gerçəyi ifadə etmişdir. Hətta onun cənazəsində müsəlmanlarla birlikdə yəhudi və xristianların da iştirak etdiyi tarixi bir gerçəkdir. O gün Konya əhalisinin demək olar ki, yarısı qeyri-müsəlman (erməni və yəhudi) idi. Buna baxmayaraq onlar da Mövlananın cənazəsində yaxından iştirak edirdilər.  

      İrfan: Mövlananın insan sevgisinə və mədəniyyətlərə təsirinə bir misal verə bilərsinizmi?

      Prof. Dr. H. Kamil YILMAZ: Təbii ki. Mövlanada insan sevgisi o qədər idi ki, insanların fahişə dedikləri qadınlar belə yanından keçərkən ayağa qalxar, sadəcə insan olduqları üçün onlara hörmət edərdi. Ondakı bu pozitif enerji sonrakı dövlət adamlarına da nüfuz etmiş, onları da təsiri altına almış və bu sayədə Anadoluda bir xoşgörü mədəniyyəti doğmuşdur. Fateh Sultan Mehmet zamanında Serb kralı Brankoviç XV-əsrdə həm Fateh Sultan Mehmedə, həm də Avstriya Macarıstan kralı Yanko Hunyada məktub yazır. Öncə Avstriya-Macarıstan kralına bunları deyir:

      “Siz Avstriya-Macar kralı olaraq bizim torpaqlarımıza hakim olduğunuz zaman bizə qarşı necə davranmağı düşünürsünüz?” Macar kralı bu cavabı verir:

      “Sizin ölkəni işğal etdiyimiz zaman oradakı bütün ortodoks məbədləri dağıdacağıq. Oranı katolik torpaqlarına çevirəcəyik.” Eyni məktubun bir nüsxəsini alan Fatehsə bunları söyləyir:

      “Bütün məscidlərin yanında ortodoks və katolik məbədləri inşa edilə bilər. Hər kəs dinində hür və sərbəstdir. Cizyə verdiyiniz təqdirdə sizi bütün xarici təhlükələrə qarşı qoruyacağıq. Əgər qoruya bilməsək cizyə də almayacağıq.”

      Müsəlmanların humanizm və xoşgörü anlayışı budur. Bu gün insanlara eyni gözlə baxa bilməməyimizin səbəbini Mövlana anlayışından yoxsul olduğumuza bağlayıram. Bu baxımdan öz mədəni irsimzi yaxşı tanımalıyıq.  

      İrfan: Xüsusilə universitet tələbələrinə Mövlana irsini öyrənmək baxımından nə deyə bilərsiniz?

      Prof. Dr. H. Kamil YILMAZ: Ali təhsil alan tələbələrimizin öz mədəni irslərini yaxından tanımalarının və bununla yanaşı Qərb mədəniyyətini də öyrənmələrinin zərurətinə inanıram. Hər hansısa xarici dil bilmələri, kompyuteri öyrənmələri zamanın tələblərindəndir. Öz mədəniyyətimizi qorumaq baxımından bunlar böyük əhəmiyyət kəsb edir. Xüsusilə din və dil bilən insanlar qarşıdakı yüz ildə böyük əhəmiyyət daşıyacaqlar.

      İrfan: Səbəb:

      Prof. Dr. H. Kamil YILMAZ:  Çünki insanlar texnologiyanın pəncəsində mənəvi boşluq içərisində qıvranmaqda və sanki bir qurtarıcı gözləməkdədirlər. Məhz bu qurtarıcılar din və dil bilən insanlar olmalıdır. Onlar hər zaman gülən və pozitif enerji yayan insanlar olmalıdırlar. Əsrimizin insanı buna çox möhtacdır. Xülasə olaraq deyə bilərik ki, universitetlərdə təhsil alan gənclər öz sahələrində mükəmməl yetişməlidirlər. Hansı bölümdə oxuduqlarından asılı olmayaraq öz mədəniyyətlərini başqalarına təbliğ etmək düşüncəsində olmalıdırlar. Bu gün Qərb dünyasında aparılan araşdırmalar onu göstərir ki, maddi rifah əldə edən insanların mənəviyyata çox böyük ehtiyacı var. Türkiyədə, bizim fakültədə çalışan bir tanışımın İngildərədə müdafiə etdiyi doktorantura işinin mövzusu belədir: “İngiltərədə insanlar nə üçün İslamı seçirlər?” Gəlinən nəticə isə xülasə olaraq belədir: “Qərbdə insanlar maddi rifaha qovuşmuşlar və mənəvi boşluq yaşayırlar.”

      İrfan: Mənəviyyatlarını dirildəcək insanlara ehtiyac hiss edirlər...

      Prof. Dr. H. Kamil YILMAZ: Bəli. Əgər qəlblərinə xitab edən bir könül əri tapa bilirlərsə nə əla. Əgər tapa bilmirlərsə o zaman uyuşdurucunun pəncəsinə düşürlər. Mənəvi yöndən hüzura qovuşmağın yolunu bu kimi şeylərdə axtarırlar. Qərbdə yaşan zəngin insanların demək olar ki, hər biri üçün eyni şeyi demək olar. Bu cür həqiqətlər qarşısında bizim gəncliyimizi yaxşı yetişdirməyimiz lazımdır. Amerikada Buddizmin və Hinduizmin ciddi mənada yayıldığını görürük. İnsanlar meditasiya mərkəzlərinə üz tutaraq dərdlərinə bu kimi yerlərdə çarə axtarırlar. Amerikada 1980-ci illərdə mistik yönü yüksək olan Buddizm təntənə ilə qarşılanırdı. 1990-cı illərə baxdığımız zaman isə İslamın da bir din olaraq ilk sıralarda olduğunu görürük. Biz türklərin də ilk öncə Şamanizmə, sonra Buddizmə və nəhayət İslama girərək bu dində qərar tutduğumuz tarixdən məlumdur. Demək ki, hər kəs həqiqi din axtarışındadır. Məhz buna görə də bu gün terrorla yanaşı anılan İslamı lazımınca tanıda bilsək, insanlara Quranı və Məsnəvini anlada bilsək, bəzi şeylər çox fərqli ola bilər. Buna görə də dinimizi layiqincə təbliğ xüsusunda məsuliyyətli vəzifəmiz vardır.

      Müsəlman özünü qarşısındakı insanı məmnun edəcək şəxsiyyətə sahib olmalıdır. İnsanın şəxsi ibadət həyatını nizama salması çox mühümdür. Bu baxımdan tələbələrimiz dörd illik universitet həyatında zamandan həssas və qənaətlə istifadə etməyi düstur halına gətirməlidirlər. Bu gün Qərbdə çox böyük əhəmiyyətlə üzərində durulan məsələlərdən biri də “Time Management” (zamandan istifadə)dir. Bu mövzu sosial ixtisas sahələrində mühüm mövzu olaraq qarşımıza çıxır. 

      • Hits: 874 clicks

      Tecox component by www.teglo.info