Səbəb Və Onun Doğurduğu Nəticələr / Səbinə VAQİFQIZI

      Share

      Hər şeyin bir səbəbi olduğu kimi ondan irəli gələn nəticələr də qaçınılmazdır. Bu yazımda toxunacağım problemin səbəbi olduqca aydın, doğurduğu nəticə isə çox acınacaqlıdır.

       Söhbət aclıqdan əzab çəkən işsizlərdən, dilənçilərdən və yaşamaq üçün bir tikə çörəyə ehtiyacı olanlardan gedir.

      Şəxsən bir insan kimi hər gün Allahın bizə verdiyi ruzi üçün şükr etməyi özümə borc bilirəm. Həmçinin düşünürəm ki, görəsən sabahı şükürlə açanlar çoxdurmu?

      Mən universitet tələbəsiyəm. Hər gün dərsə gələndə yolda dayanıb bir tikə çörəkpulu dilənənlərə çox rastlayıram və onların halına çox acıyıram. İnsanların dilənmə məqsədi müxtəlifdir. Bəziləri işgörmə qabiliyyətindən məhrumdur, bəziləri çıxış yolunu dilənməkdə görür, bəziləri möhtacdır... Bir səbəb kimi işsizliyin nəticəsində aclıqdan ölənlərin sayı isə durmadan artır. 2005-ci ilin statistikasına görə, hər gün 24 min insan aclıqdan ölür. Dünyada mövcud olan acların sayı 800 milyondur ki, bunların da 300 milyonu uşaqlardır. Bu göstəricilərin çoxu Afrika ilə yanaşı Cənubi və Cənub-Şərqi Asiya ölkələrində qeydə alınıb. Hətta bu gün dünyada dilənçiləri ilə məşhur olan ölkələr də var. Götürək elə Hindistanı. Burada elə bölgələr var ki, oranın sakinləri müasir texnolojiyadan bixəbərdirlər. Əkim-biçim işlərində hələ də köhnə avadanlıqlardan istifadə olunur. Düzdür, bəzi inkişaf etmiş olan dövlətlər bu kimi kasıb ölkələrə müəyyən qədər maddi yardım edirlər, lakin bu çox azdır. İşsizlik və yoxsulluğun hökm sürdüyü dövlətlərin özündə də bu problemlərin ortadan qaldırılması üçün bəzi addımlar atılmalıdır. Ümumiyyətlə işsizliyin artımı hər bir dövlət üçün fəsadlı nəticələr doğura bilər. Bu problem illərdən bəri mövcud olub. Hətta N.Nərimanovun “Nadir şah” əsərində Nadir şahın söylədiyi bu sözlər hal-hazırda çox realdır: “Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmasına ehtimal var.” Bu səbəbdən hər bir dövlətin daxili siyasəti ilk növbədə bu problemin həllinə yönəlik olmalıdır. Bu gün Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün müəyyən tədbirlər görülür. Respublika prezidentinin bu sahədə atdığı uğurlu addımlar həqiqətən təqdirəlayiqdir. Lakin hər şeyi dövlətin boynuna atmaq da doğru deyildir. Elə ayrı-ayrı imkanlı şəxslər var ki, onlarla ailənin ehtiyacını qarşılaya bilmək gücünə malikdir, lakin bu yöndə heç bir addım atmırlar. Üzümü onlara tutub demək istəyirəm ki, bir az mərhəmətli olsunlar. Bacardıqları qədər “əmək yarmarkaları” keçirsinlər. Heç olmasa işsizlərin bir qismini işlə təmin etsinlər. Hər kəs bacardığını etsə ölkədə imkansız adam qalmaz. Dövlətimiz bu gün sahibkarlara xüsusi diqqət yetirir. Bu sahibkarlar da gərək dövlətin bu kimi problemlərinin həllində öz yardımlarını əskik etməsinlər.

      Maddi imkanı olmayanlar da vəziyyəti bəhanə etməsinlər. Ən azından bir insan kimi ehtiyacı olanlara qayğı ilə yanaşmağı bacarsınlar. Onları cəmiyyətdən təcrid etməyə bizim heç bir haqqımız yoxdur. Adi bir misal verim: Hər gün “Elmlər Akademiyası” metrostansiyasının qarşısından keçəndə orada dilənən insanları görüb çox kədərlənirəm. Onların dilənməyi bir tərəfə, adı tələbə olan bir çox gəncin onlara aşağılayıcı gözlərlə baxması və məsxərəyə qoyması ürəkağrıdıcı bir hadisədir. Belə hallarla rastlaşdıqda sdüşünürəm ki, görəsən, hər hansı bir xarici vətəndaş (hələ özümüzü demirəm), turist, adi bir qonaq bu vəziyyəti görəndə ölkəmiz, xalqımız haqqında nə fikirləşir? Hər halda bunun özü də hansısa səbəbdən qaynaqlanan nəticədir.

      Təəssüf doğursa da bu gün real səbəblərdən doğan problemlərdən yazmalı oldum. Həqiqət nə qədər acı da olsa onun haqqında danışmaq, yazmaq lazımdır. Ən azından bu problemlər qismən də olsa öz həllini tapana qədər. Onu da qeyd edim ki, insanlara yaşamaq haqqı bir dəfə verilir. Gəlin hər birimiz layiqli ömür sürək. Faydalı işlər görməklə yaxşı ad qazanaq. Qoymayaq ki, bir kağız və ya dəmir parçası insanın insan kimi yaşamasını məhdudlaşdırsın. Pul bir çox şeyi həll etsə də hər şeyi həll etmir. Hər halda gəlin insanlığımızı pula satmayaq. Ehtiyacı olanlara yardım edək. Ən azından səbəbi görüb onun doğuracağı nəticələrə qarşı biganə qalmayaq!

       

      Səbinə VAQİFQIZI    

      • Hits: 670 clicks

      Tecox component by www.teglo.info