t.f.d Abbas QURBANOV - CANINDAN KEÇƏNLƏR

      Share

      Son illər ərzində, xüsusən də, müstəqillik qazandıqdan və torpaqlarımızın işğalından sonra Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişdi. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi kimliyindən, yaşından və cinsindən asılı olmayaraq hər kəsin Ali Baş Komandanımız İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi ilə mümkün oldu. Gənclərin vətənpərvər ruhda yetişmiş olması ilə düşmənə nifrət hissi bizi qələbəyə apardı və tarixi ədalətsizliyə son qoyuldu.

      Gənclərimiz iman etdi, inandı, bu yolda can qoydu, şəhid oldu, bu müqəddəs yoldan və məqsəddən geri addım atmadı, torpaq sevgisini və həsrətini hər şeydən üstün tutdu, 30 illik namus ləkəsini təmizlədi, millətimizə baş ucalığı gətirdi və bayraq qaldırdı.

      “Vətənpərvərlik nədir?” sualına Ulu öndər Heydər Əliyev belə cavab vermişdi: “Vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclərin yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.

      Bu gün Azərbaycan xalqı çoxəsrlik tarixinin ən şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdə başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi.

       Hər bir ölkənin həyatında mürəkkəb böhran vaxtlarında, düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Ali Baş Komandan bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. “Biz qalib gələcəyik, bizim işimiz haqq işidir”, - şüarı dostları sevindirdi, düşmənləri isə qorxutdu. Bu, sadə sözlər deyildi, bu, düşüncə tərzidir, bu, həqiqi vətənpərvərlikdir.

      Ali Baş Komandan Birinci Qarabağ müharibəsindən sonra ruh yüksəkliyini itirənlərə nikbinliklə inam qaytardı. Bu çağırışın ətrafında müxtəlif fikirli insanlar, hərbçilər, mülki vətəndaşlar yaşından və sosial statusundan asılı olmayaraq birləşdi. Xalq ən yüksək vətənpərvərlik məqsədi naminə vətən torpaqlarının azad edilməsinə qalxdı. Bizim qələbəmizin olacağını sanki cəbhəyə gedən gənclərimiz özlərində hiss edir, duyurdular. İgid əsgərlərimizin qəhrəmanlığı, qorxmadan, geriyə belə baxmadan daima irəliyə getmək və bir an öncə torpaqlarımızı azad etmək əzmi Ali Baş Komandanın döyüş meydanlarındakı qələbələrlə bağlı xalqımıza hər bir müraciəti milləti daha da sıx birləşdirdi.

      Bu tarixi zəfər eyni zamanda Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi.

      Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsi idi. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və gəncinin simasında özünün ifadəsini tapdı, cəmiyyət həyatında vətənpərvərlik hissi və duyğularının rolunun xüsusilə təhsil sistemində, təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsini aktuallaşdırdı. Çünki Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. “Hər şeydən pay ola bilər, amma torpaqdan pay olmaz” – şüarı artıq gənclərimizin həyat fəlsəfəsinə çevrilmişdir.

      Hazırda qloballaşan dünyada ölkəmizin qarşısında duran əsas hədəf - XXI əsrin çağırışlarına cavab verən bilik və bacarıqlara malik, soykökünə bağlı, ənənəvi milli-mənəvi dəyərləri qoruyub saxlayan və bölüşən, Vətənin dinc quruculuğu və müdafiəsinə hazır, müasir və kreativ düşüncəli, innovasiyalardan baş açan yeni nəslin formalaşdırılmasına nail olmaqdan ibarətdir. Əslində bu hədəflər müasir Azərbaycan təhsilinin və milli tərbiyənin qarşısında duran prioritetlər və strateji istiqamətlərdir.

      • Hits: 17 clicks

      Tecox component by www.teglo.info