Adem ŞAHIN - KÖNLÜMÜZƏ AY DOĞSUN

      Share

        Birinci sinifdə oxuyan uşağımın balaca yazı taxtasına hər gün bir neçə atalar sözü yazıram. Atalar sözlərini adətən heyvanlı, qurd-quşlu olanlardan seçirəm ki, maraqlı olsun. Səhər yeməyində taxtanı onun görə biləcəyi yerə asıram və oxuduram. Sonra nə başa düşdüyünü, ataların nə demək istədiyini soruşuram. Bəzən hədis və ayələrdən də yazıram. Bu minvalla onlarla atalar sözünü müzakirə etmiş olduq. Atalar sözlərinin mənə faydası uşağıma faydasından daha çox oldu. “Hər zaman qumarı oynadan qazanar”, - deyirlər. Bənzər şəkildə: “Hər zaman öyrədən qazanar, öyrənən deyil”.

      Yenə bir gün atalar sözü seçərkən ikisinin bir az fərqli ifadələrlə alt-alta yazıldığını gördüm:

      “Günəş girməyən evə həkim girər”.

      “Günəş girən evə həkim girməz”.

      Atalar sözü və deyimlərdə evə gün düşməsindən bəhs edilir. İnsanın sağlamlığı üçün günəşin əhəmiyyətini heç kəs inkar edə bilməz. Təkcə insana xeyri var? Bitkilər və heyvanlar da günəşi sevir, onların da günəşə ehtiyacı var. Küçə pişikləri yayın istisində belə özlərini günə verib qızınmaqdan xoşlanarlar. Bu günlərdə tibb dünyası D vitamini haqqında daha çox danışmağa başladı. Günəş işığını alan insan bədəni məruz qaldığı işığı sintez edərək D vitamininə çevirirmiş. İllərdir istifadə olunan günəş kremləri D vitamini sintezinə mane olduğu üçün zərərli imiş. Zalım və xainlərin əlinə düşən; dərmanı zəhər, zəhəri də dərman kimi göstərən elm təhlükəlidir.

      D vitamininə G vitamini deyilməsini təklif edənlər də var. Gücsüzlərin, qəriblərin ilk hərfidir. Günəş işığını qəbul etmək üçün pul ödəmək lazım deyil. Pulun olmasa da, yola çıxaraq və ya pəncərənin qarşısında dayanaraq istifadə edə bilərsən. Allahın bol verdiyi nemətlər daha faydalı, ucuz və ödənişsizdir. Oksigendən suya, daşdan torpağa, günəş işığından ota qədər bir çox nemətlər belədir. İndi düşünün; bir litr pepsinin bir litr süddən, bir saqqızın bir yumurtadan baha olduğu qəribə bir sistemdə yaşayırıq.

      Sizcə itlər, pişiklər, qoyunlar boş yerə günəşin altında vəqfə edirmiş kimi dayanırlar?! Günəbaxanlar üzlərini boş yerə işığa çevirirlər? D vitamini immuniteti yüksəldərək koronavirusa qarşı müqavimətimizi gücləndirirmiş. Bu gün D vitamini az olanlara dəstək üçün əlavə dərmanlar verilir. Günəşdən, təmiz havadan qaçmağın, ekranların əsiri olmağın bədəlini ödəyirik. İslama görə yaşamaq günəşdən alınan D vitaminini bol-bol almaq deməkdir. Sübh namazı üçün məscidə gedilir, geri qayıdarkən hava aydınlanır və günə erkən başlanır. Yoxsa bugünkü kimi günortaya qədər yataraq günəşin işığı və günün bərəkəti fövtə verilmir. Namazı məsciddə qılmaq günəş işığı ilə təmas halında olmaqdır. İslam günəşdən maksimum faydalanmaq deməkdir. Atalarımızın, bəlkə də, D vitaminindən xəbəri yox idi. Onlar yaşayaraq və təcrübə edərək günəşin faydalı təsirini fərq etmişdilər.

      Bir səhər taxtaya “Xoruzu çox olan kənddə səhər gec açılar” atalar sözünü yazmışdım. Buradan yola çıxaraq “Əgər göylərdə və yerdə Allahdan başqa ilahlar olsaydı, onların hər ikisi mütləq fəsada uğrayardı” (əl-Ənbiya, 22) ayəsini təfsir etdik. Bir kənddə xoruz sayı çox olarsa, sübhün açılması məsələsində fikir ayrılığı yaşanar. Yerdə və göydə çoxlu ilahlar olsaydı, o zaman da qarışıqlıq yaşanardı. Atalar sözləri və məsəllər Quran ayələrini açıqlamaq və vəz vermək üçün ən çox istifadə olunan xəzinələrdəndir. Atalar sözləri və məsəllər təfsir kitablarında da yer almalıdır. Çünki bu ifadələr həyat doludur, həyatın içindəndir; kosmosdan gəlməyib. 124000 peyğəmbərin sözləri atalar sözləri və məsəllər irmağına qarışaraq bu günlərə gəlmişdir. “Günəş girməyən evə həkim girər” sözünü “Quran girməyən evə sıxıntı, narahatlıq və stres girər” deyə də başa düşə bilərik. “Quran oxunan evin xeyri artar, orada yaşayanlar sıxılmaz; belə evlərə mələklər yığışar, şeytanlar uzaqlaşar. İçində Quran oxunmayan ev içindəkilərə dar gələr; belə evlərin xeyir və bərəkəti az olar, mələklər uzaqlaşar...” (Darimi, Sünən II/429-430)

      Rəsulullah (s.ə.s) adətən günəşə deyil, aya bənzədilir. Dünya ədəbiyyatında da sevgililər günəş yox, ay kimidir. Günəşə baxmaq rahat deyil. Günəş hər nə qədər faydalı olsa da, yaşlanmağı sürətləndirir; yandırıcı və öldürücüdür. Günvurma var, amma ayvurma yoxdur. Günəş hər kəsin həyatındadır, amma ay gecə oyaq olanlar üçündür. Günəşi hər kəs görə bilər, amma ayı görmək istəyən kəs başını qaldırmalı, göy üzünə baxmalıdır. Vəda təpələrindən görünən (Taləal bədru aleyna...) Toroslardan, Qafqaz və Tanrı dağlarından da görünər. Bəs bizim könlümüzün dağlarında bədirlənmiş ay varmı? Bədirlənmiş ay özümüzdə və sözümüzdə özünü əks etdirirmi? “Ay doğdu üstümüzə, Vəda təpələrindən...” deyən mədinəlilərin məhəbbəti ilə Rəsulullaha baxa bilsək, məhz o zaman ay işığından nəsiblənə bilərik. Günəş girməyən evə həkim girər. Bədirlənmiş aydan (Hz. Muhamməd əleyhissalam) məhrum olan könüllər nə ilə aydınlanar? Projektorların, spot işıqların, led və floresan lampaların gücü o qaranlığa yetərmi?

      • Hits: 16 clicks

      Tecox component by www.teglo.info