Kamran MƏMMƏDOV - HAŞHAŞİLƏR

      Share

      Ərəb dilində “quru ot” mənasında işlədilən “haşiş” kəlməsindən törəyərək üsyançı Batinilərə verilən addır, Haşhaşilər. Onlar bihuşedici otlardan istifadə edərək ardıcıllarını özlərinə tabe edirdilər. Tarixdə əsasən “əl-Haşişiyyə” adlandırılan bu qrup Haşişun, Haşişiyyin, Haşşaşun və ya Haşhaşilər deyə adlandırılmışdır. XIV əsrdən sonra Qərbdə  “assassin” kəlməsi “sui-qəsdçi, xaincə adam öldürən və gizli qatil” mənalarında işlənmişdir. Nə Batinilərin, nə də onların bir qolu olan Haşhaşilərin İslamla heç bir əlaqəsi yoxdur.

      Şimali Afrikada Əğləbilər dövləti dağıldıqdan (miladi 909) sonra Fatimi dövləti quruldu. 959-cu ildə Misir də Fatimilərin əlinə keçdi. Fustat şəhərinin şimalında dördüncü Fatimi xəlifəsi Muiz b. əl-Mansurun şərəfinə Mansuriyyə şəhərinin təməli atıldı. Abbasi dövlətinin onların əli ilə qəhr olacağını düşünərək bu şəhərin adını Qahirə olaraq dəyişdirdilər.

      Həsən Sabbah (1050-1124) İranın Qum şəhərində Yəməndən köçmə bir ailədə anadan olmuşdu. Səkkizinci Fatimi Xəlifəsi Əl-Mustansır Billah zamanında Misirdə Fatimi dövlətinin mədrəsələrində təhsil alan Həsən Sabbah xəlifənin böyük oğlu Nizar ilə yaxınlıq qurmuşdu. Mustansır Billah vəfat edəndə oğlu Nizarı vəliəhd təyin etməsinə baxmayaraq iqtidarı əlində tutan vəzirlər ən kiçik oğlu Əl-Mustali Əhməd Əbul-Qasımı xəlifə seçdilər. Batini əqidəsinə görə, böyük oğul xəlifə olmalı idi. Həsən Sabbah Misirdə Nizar tərəfdarı olaraq qarışıqlıqlar çıxartmağa başladı. Vəzir Əl-Əfdal tezliklə Həsən Sabbahı həbs edib Məğribə sürgün etdirdi. Daha sonra Şam sahillərinə qaçan Həsən Sabbah yenidən Misirə qayıdıb “gizlənmiş imam” əqidəsinə dəvət etməyə başladı. Beləliklə, Fatimilər Mustaliyyə və Nizariyyə adlanan iki qrupa bölünmüş oldu.

      İllər keçdikcə gizli və güclü təşkilat quran Həsən Sabbah bir müddət Səlcuqlu sarayında işlədikdən sonra Ələmut qalasını ələ keçirdi və Nizarilər dövlətinin əsasını qoydu. Həsən Sabbah İsmaili məzhəbini özünə görə yenidən şəkilləndirdi və ardıcıllarını üç sinfə böldü: dailər, rəfiqlər və fədailər. Böyük dailər Həsən Sabbahın vəzirləri idilər. Onlar məzhəbə girənləri qəbul edənlər idi. Rəfiqlər məzhəbə qəbul olunanlar, fədailər isə Həsən Sabbah və böyük dainin əmrlərini yerinə yetirən qatillər ordusu idi.

      Həsən Sabbah xidmətinə daxil olanları əvvəlcə haşiş (xaşxaş) ilə özündən gedəcək qədər sərxoş edirdi. Onlar gözlərini açanda özlərini yalançı cənnətdə görürdülər. Bu cənnətdə daimi qalmağın bir yolu var idi: Həsən Sabbahın hər istədiyini göz qırpmadan yerinə yetirmək. Xüsusilə ölüm dərhal cənnətə girmək demək idi. Şüursuzca tabe olan davamçılar gözlərinə görünən cənnətə həsrətlə yenidən ora girmək üçün ən qısa müddətdə Həsən Sabbah üçün ölməyi arzulayırdılar. Belə ki, Həsən Sabbah: “Qalanın bürcündən özünüzü uçuruma atın!”  deyə əmr versə, düşünmədən özlərini uçuruma atırdılar. Həsən Sabbah bu teatrı qonaqlarının qarşısında tez-tez nümayiş etdirirdi.  Fədailərin vədalaşaraq uçuruma atıldığını görən qonaqlar dəhşətə gəlirdilər.

      Alp Arslanın məşhur vəzirlərindən Nizamülmülk, Məlik Şahın dövründə Ələmut qalasını mərkəzə çevirən Həsən Sabbahın üzərinə yürüdü və qalanı mühasirəyə aldı. Bir-birini tanıyan Həsən Sabbah Nizamülmülkə bu işdən imtina etməsini, yoxsa onu öldürəcəyini bildirdi, lakin Nizamülmülk mühasirədən çəkilmədi. Bir gün Həsən Sabbahın fədailərindən olan Əbu Tahir Nizamülmülkü öldürdü. Vəzirləri vəfat edən Səlcuqlu əsgərləri mühasirədən əl çəkmək məcburiyyətində qaldılar. Nizamülmülk 1092-ci ildə şəhid edildikdən qısa bir müddət (35 gün) sonra Səlcuqlu sultanı Məlik Şah da Haşhaşi sui-qəsdçiləri tərəfindən öldürüldü.

      Məlik Şahın ölümündən sonra taxta çıxan Sultan Səncər ordusunu Haşhaşilərə hücum etməyə hazırlayarkən bir səhər yatağının başında xəncər saplandığını gördü. Bir neçə gün sonra Həsən Sabbahdan məktub gəldi: “Yatağınızın başına xəncər saplayan, o xəncəri sinənizə də sanca bilər. Bizimlə münaqişəni dayandırın!”

      Həsən Sabbah ilə birlikdə yeni bir titul ortaya çıxdı: “Şeyxul-cəbəl”. Dağların böyüyü (qartalı) mənasını verən bu titul  Həsən Sabbah və ondan sonra gələnlərə verilən titul oldu. Həsən Sabbahın adı çəkilmir, ona Şeyxul-cəbəl deyilirdi. Həsən Sabbah və camaatına qarşı olan, onların küfr içində olduqlarını söyləyən İslam alimləri və dini qruplar müxtəlif  sui-qəsdlər nəticəsində bir-bir aradan qaldırılırdı. Fədailərin öldürdüyü yüksək vəzifəli dövlət adamlarının sayı yüzdən çoxdur. Ələmut qalasında məşhur astronomiya alimi Nəsirəddin Tusi və optika elminin banisi İbn Heysəm də qala monqollar tərəfindən dağıdılana qədər həbsdə saxlanmışdılar.

      Haşhaşilər zaman-zaman xristianlarla yaxşı əlaqələr qurdular və Suriyadakı qarışıq siyasi vəziyyətdən istifadə edərək hakimiyyətlərini möhkəmlətdilər. 1141-ci ildə Masyaf, Kəhf, Kadmus, Ulleykə və Havabi kimi bəzi qalaları ələ keçirdilər. Qərbdən gələn işğalçıları qovmağı hədəfləyən Səlahəddin  Əyyubi, Masyaf mühasirəsini qaldırmağa və Haşhaşilərlə sülh bağlamağa qərar verdi. Bu zaman Haşhaşilər arasında təxminən 4000 yəhudi də var idi.

      Həsən Sabbah məktəbi 1256-cı ilə qədər müxtəlif bölgələrdə varlığını davam etdirdi. Monqolların qurduğu Elxanilər dövlətinin hökmdarı Hülaki 1256-cı ildə Ələmut qalasını dağıtdı, oradakı Haşhaşiləri amansız şəkildə qıraraq məhv etdi. Bundan sonra Məmlüklər tərəfindən digər qalaları da ələ keçirildi və 1273-cü ildə Kəhf qalasının ələ keçirilməsi ilə hökmranlıqları sona çatdı.

      • Hits: 18 clicks

      Tecox component by www.teglo.info