Qurban Ola Bilmədik, Tövbələr Olsun! / Dr. İbrahim Baz

      Share

      Qapının önündə dayandım. Əslində həyatın hər anı bir qapıdır. Amma bu, iradəsiz açılmayan qapı idi. Açmazdan əvvəl qulaq kəsildim. Çöldən səs-küy, yəni kəsrət, içəridən tək səs gəlirdi, yəni vəhdət.

       Tərəddüd etməyə fürsət tapmadan “bismillah” deyib açdım qapını. Ovunu gözləyən şahin kimi bir cüt göz, gözlərimi əsir etdi. Başımı önümə əyib oturdum. Bir az keçdikdən sonra gözümün ucuyla baxdım. Qafqaz dağlarının yaraşığı olan qar kimi bəmbəyaz təkkənin altında nur çöhrə, ağ saqqal vardı. Tək-tək, amma hədəfinə atılmış bir ox kimi qısa və konkret cümlələrlə tövhidin nə olduğunu anladırdı.

      Göz ikidir, amma tək görür, qulaq ikidir, amma tək eşidir. İnsanın özü ilə sözü də beləcə tək olmalıdır. Ağılla qəlb bir olmalıdır. Kəsrət görünən hər şeyin əsli vəhdətdir. Hər şey Birdən meydana gəlmişdir və Birə gedəcəkdir. Əlimizdə-ovcumuzda olana hər zaman mənimdir deyirik. Arxanıza bir baxın. Hanı mənim deyənlər? Həqiqət körpüsündən keçməyənlər mənim-sənin deyər. Məğfirət suyunu içənlər al sənin olsun deyər. Həqiqətdə üzənlər isə nə sənin, nə də mənim olmadığını bilir və ona görə yaşar. Hər şey birdir. Birdə qovuşur…

      Bu vəhdəti yalnız qəlb görür. Ancaq unutmamaq lazımdır ki, qəlbin müşahidəsi, bədənin mücahidəsi ilə...

      Sonra söz bitdi. Bir Fatihə oxundu. Önə əyilmiş başlar alacaqlarını almış, axtardıqlarını tapmış kimi sevinc və fərəh hissi ilə qalxıb ayrıldılar. Az adam qalmışdı. Günəşin orbitinə tabe olan planetlər kimi hər kəs ətrafına toplandı. Mən də yaxınlaşdım. Ayaq səsləri kəsildikdən sonra sol tərəfimdəki adama baxaraq “tanışaq” dedi. Yanımdakı adam “adım Əhməddir, əfəndim” dedi. Ətrafında pərvanəyə döndüyümüz adam nurani çöhrəsiylə: “Çox gözəl. Əhməd rəhmətdir. Adını yaşatmalısan. Bu bir lütfdür. Hər dəfə Əhməd deyildikdə ətrafıma necə rəhmət ola bilərəm –deyə xatırlamaq lazımdır. Adının sahibi Rəsulullahdır, bilirsən. Kainata rəhmət idi.” Sonra gözlər mənə dikildi. Sual səssiz verilmişdi. “İbrahim, əfəndim” -dedim. Gülərüz sima daha mütəfəkkir baxışla:

      “İbrahim… Çətindir İbrahim olmaq. Adının sahibi Xəlilullahdır. Bütləri qıran qəhrəman. Dik duruşun simvolu. Bəşəriyyətin atasıdır. Elə bir ata ki, oğlu ilə sınağa çəkildi və qazandı. Qurban onunladır. Qurban kəsərkən onu düşünmək gərək. Qurban yalnız qoç kəsmək deyil. Qurban imtahandır. Sevdiyini ən sevdiyinə ərz etməkdir. Candan keçib canana qovuşmanın yolu.

      Qurban lütfdür. Qurban olarkən və qurban edərkən ağıl aranmaz. Ağıl qurban olmağı anlamaz. Çünki qurban olmaq tam təslimiyyətdir. Təslimiyyət eşqdir, imandır. Ağıl eşqin yolunu tanımaz.

      Sevənin imtahanı çətindir. Sevilən sevəndən sevdiyinin isbatını istər. Qurban budur. Qurban yolunda iblis köprüsü vardır. Qurban imtahan içində imtahandır. Ağlını kənara qoymaq, iblisi daşlamaq və sevdiyini sevdiyinə şərtsiz təqdim etmək.

      Qurban, iradə ilə edilən təslimiyyətdir. Qurbanı bilməyən qan təqdim edər. Qurban olanlarsa canı təqdim edər. Və hər kəsin özünə görə İsmayılı vardır. Sənin qurbanını heç kəs bilməz. Mina qurbanlar gözləməkdə. Kimi İsmayıl qədər sevirsənsə,  Minaya ancaq o yaraşır. Gözünə pərdə olan, qulluğuna qəsd edən hər nə isə sənə səndən daha “Yaxın” olan ilə arandan çıxar. Xəlilullah şəfaətçin olsun.”

      Tanışlıq davam etdi. Ağlım qurbanda qalmışdı. Qurban etdiklərimi nəyə qurban etdiyimi, qurban etmədiklərimi nədən etmədiyimi seyr etdim bir film kimi.

      Pambıq kimi bir əli öpüb aldığımız duanın sevinci ilə təkrar görüşmək niyyətilə bədənən ayrıldıq. Qapıdan çıxar-çıxmaz səslər boğdu məni. Ətrafıma baxdım. Çox hakim bir təpə vardı. Gözümün gördüyü nə varsa bir nöqtə kimi kiçildi. Geriyə baxdım. Qapı bağlanmışdı. Kimisə görürmüş kimi əl etdim.

      Təpədən üzüaşağı enərkən içimdə qeyri-adi bir şövq və həyəcan, onlarla tövbə vardı. Öz-özümlə danışmağa başladım:

      “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır” (əl-Həcc, 37) ayəsinin mənası demək ki, burada gizliymiş. Demək bunun üçün sufilər özlərini qurban olaraq nəzir etmişcəsinə qoyun yunu geyərlər.

      Qurban olmağı və qurban etməyi bilənlər “Xəlil” yəni dost olur.

      Sadəcə qoç kəsən və qan təqdim edənlər isə yalnız qəssabdırlar.

      Ya Rəbb, bizi özünə qurban eylə!

      Qurban etdiklərimizi qurbiyyətə (yaxınlığa) vəsilə eylə…

      Qurban ola bilmədik, tövbələr olsun!

      • Hits: 1001 clicks

      Tecox component by www.teglo.info