İnsanlari Yaxinlaşdiran Bayram: Qurban / Dr. Mehman İsmayılov

      Share

      Qurban kəlməsi “qarubə” kökündən törəyib “yaxınlaşdırmaq, Allaha yaxılaşdıran şey” mənasına gəlir. Qurban kəsmək tarix boyunca bütün dinlərdə mövcud olmuşdur.

       Qurani-Kərim Hz. Adəmin iki oğlunun Allaha qurban təqdim etdiklərini bildirir (əl-Maidə, 27). Həcc surəsinin 34-cü ayəsində də ilahi dinlərin hamısında qurban kəsmənin var olması belə xəbər verilir:

      Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin ilahınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!

      Bir başqa ayədə isə:

      Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Məhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!” (əl-Maidə, 27) buyurularaq qurbanın toplumdakı önəmi ortaya qoyulur.

      Təfsirçilər rəvayətlərə əsaslanaraq cahiliyyə dövründə ərəblərin kəsdikləri qurbanların qanlarını Kəbənin divarlarına sürtdüklərini söyləmişlər. Yuxarıdakı ayədə qəsd olunan məna da,  müsəlmanların bu cahil adətdən uzaq durmaları və onların qəlblərindəki təqva duyğusunu hərəkətə gətirərək günahlardan, qadağan olunan şeylərdən uzaqlaşıb faydalı və saleh əməllərə yönəlmələridir.

      Ayədə açıq-aşkar ifadə edildiyi kimi, qurban kəsməyin əsas gayəsi, Allaha yaxınlaşmaqdır. Ancaq bu qurbanın insanı sadəcə Allaha yaxınlaşdırması mənasına gəlməməlidir. Qurban insanlar arasında da yaxınlaşmağa vasitə olur. Belə ki, kəsilən heyvanın əti bölünərkən ən yaxınlardan başlayaraq əqrəba və qonşular, ehtiyacı olanlar və kasıblar ilin müəyyən günlərində bu ziyafətdən faydalanırlar. Beləliklə bir il boyunca evinə ət aparmayan kasıblar və yoxsullar bu ehtiyaclarını qısa bir müddətə də olsa qarşılamış olurlar. Qurban kəsən müsəlmanlarla kəsməyən müsəlmanlar arasında qurulan bu münasibətlər sayəsində toplumda könül birliyi meydana gəlir. Qarşılıqlı sevgi artır. Buna görə də İslam Peyğəmbəri İmkanı olduğu halda qurban kəsməyən namazgahımıza yaxınlaşmasın” (İbn Macə, Kitabul-Ədahi) buyurmuşdur.

      Qurbanın qəbul olması üçün qan axıtmağı şərt qoşan İslam sadəcə öz mənsublarına deyil, bütün insanlara, hansı dindən olursa olsun, hər kəsə qurban əti verməyi xoş qarşılamış, bayramı göstəriş, boş gurultu olmaqdan qurtarmış, onu hər evə, hər evin mətbəxinə qədər daxil etmişdir. Bu ictimai ruhu hər kəsə daddırmağı qarşısına hədəf qoymuşdur. Bunun üçün də qurbanlıq heyvanın dəyərində pul paylamağı qəbul etməmişdir. Yoxsa bayramda birlik-bərabərlik olmayacaq, bəziləri qurban əti yeyərkən, bəziləri də aldığı bir neçə qəpiklə kifayətlənəcək və hətta qurban əti yerinə pul paylayan insan qurban əti yemə zövqündən məhrum qalacaqdır.

       

      • Hits: 1018 clicks

      Tecox component by www.teglo.info