155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Qurban Olanlar Gəlsin! / Nurlan Məmmədzadə

      Share

      Onu ilk dəfə mədrəsə yeməkxanasının qarşısında bir payız axşamı gördüm. Dayandığı yer hələ də xatirimdədir. Axşam yeməyindən çıxmışdıq. Tələbələrin bir yerə toplaşdığını görüb yaxınlaşdım. 

      Kiçik qələbəliyi yarıb baxdığımda alçaq boylu, gülərüz biri olduğunu gördüm. Boyu o qədər qısa idi ki, bəzi tələbələri ondan hündür görsənirdi. Tanış etdilər bizi. Demək olar ki, mənimlə oxuyanların hamısına dərs demişdi, sözün həqiqi mənasında abilik etmişdi. Bir-birimizə təbəssüm etdik, hal-xətir soruşduqdan sonra onu tələbələri ilə baş-başa qoydum...

      Sonralar tez-tez yolu biz tərəfdən düşürdü. Hər dəfə də ətrafı ilk gördüyüm günkü kimi pərvanəyə dönən tələbələrlə dolurdu. Bir-iki dəfə görüşməmiz xaricində nədənsə yaxınlaşmırdım ona. Uzaqdan təbəssüm edirdik o mənə, mən ona. Bir az çəkinirdim yanına gedib əl uzatmağa. Çünki aramızda düşündüyüm mənada nə bilgi alış-verişi olmuşdu, nə mənə dərs demişdi, nə də digərləri qədər yaxınlığımız olmuşdu. Sanki təbəssüm etdiyi çöhrəsi ilə mənə bir şey demək istəyirdi hər dəfə. Əslində mənim də deyəcəklərim vadı, amma deyə bilmirdim. Bəlkə də Rəsulullahın “sevdiyin adama onu sevdiyini söylə” hədisindəki gerçəyi söyləyəcəkdim. Hər dəfə o gedəndən sonra “bir dahakı səfərə” deyib özümə təsəlli verirdim. Bir dahakı səfərsə eyni hal davam edirdi. Aralıdan baxışırdıq sadəcə. Bir gün o yenə gəldi. Qurban bayramı ərəfəsiydi. 2-3 gün qalmışdı Qurbana. Tətil ab-havası vardı təhsil aldığımız ocaqda. Bakıdan qayıdırdılar. Bir müddətliyinə Xosrovda dayandılar. Yatsı namazından sonra yenə baxışdıq. Gənclərlə söhbət edirdi, amma gözü məndəydi. Sanki “gəl” deyirdi. Mənsə həmişəki kimi yaxınlaşmağa cürət etmirdim. Olduğum yerdə dayanıb kənardan seyr etməklə kifayətləndim. Hardan biləydim ki, bu, məni son çağırışı idi, məsum baxışlarıyla. Baxışdıq, baxışdıq, ayrıldıq. Səhəri gün onun gözləri başqa dünyaları seyr edir, mənimkindənsə yaşlar süzülürdü...

      O, çox sevdiyim, amma bu sevgini dilə gətirə bilmədiyim, sadəcə baxışlarımla ifadə etdiyim Emin Kürşat Yetər idi. Həyatı boyu şəhid olmağı arzulayan və bir Qurban bayramı ərəfəsində, yol qəzası nəticəsində şəhid olan, özünü Haqqa qurban edən Emin Yetərdi. Onun adını eşitdikdə, özümdən asılı olmayaraq bir ilahinin ritmik nəqarəti səslənir qulaqlarımda: “Qurban olanlar gəlsin, qurban olanlar gəlsin!”

      Muaz bin Cəbəl kimi uzun yollar aşaraq gəlmişdi bu torpaqlara. Xidmət üçün gəlmiş, xidmət ruhunu biz gənclərə aşılamaq üçün çalışmışdı. Bu torpaqlarda dəfn edilərək Əliabadlı Musab olmuşdu.

      El arasında dünyasını gənc yaşda dəyişənlər üçün cahilcə söylənən bir söz var: “vaxtsız getdi”. Məncə Emin vaxtında getdi. Hər gün bir az daha fəsada uğrayan dünyanın bu gününü görmədən getmək Allahın bəlkə də ən böyük hədiyyəsi idi ona. Hz. Ömərlə bağlı bir hadisə düşür yadıma. Bir gün vali təyin etdiyi səhabələrdən birini ziyarət edir və mütəvazi həyat tərzini görüb ağlayır. Səbəbini soruşduqda belə cavab verir: “dünya çoxlarını dəyişdi, amma səni dəyişə bilmədi.” Hz. Ömərin bu sözləri əks-səda verir qulaqlarımda. Çünki onu da dəyişə bilməmişdi və buna macal tapmadan o, Haqqa qurban olmuşdu. Nə zaman qurban deyilsə Emin Yetər gəlir ağlıma. Ardınca da özünün qələmə aldığı və Altınoluk jurnalında nəşr olunan məqaləsinin başlığı: “Camın soğukluğu degdi dudaklarıma.”        

      • Hits: 1089 clicks

      Tecox component by www.teglo.info