Müşfiq XƏLİLOV - HAQQIN ÇAĞIRIŞI

      Share

      İslamın mühüm əlamətlərindən biri də azandır. Azan namaz vaxtının daxil olduğunu xüsusi sözlərlə bildirmək deməkdir. Azan vasitəsilə İslamın əsasları gündə beş dəfə yüksək səslə elan edilərək kafirlər imana, müsəlmanlar da camaatla ibadətə və birliyə dəvət edilir.

      Bir yerdə azan oxunanda orada müsəlmanların varlığı və həmin bölgənin İslam torpağı olduğu elan edilir. Bu xüsusiyyəti ilə azan tarix boyunca fəth və zəfərlərin ayrılmaz bir ünsürü olmuşdur. Yeni fəth edilən bir məmləkət oxunan fəth azanıyla İslam diyarına çevrilmiş, Rəsulullah (s.ə.s) hər hansı bir şəhərin müsəlman olub-olmadığını azanla müəyyən etmişdir. (Bax. Buxari, Azan, 6)

      Azan peyğəmbərlik vəzifəsinin davamıdır. Çünki o, dinin və bütün ibadətlərin əsası olan namaza çağırışdır. Allah-Təala azanla bəndələrini hüzuruna dəvət edir. Bu baxımdan azan həm də Allahın bəndələrinə verdiyi dəyəri göstərir. Doğulanda qulağına azan oxunan uşaqlar milli və mənəvi tərbiyənin ilk əsasını bu ilahi dəvətdən alırlar. Bir sözlə, azan müsəlmanların hörmət etdiyi vacib nişanələrdən biridir.

      Azana göstəriləcək hörmətin ilk təzahüru onu dəstəmazlı olaraq oxumaqdır. (Tirmizi, Salət, 3, 200, 201) Başqa bir hörmət əlaməti də müəzzinlə birlikdə azan sözlərini təkrar etməkdir. Əbu Səid (r.a) Hz. Peyğəmbərin belə dediyini rəvayət edir: “Azanı eşidəndə müəzzinin dediklərini siz də deyin”. Müəzzinin oxuduğu azanı təkrarlayan mömin müəzzinin aldığı qədər savab qazanar. Bəzi rəvayətlərdə müəzzin “Hayyə aləs-saləh” və “Hayyə aləl-fələh” deyərkən dinləyənlərin “Lə havlə və lə quvvətə illə billəh” demələri tövsiyə olunmuşdur.  (Müslim, Salət, 12)

      Azan bitdikdən sonra Peyğəmbərimizə salavat deyilir və hədislərdə öyrədilən dualar oxunur. Belə ki, bir hədisdə bu barədə belə buyurulur:

      “Müəzzinin azan oxuduğunu eşitdikdə söylədiklərini eynilə siz də təkrar edin. Sonra mənə salavat deyin. Çünki kim mənə bir salavat deyərsə, Allah bunun əvəzində ona on dəfə salət edər. Daha sonra mənim üçün Allahdan “Vəsilə”ni istəyin. Vəsilə cənnətdə Allahın bəndələrindən yalnız bir nəfərə nəsib olacaq bir məqamdır. O bəndənin mən olacağımı sanıram. Kim mənim üçün Vəsiləni istəyərsə, ona şəfaətim vacib olar”.  (Müslim, Salət, 11)  Zahirən bu dualar Rəsulullah (s.ə.s) üçün səslənir kimi görünsə də, əslində  oxuyanın öz xeyri üçündür. Çünki bəndə bir salavat deyəndə Allah-Təala on dəfə rəhmət edər və günahlarını bağışlayar.

      Azanla iqamə arasında edilən dua məqbuldur. Ənəs (r.a) Peyğəmbərimizin (s.ə.s) belə dediyini rəvayət edir:

      “Azanla iqamə arasında edilən dua rədd olunmaz”. (Əbu Davud, 489)

      Azan bu dərəcə fəzilətli olduğundan, onu oxuyan insanlar da bundan pay götürərlər. Məhz müfəssirlər aşağıdakı bu ayənin eyni zamanda müəzzinlərin fəzilətini bəyan etdiyi qənaətindədirlər:

      “(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!”- deyən kəsdən daha gözəl danışan kim ola bilər?!”  (Fussilət, 33)

      Peyğəmbərimiz (s.ə.s) belə buyurur:

      “İnsanlar azan oxumağın və namazı birinci cərgədə qılmağın nə qədər fəzilətli olduğunu bilsəydilər və sonra da püşk atmaqdan başqa çarə tapa bilməsəydilər, şübhəsiz, öz aralarında püşk atardılar”. (Buxari, Azan, 9, 32)

      Müəzzinin səsini eşidən cin, insan və hər cür varlıq qiyamət günü onun üçün şahidlik edəcəkdir. (Buxari, Azan, 5, Tövhid, 52) Bu da azan oxumağın başqa bir üstün cəhətidir.

      Azana hörmətsizlik edənlər isə Allahın qəzəbinə və pis aqibətə düçar olacaqlar. Aşağıdakı hadisə bunun bariz misallarından biridir:

      Mədinə xristianlarından bir nəfər (hər dəfə) müəzzin: “Muhammədin Allahın Rəsulu olduğuna şəhadət edirəm”, - dedikdə: “Yalançı olan yansın”, - deyərdi. Bir gecə onun xidmətçisi əlində odla evə girdi. Bu zaman o, içəridə yatırdı. Alovdan bir qığılcım sıçrayaraq evi və içindəkiləri yandırdı. Sonra hadisə ilə bağlı bu ayə nazil oldu:

      “Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır”. (əl-Maidə, 58. Vahidi, s. 203; Qurtubi, VI, 146)

      Allah-Təalanın bu xəbərdarlığını da nəzərə alaraq həm digər dini müqəddəs dəyərlərimiz (Qurani-Kərim, Peyğəmbərimiz (s.ə.s), əhli-beyti və əshabı haqqında), həm də azan xüsusunda danşarkən diqqətli olmaq, aşağılayıcı, dəyərsiz göstərən ifadələrdən çəkinmək lazımdır.                             

      Uca Allah vətənimizdə, xüsusilə də işğaldan azad olunmuş Qarabağ torpaqlarında birlik və bərabərliyimizin simvoluna çevrilmiş azanımızı qiyamətə qədər davamlı etsin! Amin!

      • Hits: 51 clicks

      Tecox component by www.teglo.info