Şahalı CƏLİLOV - AZƏRBAYCANIN İNCİSİ ŞUŞA MƏSCİDİ

      Share

      Azərbaycan memarlığı dünyaca tanınmış incəsənət sahəsidir. Bu memarlıq nümunələri arasında ön sıralarda Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Şuşada olan tikililər mühüm yer tutur. Şuşadakı memarlıq abidələri arasında isə göylərə ucalan Şuşa məscidi öz zərifliyi və memarlıq üslubu ilə xüsusi diqqət çəkir.

      Şuşada olan bütün məscidlərimiz Azərbaycanın memarlıq incilərinin gözəl nümunələrindən sayılır. Bu məscidlərdən hal-hazırda erməni vandalları tərəfindən başqa məqsədlər üçün istifadə edilir. Lakin məscidlər müqəddəs yerlərdir və ermənilərin məscidlərdə dinə təhqir sayılan bu cür hərəkətlər etməsi yolverilməzdir.

      Şuşa ərazisində olan məscidlərin ən məşhuru Şuşa məscidi və yaxud digər adı ilə Yuxarı Gövhərağa məscididir. Tikiliş və görünüş baxımından göz oxşayan bu memarlıq incisi Şuşanın bəzəyidir. Bu möhtəşəm tikilinin memarı Kərbəlayi Səfixan Qarabaği olmuşdur. Kərbəlayi Səfixan Qarabağinin əl işləri təkcə bununla məhdudlaşmır. Şuşanın məşhur memarlarından olan bu sənətkarın əl işlərinə Aşağı Gövhərağa məscidi, Aşqabadda Qarabağlar məscidi, Saatlı məscidi və başqa memarlıq incilərini də əlavə edə bilərik.

      Şuşa cümə məscidi (Yuхarı Gövhərağa məscidi) iki minarəlidir. Həmin dövr üçün iki minarəli məscidin inşa olunması özü böyük bir hadisədir. Məscidin memarlıq quruluşu Arran memarlıq məktəbi üslubundadır. Məscid Şuşa şəhərinin mərkəzi meydanında yerləşir və bu tikili şəhər ərazisində tikilmiş ən qədim məscid hesab olunur. Bu məscid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa məscidinin  inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk olaraq Şuşa məscidi Qarabağ xanlığınınŞuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel tikilmişdir. Məscid təxminən 1750-ci illərdə qamışdan ərsəyə gəlmişdir. Bu məscid sonrakı illərdə, İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə daşdan inşa olunmuşdur. XIX əsrin I yarısında Gövhərağanın maddi yardımı ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəyə malik olan üçüncü məscid inşa olundu. 1883-cü ildə isə Gövhərağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü (sonuncu) cümə məscidi inşa edilmişdir. Gövhərağanın məscid üçün təyin etdiyi vəqfiyyəsinə əsasən xeyli maddi vəsait - bir neçə kənddə əkin sahələri, meyvə bağları, bir karvansara və on bir dükan vəqf edilərək iki məscid (Aşağı Gövhərağa məscidi və Yuхarı Gövhərağa məscidi) ilə yanındakı mədrəsələri əhatə edən məscid kompleksinin ehtiyaclarının təmin edilməsi üçün ayrılmışdı.

      Şuşa yalnız məscidinə görə deyil, bir çox xüsusiyyətlərinə görə Azərbaycanın dilbər guşəsi hesab olunur. Şuşa şəhəri özü strateji əhəmiyyəti böyük olan bir ərazidə yerləşir. Ərazinin ən hündür dağı Böyük Kirs dağıdır. Bu dağ 2725 metr hündürlüyə malikdir. Şuşa təbiəti Xarıbülbülünə görə Azərbaycanın digər rayon və şəhərlərindən fərqlənir.

      Ermənilərin tarixi-dini abidələrimizə qarşı vəhşi davranışı müxtəlif istiqamətlərdə aparılır. Bir çox qədim milli və dini ənənəni özündə ehtiva edən abidələr tamamilə dağıdılıb. Bu abidələri erməniləşdirərək guya qədim zamanlardan özlərinə məxsus olduğunu iddia etmək istəyirlər. Bu gün işğal altındakı müsəlman dini kimliyinə aid abidələr, o cümlədən digər mədəniyyət abidələri dağıdılır və təhqir olunur. Ermənistan təcavüzünə məruz qalmış islam mədəniyyətinə aid tarixi-dini abidələrdən biri də yuxarıda haqqında danışdığımız, Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa məscidi olmuşdur. Şuşa şəhərinin işğalı zamanı həmin məscid topa tutulub və minarələri dağıdılıb. 8 may 1992-ci ildən bu günədək məscid baxımsız və dağıdılmış vəziyyətdədir.

      Ermənilər bununla kifayətlənməyərək UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin siyahısına salınan tarixi Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidi üzərində yerləşən Azərbaycan dilində yazılmış qədim lövhəni sökərək dağıdıblar. Əvəzində, erməni dilində “Qədim tarixi abidə, Yuxarı Məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə asılıb. 

      Yağı düşmən tərəfindən əsarətdə saxlanılan bu məscidin minarələrindən, inşallah, tezliklə azan səsləri səmaya yüksələcək. Yenidən bu məscidlər öz əcdadlarına, yəni tarixi varislərinə geri qaytarılacaq. Neçə-neçə insanın 30 illik arzusu gerçək olacaq. Haqq-ədalət öz yerini tapacaq və bu xalqın intiqamı axirətə qalmayacaq. Buna inanırıq və o bayram gününü səbirsizliklə gözləyirik.

      • Hits: 163 clicks

      Tecox component by www.teglo.info