Dr. Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ اِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤٰادَ كُلُّ اُولٰئِكَ كَانَ عَنْهُ مَسْؤُلًا

      “Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır”.[1]

      Allah-Təala: “Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə!” - buyuraraq insanın bilmədiyi bir mövzuda söz söyləməsi, hökm verməsi, tanımadığı kimsələr haqqında mənfi və ya müsbət danışması, yalandan şahidlik etməsi, iftira atması və s. kimi başqa insanları maddi, yaxud mənəvi zərərə məruz qoyacaq hərəkətlər etməsini qadağan edir. İnsan oğlu eşitdiyi, gördüyü və ya düşündükləri ilə hərəkət edər. Yəni bizdəki məlumatlar əldə etdiyimiz xəbərlərə və ya ağıla istinad edir. Ayeyi-kərimədə bu məlumatların düzgün istifadə edilməsi gərəkdiyi və buna görə məsuliyyət daşıdığımız vurğulanır. Uca Allah: “Ey iman gətirənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır,[2] - buyuraraq sui-zənn etməyin və dəqiq bir məlumat olmadan başqaları haqqında söz söyləməyin günah olduğunu bəyan edir. Həzrət Peyğəmbər (s.ə.s) də: “Zəndən uzaq durun! Çünki zənn sözlərin ən yalanıdır”,[3] - buyurmaqla dəqiq məlumatın əhəmiyyətinə diqqət çəkmişdir.

      Uca Allah: “Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır” – buyuraraq insanın daşıdığı məsuliyyətə diqqət çəkir. Ən böyük nemətlərdən olan qulaq, göz və qəlb eyni zamanda xarici mühitdən informasiya qəbul edən orqanlarımızdır. İnsan ən çox məlumatı qulaq və gözü ilə əldə edir. Qəlb isə Qurani-Kərimin müəyyən yerlərində ağıl mənasında işlədilmişdir. Ağıl qulaq və gözün ötürdüyü məlumatı süzgəcdən keçirərək bizə həqiqətin nə olduğunu xəbər verir. Buna görə də bu üç orqan ayədə xüsusilə vurğulanmış və onların istifadəsinə görə hər kəsin axirət günü haqq-hesaba çəkiləcəyi xəbər verilmişdir. Nəticə etibarilə, mömin qulağı ilə eşitdiyini və gözü ilə müşahidə etdiyini ağlı ilə təhlil etməli, yalnız həqiqət olduğuna qəti qərar verdiyi şeyləri dilə gətirməli və onunla hərəkət etməlidir.

      Qurandakı tövsiyələrin hər dövrə və hər bir müsəlmana şamil olduğunu nəzərə alaraq bir xüsusu da qeyd etmək lazımdır. Belə ki, ölkəmiz müharibə şəraitindədir və Qarabağın düşmən işğalından azad olunması üçün şanlı ordumuz canla-başla mübarizə aparır. Buna görə də Müdafiə nazirliyi əhaliyə xəbərdarlıq edir ki, bu mövzu ilə bağlı olaraq sosial mediada və s. Azərbaycan respublikasının rəsmi mənbələrindən başqa heç bir mənbənin yaydığı xəbərlərə və məlumatlara etibar edilməsin. Bu mövzuda yol verəcəyimiz hər bir səhvə görə həm ilahi hüzurda, həm də qanun qarşısında məsuliyyət daşıdığımızı unutmayaq!

       


      [1] əl-İsra, 17/36

      [2] əl-Hücurat, 49/12.

      [3] Buxari, “Vəsaya”, 8.

       

      • Hits: 101 clicks

      Tecox component by www.teglo.info