Saleh ŞİRİNOV - Şəhidlik

      Share

      Lüğətdə “bir hadisəyə şahid olmaq, bildiyini söyləyib şahidlik etmək, bir yerdə hazır olmaq” kimi mənalara gələn “şühud” məsdərindən törəyən “şəhid” (cəmi: şühəda) dini bir termin olaraq, “Allah yolunda öldürülən müsəlman”ı ifadə edir.

      Şəhidlik Muhamməd ümmətinə aid edilmiş üstün bir rütbə, böyük bir mərtəbədir.

      Şəhidlik mərtəbəsi bir möminin bu dünyada çata biləcəyi ən son və ən ülvi məqamdır. Cənnətin ən aşağı dərəcəsi belə dünyanın tamamından daha xeyirli olduğu halda şəhid bu məqamın ülviliyi və cənnətdəki mükafatının böyüklüyü səbəbi ilə dünyaya təkrar-təkrar dönüb dəfələrlə şəhid olmağı arzulayar. Allah-Təala şəhidliklə əlaqəli belə buyurmaqdadır: “Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) sübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir”. (Ali-İmran, 157)

      Peyğəmbərimiz (s.ə.s) də: "Şəhidin qul haqqı xaricindəki bütün günahlarını Allah bağışlayar” (Müslim, İmarə, 119), - deyə buyurmuşdur.

      Şəhid olmaq həqiqətdə ölmək deyil, bizim idrakına çata bilmədiyimiz bir həyat keyfiyyəti içində əbədi nemətlərə məzhər olmaqdır. Bu baxımdan Allah-Təala şəhid qulları haqqında “ölü” deyilməməsini əmr etməkdədir: “Allah yolunda öldürülənlərə ölü deməyin! Onlar diridirlər, lakin siz fərqinə varmırsınız”. (əl-Bəqərə 154)

      Şəhid nəfsini Allaha satıb Onun yolunda döyüşəndir! Nəfsini Allah üçün fəda etmək: din, iman, vətən, namus və s. kimi müqəddəs dəyərlər uğrunda döyüşərək ölmək, yaxud ölümsüzləşməkdir. Qurani-Kərimdə bu həqiqət belə ifadə edilir: “Allah yolunda öldürülənləri ölü sanmayın! Onlar diridirlər. Rəbləri qatında onlara ruzi verilir”. (Ali-İmran, 169) Peyğəmbərimiz də: “Ən şərəfli ölüm şəhid olaraq ölməkdir” (İbn Asakir), - deyərək şəhidliyin ucalığına diqqət çəkmişdir.

      “Onlar (şəhidlər) Allahın Öz lütfündən verdiyi (nemətlərə görə, şəhidlik rütbəsinə) sevinər və hələ onlara çatmamış (silah yoldaşlarına, şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar”. (Ali-İmran 170) Peyğəmbərimiz (s.ə.s) bu ayeyi-kəriməyə dəstək mahiyyətində Allah-Təalanın şəhidlik əsnasında qullarına göstərdiyi asanlığı belə ifadə edir: "Sizdən biri qarışqa dişləməsindən nə qədər ağrı hiss edərsə, şəhid olan da ölümdən ancaq o qədər ağrı hiss edər”. (Tirmizi, Fəzailul-cihad, 26/1668; Nəsəi, Cihad, 35; İbn Macə, Cihad, 16)

      Qurani-Kərimin ayələrindən və hədisi-şəriflərdən yola çıxaraq “şəhid” sözünü belə ifadə edə bilərik: Şəhid şahid olan və məqamında hazır dayanan deməkdir. Ölüb yox olan, itib gedən deyil, ölümsüzləşəndir. Şəhid Allah üçün ölümsüzləşməyin digər adıdır. Bunun üçündür ki, şəhid diridir. Şəhid ölməz və ona ölü deyilməz. Yeri və zamanı gəldiyində canından daha müqəddəs bildiyi dini, milli və mənəvi dəyərləri uğruna dünyadan və dünyadakı hər şeydən imtina edib canını ortaya qoyan kimsədir, şəhid. Ən yığcam tərifini Hz. Ömərin dilindən ifadə edək: “Şəhid özünü Allaha həsr edən kəsdir”.

      Şəhidlik onsuz da ölümlü olan insanın uca dəyərlərin yaşadılması uğrunda və sırf Allahın razılığını qazanmaq məqsədi ilə canını Allaha satmasıdır. Əgər belə bir alış-veriş etmişiksə, canlarımızı və mallarımızı cənnət qarşılığında sata bilmişiksə, bu alış-veriş qazanclı bir alış-verişdir və bundan ötəri sevinmək lazımdır. Çünki böyük qurtuluş elə budur. Bu qazanclı alış-verişin fərqində olan möminlər tarix boyu döyüş meydanlarına sanki bir gül bağçasına girirmiş kimi girmiş, uğrunda yaşadıqları din, vətən və namus üçün şəhid olaraq Rəblərinə qovuşduqları halda yaşamağa davam etmişdirlər.

      • Hits: 68 clicks

      Tecox component by www.teglo.info