“Keçmişdən Günümüzə Xoca Əhməd Yəsəvi” Beynəlxalq Simfoziumu

      Share

      Bakıda türk dünyasının tanınmış simalarından biri olan Əhməd Yasəviyə həsr edilən Keçmişdən Günümüzə Xoca Əhməd Yəsəvi adlı ilk beynəlxalq simpozium keçirildi.

       Təşkilatçılar Əhməd Yəsəvi ideyalarının gənc nəslin tərbiyəsi və milli-mənəvi dəyərlərin öyrənilməsi baxımından mühüm aktuallıq kəsb etdiyini, o cümlədən 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin paytaxtı elan edildiyini nəzərə alaraq, “Keçmişdən Günümüzə Xoca Əhməd Yəsəvi” adlı layihənin həyata keçirilməsini qərara aldıqlarını bildirdilər.

       “Keçmişdən Günümüzə Xoca Əhməd Yəsəvi” adlı simpoziumun iştirakçıları ilk növbədə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Qonaqlar Şəhidlər Xiyabanında da oldular.  Mahmud Kaşqari Fondu, Gəncliyə Yardım Fondu, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin birlikdə hazırladıqları “Keçmişdən Günümüzə Xoca Əhməd Yəsəvi” adlı layihə çərçivəsində keçirilən simpoziumda Əhməd Yasəvinin ideyaları və prinsiplərinin türk-müsəlman dünyasının birliyi baxımından çox aktual olduğu bildirildi.

      Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, yazıçı-dramaturq Hidayət Orucov, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç, Türkiyənin sabiq mədəniyyət naziri Namık Kemal Zeybek, Prezident Aparatı İctimai Siyasi şöbənin əməkdaşı Rasim Mirzəyev, Mədəniyyət və Turizm nazirliyi mətbuat şöbəsinin rəisi Çingiz Əlioğlu, millət vəkilləri Qənirə Paşayeva, Fazil Qəzənfəroğlu və digər tanınmış şəxslərlə birlikdə 200 nəfərdən artıq dinləyici iştirak edirdi.

      Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, yazıçı-dramaturq Hidayət Orucov, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç Əhməd Yəsəvi haqqında fikirlərini səsləndirərək, belə bir tədbirin keçirilməsini alqışladılar və təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər.

      Türkiyədən gəlmiş Prof. Dr. Hasan Kamil Yılmaz, Prof. Dr. Mustafa Kara, Avrasya Yazıçılar Birliyinin mətbuat müşaviri Ömer Kayırla yanaşı, görkəmli dinşünas akademik Vasim Məmmədəliyev, Prof. Buludxan Xəlilov, Dr. Rafiz Manafov, Dr. Mehmet Rıhtım, filologiya elmləri namizədi Arif Əmrahoğlu, Zaman Əsgərli, Xuraman Hümbətova, Firudin Qurbansoy Əhməd Yəsəvinin həyat və yaradıcılığı ilə bağlı bir-birindən maraqlı məruzələrlə çıxış etdilər.

      Qeyd olundu ki, 1093-1156-cı illərdə yaşamış Əhməd Yəsəvi Türk və İslam dünyasının tanınmış şəxsiyyətlərindən biridir. Yəsəvi islam dəyərlərini türk mədəniyyəti ilə birləşdirməklə türk xalqlarına böyük xidmət etmiş dahi alimdir. Onun bütün şeir və fikirləri “Divani-hikmət” əsərində toplanıb. O, ərəb və fars dilini mükəmməl bilsə də, əsərlərini qədim cığatay-türk dilində qələmə alıb. Bununla da türk dilinin inkişafına böyük töhfə verib. Bakıda təşkil olunan “Keçmişdən Günümüzə Xoca Əhməd Yəsəvi” adlı simpozium da onun irsinin ölkəmizdə daha dərindən öyrənilməsi məqsədi daşıyır. Bir neçə ölkədən nümayəndənin qatıldığı simpoziumda bildirildi ki, Yəsəvinin ideyaları və prinsipləri türk-müsəlman dünyasının birliyi baxımından çox önəmlidir. Yəsəvinin irsi yetərincə öyrənilsə də, Azərbaycanda fundamental tədqiq edilməyib. Bu səbəbdən də türk və Azərbaycan təşkilatları Yəsəvini öyrənmək üçün birgə layihə həyata keçirir, onun həyatı, türk ədəbiyyatı tarixində rolu, Türk-İslam cəmiyyətinin formalaşmasındakı fəaliyyətini öyrənmək məqsədi ilə bir sıra tədbirlər həyata keçiriləcək.

                  Türkiyənin sabiq mədəniyyət naziri Namık Kamal Zeybek bildirdi ki, XII əsrdə Azərbaycanda şairlər farscaya üstünlük verdikləri, şahlara mədhiyyələr oxuduqları bir vaxtda Türküstanda Xoca Əhməd Yəsəvi türk dilini göylərə yüksəldir, farscanı bilməsinə baxmayaraq şeirlərini türkcə söyləyir, onları oğuz, qıpçaq ləhcələrindən istifadə edərək cığatay türkcəsində yazırdı.

            Qeyd edək ki,  Əhməd Yəsəvi türklərə müsəlman olmağı öyrətməklə yanaşı, çeşidli məzhəb və qrupların ortaq təməl qəbul etdikləri və hörmətlə yanaşdıqları İslamın türk yorumunun da təmsilçisi idi.  Onun minlərlə tələbəsi, müridi mürşidlərinin hikmətlərini Türk coğrafiyasının dörd bir yanına, o cümlədən də Anadoluya yaydılar. Məhz buna görə də bu yerlərdə İslam dini daha sıx tutuldu, geniş yayılıb xalq arasında özünə dərin kök ata bildi.

      Tədbirin sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim təşkilat komitəsi adından hər kəsə öz təşəkkürünü bildirdi və bu qəbildən olan tədbirlərin davam etməsini təmənni etdi. 

      • Hits: 699 clicks

      Tecox component by www.teglo.info