Rəhman Nuriyev İlə Reportaj

      Share

      1.      Hafizlikdə ilk olmaq necə bir duyğudur?

      Hafizlikdə ilk olmaq təbii ki möhtəşəm bir duyğudur. Ümumiyyətlə sadəcə hafizlikdə yox hər şeydə ilk olmaq gözəl bir duyğudur. Gözəl duğyu olmaqla yanaşı eyni zamanda ilk olmağın çox böyük əhəmmiyyəti və məsuliyyəti vardır. Çünki ilk olanlar cəmiyyətdə eyni zamanda ilk cığırları da açır. Burada təbii ki atılan hər addıma diqqət yetirmək lazımdır. Çünki ilk addım atanlar əgər nümunəvi addım atarlarsa onlardan sonra gələnlərin bu yöndəki hər addımında ilk addım atana savab və mükafat vardır. Bunun əksi də belədir. Bu barədə Peyğəmbərimizin bir hədisi-şərifini burada xatırlayaq. Peyğəmbərimiz buyurur: “Kim İslamda yaxşı bir cığır açarsa açdığı cığırın savabı və özündən sonra onunla əməl edənlərin savabları, savablarından heç bir şey əksilmədən ona aiddir...” (Nəsai, Sünən, V, 99)

       

      2.      Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən hansı hafizlik müəssisələri mövcuddur, onların fəaliyyəti sizcə qənaətbəxşdirmi?

       

      Azərbaycanda hal-hazırda fəaliyyət göstərən yeganə hafizlik müəssisəsi Şəki şəhərində yerləşən Şəki İslam Mədrəsəsidir. Şəki İslam Mədrəsəsi 1993-cü ildən bu yana hafizlik fəaliyyəti ilə məşğuldur. Həmin tarixdən etibarən heç ara vermədən hafiz yetişdirməyə davam edən Şəki İslam Mədrəsəsi indiyə qədər 148 hafiz məzun vermişdir. Bu heç də bu müddət  ərzində kiçik bir rəqəm deyildir. Çünki hafizlik o qədər də asan bir iş deyildir. Hafiz olmaq möhkəm iradə, çox çalışmaq, əzmkar olmaq və ən mühümü böyük səbr tələb edir. Hafiz olmaq istəyən adamda bu sayılanlar olmazsa onun hafiz olması mümkün deyildir. Həmişə müəllimlərimiz deyərdi: Hafizlik çox çətin məsələdir. Şəki-Qəbələ Bölgə qazısı, mühtərəm böyüyümüz, Şəki İslam Mədrəsəsinin ən böyük təşəbbüskarı hamımızın yaxından tanıdığı Hacı Səlim Əfəndinin mən burda bir sözünü xatırlatmaq istərdim. O hər zaman belə deyər: “Bir Valideyn əgər istəsə övladını istədiyi universiteti oxuda bilər, ordan ona diplom ala bilər. Ancaq hafiz edə bilməz.” Çünki hafizlik tamamən şəxsi istəyə və fərdi çalışmağa bağlıdır. Bu işdə valideynin və ya bir başqasının o qədər də rolu yoxdur. Ona görə hafiz çox çətin bir işdir. Əgər asan olsaydı bu gün hafizlərin sayı çox olardı. Mədrəsəmizə hafizlik üçün müraciət edənlərin və buna cəhd göstərənlərin sayı heç də az deyil. Ancaq onlardan sadəcə 148 nəfəri bu işin öhdəsindən layiqincə gələbildi.

      Bütün bunlardan əlavə mədrəsəmiz yeni açıldığı vaxtlarda Azərbaycanın problemləri çox idi.  Mən yaxşı xatırlayıram ilk vaxtlar çox çətin dövrlər idi. Azərbaycanda bir yandan müharibə bir yandan da həmin müharibənin ölkəyə vurduğu maddi və mənəvi zərbələr. 1992-ci ildə Şəki İslam Mədrəsəsi hələ yatılı statusa keçməmişdi. Biz gündüz gəlib hafizlik dərslərimizi oxuyub gedirdik. O vaxtlar Şəkiyə tez tez müharibədə şəhid olmuş vətəndaşlarımızın cənazəsi gələrdi. Biz də hafizlik dərslərimizi oxuduqdan sonra şəhid cənazəsinə gedərdik. Bəzi həftələr iki, üç şəhidimizin cənazə namazını qılardıq.    

      Digər tərəfdən də ölkədə kasıbçılığın faizi həddən artıq yüksək idi. İşıq, su, qışda istilik problemlərini də bunlara əlavə etsək həqiqətən şərait çox ağır idi. Bütün bunlara baxmayaraq Şəki İslam Mədrəsəsi öz fəaliyyətinə qətiyyən ara vermədən davam etdi. Hətta getdikcə daha inkişaf etdi. Allaha şükür bu gün bu səviyyələrə gəlib çatdı. Mən fürsətdən istifadə edərək mədrəsəmizin bu səviyyəyə çatmasında bütün əməyi keçənlərə; başda Qafqaz Müsəlmanları İdarəsinin Rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinə, idarənin digər rəhbərlərinə, Türkiyədən başda Hüdayi Vəqfinin Fəxri Başqanı, çox möhtərəm böyüyüyüz Osman Nuri Topbaş həzrətlərinə və bu vəqfin digər çalışanlarına, mədrəsəmizin yarandığı gündən bu günə gəlib çatmasına qədər misilsiz zəhməti olan Şəki-Qəbələ Bölgə Qazısı çox hörmətli Hacı Səlim Əfəndiyə, Gəncliyə Yardım Fonduna və burda adlarını çəkmədiyim bütün mütəşəbbiskarlara öz dərin minnətdarlığımı bildirir, Allah Təaladan bunun qarşılığını görmələrini təmənna edrəm.

      Şəki İslam Mədrəsəsinin fəaliyyəti məncə qənaətbəxşdir. Çünki hal-hazırda Şəki İslam Mədrəsəsi demək olar ki, hafizliklə əlaqəli bütün standartlara cavab verən bir mədrəsədir. Ancaq 8 milyonluq bir ölkə üçün bir hafizlik müəssisəsi olduqca azdır. Bunların sayının çoxaldılması lazımdır. Bunun üçün ciddi işlər görülməlidir.

       

       

      3.      Dünya miqyasında müsəlman bir millət kimi hafizlərimizin olması və ya olmaması nə ifadə edir?

      Dünya miqyasında bizim hafizlərimizin də olması və ya dünya hafizlərinin içində bizim hafizlərimizin yer alması bizim üçün çox şərəfli bir duyğudur təbii ki.  70 il sonra Azərbaycanda yetişən ilk hafizlərin dünya çaplı hafizlik müsabiqələrində iştirak etmələri həm Azərbaycan üçün həmdə hafizlərimiz üçün çox çox əhəmmiyyətlidir.

      1996-cı ildə (özümündə iştirak etdiyi) Şəkidə keçirilən ilk hafizlik mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri çıxış edərkən belə demişdi: “Mən əvvəllər xarici ölkələrdən beynəlxalq hafizlik müsabiqələrində iştirak etmək üçün çoxlu məktublar alırdım. Hamısını da götürüb qoyurdum bir kənara. Heç kimi tapa bilmirdim ki, hafizlik müsabiqəsinə göndərim. Ancaq indi əlhəmdulillah bu gündən etibarən bizim xaricdə ölkəmizi təmsil edəcək övladlarımız (hafizlərimiz) var.” Həqiqətən Şeyxülislam həzrətlərinin də qeyd etdiyi kimi Sovet dövründə beynəlxalq Qurani-Kərim müsabiqələrində iştirak etmək üçün müxtəlif İslam ölkələrindən Azərbaycana dəvətlər gəlirdi. Ancaq Azərbaycanda o zamanlarda hafiz olmadığına görə bu dəvətlərin hamısı cavabsız qalmışdır. Ona görə də uzun illər bu sahədə boşluq olmuşdur. Ancaq 1996-97-ci illərdən bu yana təxminən iyirmi dəfə hafızlərimiz beynəlxalq hafizlik müsabiqələrində çıxış etmiş, Türk dünyası üzrə hafizlik müsabiqələrində iki dəfə birinci və ikinci yerləri, bir dəfə üçüncü və dördüncü yerləri tutmuş, beynəlxalq müsabiqələrdə də həvəsləndirici mükafatlar almışlar. Bu günlərdə yenə əlimizə müxtəlif İslam ölkələrindən; Səudiyyə Ərəbistanı, Suriyə, Birləşmiş Ərəb Əmirlikləri (Dubay), İordaniya və Malazyadan hafizlik müsabiqələrində iştirak etmək üçün dəvətlər gəlib. Maşaallah istedatlı hafizlərimizin sayı günü-gündən artdığına görə biz bu müsabiqələrə hafiz göndərməkdə çətinlik çəkirik. Bu əslində çox sevindirici bir haldır.

      İnşallah hədəfimiz ən qısa zamanda beynəlxalq hafizlik müsabiqələrində dünya çempionluğunu əldə etməkdir. Buna da nail olacaq potensialımız var.   

       

      4.      Hansı hafiz-qurraları dinləyir və örnək alırsınız?

      Bir çox qari hafizi dinləyir və örnək alıram. Ancaq daha çox dinlədiklərimin arasında qarilərin şeyxi dünya çaplı hafiz Abdulbasit Abdussəməd, Mustafa İsmail, Əhməd Naina, Abdulmunim Tuhi, Mahmut  Tablavi, Türkiyəli qarilərdən İsmail Biçər, Fatih Çollak, Abdulqadir Şəhidoğludur. Bunlardan əlavə yenə bir çox məşhur qarini daimi olaraq dinləyirəm. Allah hamısından razı olsun.

      • Hits: 1145 clicks

      Tecox component by www.teglo.info