Nurlan MƏMMƏDZADƏ - NECƏ XİLAS OLA BİLƏRİK?

      Share

      İnsan həyatı vərdişlərlə doludur. Hər birimiz yaşadığımız ömür boyu müəyyən vərdişlərə yiyələnirik. Bütün bunlar yaxşı və ya pis vərdişlər adı altında kateqoriyalara ayrılır. Maraqlı məqamlardan biri də odur ki, insanın yaxşı vərdişlərə yiyələnməsi bəzən uzun zaman ala bilir, lakin həmin faydalı vərdişdən soyuması asanlıqla baş verir.

      Bunun əksinə olaraq zərərli vərdişlərə yiyələnmək asan, lakin onlardan qurtulmaq da o nisbətdə daha ağırdır. Zərərli vərdişin bir sonrakı mərhələsi isə asılılıq adlanır. Asılılıq insanın fiziki, sosial və psixoloji cəhətdən zərər görməsinə baxmayaraq özünü hansısa bir şəxsə, əşyaya, maddəyə, yaxud da hərəkətə məcbur hiss etməsi və ona tabe olması deməkdir. Asılılıq məngənəsinə girənlər asılı olduqları davranışı davamlı olaraq təkrarlamaq ehtiyacı hiss edərlər. Bu gün ümumi olaraq asılılıq dedikdə daha çox maddə asılılığı göz önünə gəlir və bu qəbildən olaraq əsasən spirtli içkilərə, uyuşdurucu maddəyə, qumar və siqaretə qurşananlar yada düşür. Bir də son zamanlar fərqinə vardığımız, lakin bəşəriyyəti uçuruma sürükləməsi baxımından digərlərindən heç də geri qalmayan, son dövrün modasına çevrilən texnoloji asılılığı da gözdən qaçırmamalıyıq. Bu yazımızda tez-tez zərərli olduğunu dilə gətirdiyimiz bu kimi vərdişlərin bəşəriyyət üçün nə qədər təhlükəli olduğuna işıq tutmağa çalışacağıq.

      Bütün pisliklərin anası: içki

      Həzrət Peyğəmbər (s.ə.s) içkinin nə qədər zərərli olduğunu bildirmək üçün hədisi-şərifində belə buyurmuşdur: “İçki bütün pisliklərin anasıdır”. Yəni insanı Allahdan uzaqlaşdıran bir çox günahın, fərd və cəmiyyətlərin rifahını pozan əksər cinayətlərin yolu içkidən keçir. Ümumdünya Səhiyyə Təşkilatının 30 ölkə üzərində apardığı araşdırma nəticələrinə baxanda Hz. Peyğəmbərin bu sözünün nə qədər doğru olduğunu bir daha görürük. Belə ki, verilən statistik məlumata əsasən bu 30 ölkədə baş verən cinayətlərin 85%-i, təcavüz hadisələrinin 50%-i, şiddət və zorakılıq hadisələrinin 50%-i, yol-nəqliyyat qəzalarının 60%-i, qadına qarşı zorakılıq hadisələrinin 70%-i əsasən spirtli içki qəbul edən şəxslər tərəfindən törədilmişdir. Əlbəttə ki, spirtli içkinin zərərləri bununla bitmir, eyni zamanda qəbul edənlərin də fiziki və psixoloji durumuna ciddi zərərlər vurur. Məsələn, dünya üzrə aparılan ümumi statistik hesablama nəticələrinə görə, hər il üç milyon yarım insan spirtli içkilərin yol açdığı xəstəliklərdən dünyasını dəyişir. Dünyada içkinin səbəb olduğu zərər içki sektorundan əldə edilən xeyirdən qat-qat artıqdır. Yeniyetmələr arasında təhsilsizlik, cinayətə meyil və içkiyə bağlı sağlıq problemləri içkidən istifadə ilə paralellik ərz etməkdədir.

      Ən acınacaqlı hal isə ondan ibarətdir ki, bu qədər zərərlərinə rəğmən dünyada spirtli içkilərdən istifadə hər gün bir az daha artaraq alkoqolizmə aludə olanların sayı durmadan çoxalmaqdadır. Statistikaya görə dünyada içkidən istifadə edən 2 milyard insanın 76 milyonu içki aludəçisidir. “Yeşilay”ın verdiyi rəsmi rəqəmlərə görə isə Türkiyədə spirtli içkidən ilk istifadə yaşı 11-ə qədər geriləmişdir. Bu da, təəssüf ki, sonrakı dönəmlərdə asılılıq riskini artırmaqdadır.    

      Asan yoldan varlanma utopiyası: qumar

      Bir digər zərərli vərdiş qumardır. İlk başda məsum əyləncə vasitəsi kimi görünən qumar toplumun iqtisadiyyatına qoyulan və nə zaman partlayacağı bəlli olmayan dinamitə bənzəyir. Qumar oynayanların psixoloji durumunu təhlil edənlər əksəriyyətlə onların asan yoldan zəngin olma xülyasına qapıldıqlarını söyləyirlər. Bu düşüncəyə qapılanlar zənginliyin bir addımlığında olduqlarına inandıqları üçün əllərində olan hər şeyi bir göz qırpımında tərəddüd etmədən fəda edə bilirlər. Müflisləşən qumarbazların borca girərək və ya oğurluq kimi cinayət yolu ilə ələ keçirdikləri ilə yenidən qumar masasına can atması isə itirdiklərini yenidən qazanma ümidinin əbəs çırpınışlarından başqa bir şey deyil. Lakin onlar bir şeyi unudurlar: “Hər zaman qumarı oynayanlar deyil, oynadan qazanır”. Qumarın fərdə, ailəyə və cəmiyyətə böyük zərərlərinin olması danılmaz acı gerçəklərdəndir.

      Qumarla bağlı, bəlkə də, bir o qədər üzərində durmadığımız ən böyük təhlükələrdən biri isə texnologiya və internetin inkişafı sayəsində məhz bu sektorun da get-gedə böyüməsi və tələsinə düşənlərin sayının durmadan artmasıdır. Hələ bundan 6 il əvvəl, yəni 2014-cü ildə Türkiyənin zərərli vərdişlərlə mübarizə qurumu olan “Yeşilay” sədrinin “Sabah” qəzetinə müsahibəsində virtual qumarla bağlı dilə gətirdiyi acı gerçəkləri oxuyub əndişələnməmək mümkün deyil. Sözügedən müsahibədə deyilir: “Əslində, vəziyyətin ən təhlükəli tərəfi qumarın xüsusilə gənclər arasında yayğın hal alması ilə bağlıdır. Rəsmi statistikaya görə yaşı 18-dən aşağı olan gənclər kütləvi formada şans oyunlarına can atırlar. Lotereya və şans oyunlarına meyl edən 18 yaşdan aşağı yeniyetmələrin 28,4%-i “sayısal loto”, 25,9%-i “piyanqo”, 25,9%-i “iddia”, 19,8%-i isə “həmən qazan” oynayır. Kredit kartları ilə pul köçürərək oynanan adi “okey” oyunu belə bizə bəsit kimi görünsə də, yeniyetmələri asanlıqla qumar asılılığına sürükləməkdədir. İnternetin məşhur qumar saytlarından birinin yayımladığı statistikaya əsasən son illər ərzində onlayn qumar oynayanlar arasında 18-25 yaşlı gənclərin sayı xeyli artmışdır”.

      Səsləndirilən bu fikir və verilən statistik məlumatlar hər nə qədər birbaşa Türkiyə ilə əlaqəli olsa da, əslində müqayisə yolu ilə ölkəmizdə də vəziyyətin heç də ürəkaçan olmadığını görmək mümkündür. Məktəbli yeniyetmələrin öz valideynlərindən bufetdə xərcləmək üçün aldıqları pullarını lotereyalara xərclədiyini bir çoxlarımız dəfələrlə görmüşük. Təəssüf ki, şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən “Topaz”lardan tutmuş virtual kazinolara qədər gəncləri qumara təşviq edən amilləri görməzlikdən gəlməklə uçuruma gedən gələcəyimizi xilas edə bilməyəcəyik. 

      Uyuşdurucu maddə asılılığı

      Beyinləri iflic edən, qəlbləri ülvi duyğulardan məhrum qoyan, gənc qönçələrimizi açmadan solduran zərərli vərdişlərdən biri də məhz uyuşdurucu maddə asılılığıdır. Dünyaya hakim olan kapitalist sistemin bir tələbi olaraq hər şeyin maddədən ibarət olduğunu zənn edənlər və həyatı sadəcə oyun-əyləncədən ibarət görənlər həzz almaq məqsədi ilə daim müxtəlif yollara əl atmaq məcburiyyəti hiss edirlər. Əl atılan bu kimi şeytani yollardan biri də uyuşdurucu maddələrdir. Uyuşdurucu maddələrdən istifadə ilə bağlı verilən statistikaya nəzər saldıqda, təəssüf ki, bu zərərli vərdişin də getdikcə dünyanı məngənəsinə aldığını görürük. BMT-nin 2018-ci ildə verdiyi “Dünya Uyuşdurucu Raportu”na görə, dünyada 31 milyon insan uyuşdurucu maddə asılılığından əziyyət çəkir. 2016-cı ilin statistikası ilə müqayisədə bu sayın 1,5 milyon artım göstərməsi vəziyyətin getdikcə daha da ağırlaşmasından xəbər verir. Həmin sənədə əsasən iki il bundan əvvəl dünyada uyuşdurucudan istifadə edənlərin ümumi sayı 275 milyon olaraq göstərilir. Halbuki bu say 2016-cı ildə 250 milyon idi. İstifadəsinə bağlı olaraq bu kimi təhlükəli maddələrin son illərdə istehsalında da ciddi artış müşahidə edilir. Əfqanıstanda əkilən xaşxaş sayı 2016-cı illə müqayisədə 2017-ci ildə 65% artaraq 10500 tona çatmışdır. Aparılan son araşdırmalar nəticəsində uyuşdurucu maddələrdən ilk istifadənin 5-14 yaş sərhədinə yaxınlaşması təhlükənin ciddiliyindən xəbər verir.

      Tütün asılılığı

      İçki və qumar qədər təhlükəli görünməyən, lakin zərər baxımından heç də digərlərindən geri qalmayan bir başqa zərərli vərdiş də məhz tütün asılılığıdır. Siqaret çəkənlərin say baxımından digər zərərli vərdiş aludəçilərindən daha çox olması insan sağlamlığına vurduğu saysız-hesabsız zərərlərlə yanaşı, hər gün ailə büdcəsini yavaş-yavaş əritməsi kimi acı nəticələrin böyük ölçüdə yaşanmasına gətirib çıxarır.  

      Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumların statistik məlumatlarına görə, hazırda dünyada 1,1 milyard siqaret aludəçisi var. Hər il siqaretin səbəb olduğu ölüm sayı 4,9 milyondur. Bu da bir gündə 328 ölüm deməkdir. Nikotin asılılığı eynilə uyuşdurucu asılılığı kimi toruna düşənlərin çətinliklə qurtulduğu bir bəla olaraq bəşəriyyəti təhdid etməkdədir. Bunun bariz nümunəsi kimi hər il 35 milyon insanın siqareti tərgitməyə təşəbbüs etdiyini və əksəriyyətinin ilk günlərdə tütün canavarı qarşısında təslim olduğunu göstərmək kifayətdir. Siqaretə başlama dövrünün əsasən orta məktəb illərinə təsadüf etməsi isə təhlükənin ciddiyyətindən xəbər verir. Məktəb binalarının qaranlıq zirzəmilərində, gizli guşələrində yandırılan ilk siqaretin acı tüstüsü birbaşa yeniyetmə və gənclərimizin gələcəyini qaraltmaqdadır. Siqaretin yalnız bir xeyri var, o da qlobal kapitalizmin çarxlarından biri olan tütün şirkətlərinə. Sadəcə 2013-cü ildə dünyadakı 6 böyük tütün şirkətinin illik qazancının 44 milyard dollardan artıq olduğunu göz önünə gətirdiyimizdə televiziya ekranlarında və bu kimi platformalarda siqaretin nə üçün bu qədər reklam olunduğunu anlamaq mümkün olur.

       

      İnternet asılılığı

      Texnoloji inkişaf və bunun nəticəsində internetin yayğınlaşması qısa zaman ərzində insanlar arasında yeni bir xəstəliyin yaranmasına gətirib çıxartdı. Xüsusilə gənclər üzərində müşahidə olunan internet asılılığı bir sıra məşhur sosial şəbəkələr tərəfindən daha da tətiklənərək, təəssüf ki, geniş vüsət almışdır. Əlbəttə ki, texnologiyanın, dolayısı ilə internet vasitələrinin həyatımıza gətirdiyi bir çox faydalar mövcuddur. Lakin insanın bu kimi vasitələrdən istifadə xüsusunda özünənəzarət mexanizmasını itirməsi ciddi zərərlərə səbəb olmaqdadır. Eynilə digər asılılıqlarda olduğu kimi internet və texnologiya asılılığında da insanlar aludəçisi olduqları vasitələrdən məhrum qaldıqda stress və əsəb gərginliyi yaşamaqdadırlar. “Sadəcə bir neçə dəqiqə”lik oturulan kompüter masasından saatlar sonra ayrılmaq, vaxtın necə keçdiyinin fərqində olmamaq hər şeydən əvvəl zaman israfından xəbər verir. Gözlərin zəifləməsi, qamət pozğunluğu, halsızlıq, xroniki hal alan boyun ağrıları, yuxusuzluq kimi sağlamlığa dəyən zərərlə yanaşı, dərs və yaradıcı çalışmalarda geriləmə, internet yoldaşları ilə kifayətlənərək gerçək sosial mühitdən təcrid olunmaq kimi bir sıra fərdi və ictimai problemlər məhz texnoloji asılılığın gətirdiyi acı nəticələrdən bir neçəsidir.

      Son olaraq qeyd etmək lazımdır ki, bəşəriyyətin xilası naminə burada sadaladığımız və sadalaya bilmədiyimiz bütün zərərli vərdişlərdən uzaq durmaq hər birimizin insanlıq borcudur. Çünki bunu bizə uca dinimiz əmr edir. Qurani-Kərim və Həzrət Peyğəmbər (s.ə.s) önümüzə halal-haram sərhədi qoyaraq həyatı necə yaşamalı olduğumuza bələdçilik edir. Bu ikisi arasında şübhəlilərin olduğunu xəbər verən Peyğəmbərimiz bizə onlardan da uzaqlaşmalı olduğumuzu təlqin edir. Elə isə hüzur dolu bir dünya yaşamaq istəyiriksə, özümüzü və yaxınlarımızı bu kimi haram və şübhəli kateqoriyasına girən zərərli asılılıqlardan qorumalıyıq. Əbədi axirət səadəti arzulayırıqsa, bu günümüzü heç bir mənası olmayan boş və zərərli vərdişlərdən uzaq yaşamalıyıq. Bu bataqlığa düşənlər üçün düşünməliyik: “Necə xilas ola bilərik?”.   

      • Hits: 15 clicks

      Tecox component by www.teglo.info