Dr. Rüfət ŞİRİNOV - ŞƏRƏ QIFIL OL!

      Share

      Hər gün müxtəlif zaman və məkanlarda hər birimiz ya yaxşılıq, yaxud da pisliklə qarşılaşırıq. Belə halda kimə necə reaksiya verəcəyimizi bilmir, bəzən də həddimizi aşırıq. İmdadımıza Qurani-Kərimdəki bu ayə çatır: “Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar”. (əl-Fussilət, 34) İslam dini xeyir əməllər işləməyi əmr etməklə yanaşı, pis əməlləri qadağan edir və biz müsəlmanlara şərə mane olmağı buyurur. Xeyir geniş əhatəli və faydalı olan bütün əməllərdir. Şər isə bunun ziddidir. Yəni İslam nöqteyi-nəzərindən Uca Xaliqimizin rizasına müvafiq olan əməl və fəaliyyətlərimiz xeyir, Allahın razı qalmadığı əməl və davranışlarımız şərdir. Qurani-Kərimdə bir neçə ayədə möminlərin vəzifələri arasında xeyri əmr edib pis əməllərdən çəkindirmək qeyd edilir. Bu yazımızda şərə mane olmağa diqqət çəkiləcəkdir.

      İslam dini bataqlıqda boğulana əl uzadıb boğulmaqdan qurtarmağı tövsiyə edən bir dindir. “Hər kəs özü istədiyi kimi yaşaya bilər” düsturu İslam dinində məqbul deyildir. Bu, müasir qlobal mədəniyyətin nəticəsi olan istehlak anlayışının şüarıdır.

      Müsəlman əvvəla özündən, sonra qohumlarından, qonşularından, həmvətənlərindən və dindaşlarından məsuldur. Onların pis yola düşməsinə mane olmağa çalışmalıdır. Hz. Peyğəmbərin göstərdiyi metoda əsasən gücü çatarsa əli ilə, yoxsa dili ilə və yaxud qəlbi ilə narazılığını nümayiş etdirməlidir. Əvvəlki qövmlərin həlak səbəblərindən biri də məhz pisliyə və pis əməllərə əngəl olmamaq idi. Uca Allah Qurani-Kərimdə: “Onlar bir-birilərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir”, (əl-Maidə 79) - buyuraraq biganəlikdən çəkindirir. Rəvayətlərin birində buyurulur ki, Uca Allah mələklərindən birinə belə əmr edir: “Filan şəhəri əhalisinin başına çevir”. Mələk Allaha belə cavab verir: “Ey Rəbbim! Orada bir bəndən var, sənə bir an belə üsyan etməyib”. Allah belə buyurur: “Şəhəri onun da, digərlərinin də üzərinə çevir. Çünki onun üzü digərlərinin etdiyi pislik qarşısında heç dəyişmədi; Allah üçün onlara mane olmadı, qəzəblənmədi”.(Heysəmi) Bəli, İslam dini “Mənə dəyməyən ilan min yaşasın” ifadəsi ilə razılaşmır. Çünki o ilanın zərəri bir gün digərlərinə də sirayət edəcəkdir. Müsəlman özünə qarşı məsuliyyət daşıdığı kimi, ətrafına qarşı da məsuliyyət daşıyır.

      İslam hüququnda hökm təsis etmək üçün istifadə edilən dəlillərdən biri də “səddi-zərayi”dir; yəni pis yola aparacaq bütün yolları bağlamaq. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində biz müsəlmanlara belə buyurur: “İnsanlar arasında xeyrə açar və şərə qıfıl olanlar var. Həmçinin insanlar arasında şərə açar və xeyrə qıfıl (xeyrin yolunu bağlayan) olanlar da var. Allahın xeyrə açar etdiyi kəslərin xoş halına. Şərə açar olanların isə vay halına”. (İbn Macə) Xeyir əməllərə vəsilə olanlar onu işləmiş qədər savab qazandığı kimi, şər işlərə vasitəçilik edənlər də onu işləyənlər kimi günah qazanarlar.

      Yolda qarşısına çıxan əngəlləri qaldırmağın savab olmasına bu nöqteyi-nəzərdən baxdıqda məna kəsb edir. Dünya axirət üçün marafon yeridir. Xeyir qapısı tərəfə qaçan nicat tapdığı kimi, şər qapısına tələsənin də axırı rüsvayçılıqdır. Bu yarışmada digərlərinə badalaq vurmaq yoxdur. Yıxılana əl uzatmaq, onu da bərabərində mənzilə götürmək vardır. Bunu da qeyd edim ki, insanın daxilindəki nəfs, onun əzm etdiricisi şeytan və müasir kapitalist mədəniyyət bəşər övladını şərə yönləndirir. Mənəvi tərbiyədən keçməmiş nəfsin istək və arzuları tükənmədiyi kimi, şeytan da Allaha verdiyi “inananları haqq yoldan azdıracağam” vədini yerinə yetirməyə çalışır. İstehlak çılğınlığını şüar seçən kapitalizm sistemi üçün də israf edən, ancaq özünü düşünən, digərlərinə biganə yanaşan fərdlər lazımdır. Bunların tələlərinə düşməmək üçün ancaq əslimizə, milli mədəniyyətimizə sahib çıxmalı, ənənəmizin fəsad yox, nicat olduğunu unutmamalıyıq. Çünki bizim mədəniyyətimiz vəhy əsasında qurulub.

      İslam dini tikan uzadana gül uzatmağı, qaya kimi olana pambıq zərafəti göstərməyi, selin qarşısında dəniz olmağı öyrədir. Görkəmli İslam mütəfəkkiri, irfan alimi Nəqşbənd həzrətləri bu həqiqəti necə də gözəl təsvir edir: “Ellər buğda, mən saman. Ellər yaxşı, mən yaman”. İslam dinini bu incəlik və zərafətlə anlayıb başa salsaq, bu incəlikləri həyatımıza tətbiq etsək, imanın əsl dadını almış olarıq. Dünyaya bu İslamı, yəni Quran və sünnənin öyrətdiyi İslamı tanıtmalıyıq. Anlayaraq, anladaraq və yaşayaraq. 

      • Hits: 13 clicks

      Tecox component by www.teglo.info