Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 9

      Share

      Yunus Əmrə həzrətləri buyurur:

      Bu can neməti qanı,[1]

      Gəlin bulalım anı.[2]

      Asayiş qılan canı,

      Övliya söhbətidir.

      Söhbət canı səmirtir,

      Həm aşiqin ömrüdür.

      Haqq Çalabın əmrilə,

      Ərənin himmətidir.

      Bədənin maddi qidaya ehtiyacı olduğu kimi, ruhun da mənəvi qidaya ehtiyacı var. İbadətlərin hər biri ruha verilən ayrı-ayrı vitamin kimidir. Eynilə bunun kimi, təsəvvüfi tərbiyə üsullarının ən mühümlərindən biri olan “söhbətlər” də könül feyzini artıran mənəvi ziyafət süfrəsidir.

      Rəsulullah r əshabını söhbətləri ilə yetişdirmişdir. Deyə bilərik ki, səhabəni “səhabə” edən də elə məhz onların peyğəmbər söhbətinin bərəkəti ilə kamala çatmalarıdır.”Söhbət” və “səhabə” sözü də eyni kökdən gəlir. Bu etibarla əsri-səadətdən günümüzə qədər gəlib çatan feyz və ruhaniyyət vəsiləsi olan söhbət müəkkəd sünnədir.

      Əshabi-kiram nəbəvi söhbət əsnasında sanki başlarının üstünə quş qonmuş və tərpənsələr uçurtmaqdan qorxurmuş kimi[3] diqqətlə, ibadət vəcdi ilə Peyğəmbərimizi dinləyirdilər. Bu sayədə Rəsulullahın mübarək ağzından çıxan sözləri ilə birlikdə mübarək simasında əks olunan, kəlmələrlə ifadə edilməyəcək hallarından da -qəlbi istedadları nisbətində- nəsib alırdılar.

      Bu baxımdan əslində söhbət sadəcə dörd divar arasında kitab oxumaq, vəz və nəsihət etmək və bunları dinləmək fəaliyyətindən ibarət görülməməlidir. Mənəvi söhbətlərdən əsl istifadə kitab sətirlərindən deyil, qəlbdən qəlbə gerçəkləşən hal sirayətindən qaynaqlanır.

      Mən uşaq olanda rəhmətlik atam Musa Əfəndi məni də özü ilə birlikdə Sami Əfəndinin söhbətlərinə aparardı. O söhbətlərdə eşitdiklərimi anlaya bilməsəm də, oradakı mənəvi havanın, yaşanan xüşu və hüzur halının uzun müddət təsiri altında qalardım.

      Tələbəlik illərimdə də rəhmətlik atamın Sultantəpədəki köşkündə Sami Əfəndi söhbətlər edərdi. Hər sinifdən insan bu söhbətlərdə iştirak edərdi. Sami Əfəndinin yanında İstanbul müftisi və sonradan Diyanət İşləri Başqanı olan Ömer Nasuhi Əfəndi, Beşiktaş müftisi Fuad Əfəndi, Eminönü və İstanbul müftiliyi vəzifəsini icra edən Bekir Haki Əfəndi, yəni Osmanlıdan qalan son böyük alimlər oturardı. Mən də öz-özümə:

      “Bu alimlər söhbətdə bəhs olunan mövzuları daha ətraflı, bütün incəliklərinə qədər bilirlər. Bildikləri mövzuları yenidən dinləmək üçünmü gəliblər?” – deyə heyrət edərdim.

      O böyük zatlar qələbəlik bir camaatın arasında ədəblə söhbətə qulaq asar, Sami Əfəndi ilə qarşılıqlı hörmət duyğuları ilə görüşər, oradan ədəb və hüzurla ayrılardılar.

      Sonradan başa düşdüm ki, bu söhbətlər “haldan təsirlənmə” məclisləridir. Elmlə yanaşı, irfana və könül feyzinə də ehtiyac var. Söhbətdə mühüm olan da salehlərin halından, onlardakı Rəhmani nəfəsdən və Rəbbani füyuzatdan nəsib ala bilməkdir.

       

      Yunus Əmrə həzrətlərinin:

      “Ərənlərin söhbəti,

      Artırır mərifəti…” - buyurduğu kimi, təsəvvüfi söhbətlər də zehinə bilik ötürmə fəaliyyəti deyil, qəlblərdəki ixlas və təqva, məhəbbət və mərifət nurunu artıran hal sirayətidir. Ona görə də böyüklər: “Yolumuz söhbət yoludur”, - buyurmuşlar.

      Loğman u da oğluna belə tövsiyə etmişdir:

      “Oğlum, alim (və arif) kəslərlə birlikdə ol və onların söhbətindən uzaq qalmamağa çalış! Çünki Allah-Təala yağışla torpağı canlandırdığı kimi, hikmət nuru ilə də qəlbləri canlandırır”. (Əhməd bin Hənbəl, Kitabuz-Zöhd, hədis № 552; Heysəmi, I, 125)

      Həmçinin məsciddə camaatla qılınan namazlar möminlərin din qardaşları ilə görüşüb hal-xətir soruşmalarına, bir-biriləri ilə maraqlanmalarına səbəb olduğu kimi, söhbətlər də eynilə bu cür ictimailəşmə vəsiləsidir.

      Möminlərin heç bir dünyəvi mənfəət gözləmədən din qardaşlarını sevməsi, onların sevinci qədər kədərini də bölüşməyə könüllü olması, yəni din qardaşlığını yaşaması Allah qatında çox qiymətli saleh əməllərdəndir.

      Bir hədisi-şərifdə buyurulduğu kimi, heç bir kölgənin olmadığı bir gündə Ərşi-Əlanın kölgəsində kölgələnəcək yeddi sinif mömindən biri də bir-birini Allah üçün sevən, görüşüb ayrılmaları bu məhəbbətlə gerçəkləşən möminlər olacaqlar.[4] Mənəvi söhbətlər də bu fəziləti ən gözəl şəkildə təhsil və tətbiq etmə məclisləridir.

      Digər tərəfdən, neçə vaxtdır ki, pandemiyanın gətirdiyi qeyri-adi şərtlər və alınan sosial məsafə tədbirləri səbəbi ilə üz-üzə edilən söhbətlər artıq icra olunmamaqdadır. Bu səbəblə tez-tez “sosial şəbəkələr vasitəsi ilə söhbət etmək olarmı?” sualı ilə qarşılaşırıq.

      Su olmayan yerdə təyəmmümə cəvaz vermək qəbilindən və zərurət səbəbi ilə buna izin var. Lakin qeyd etmək lazımdır ki, bu cür edilən söhbətdən üz-üzə edilən söhbətdə olduğu kimi qəlbi istifadənin hasil olması mümkün deyil. Ekranlardan edilən söhbətlərlə, bəlkə də, zehinlərə bir sıra bilik və təcrübələr ötürülə bilər. Lakin əsri-səadətdən günümüzə qədər davam edən söhbət üsul və ədəbinin təmin etdiyi könül feyzini, xüşu və hüzur halını bu yolla əldə etmək olduqca çətindir.

      Nə qədər ki, səs və görüntünü ötürən ekranlardan qoxunu ötürmək mümkün deyil, üz-üzə edilən söhbətlərin mənəvi halını da ekranlardan almaq mümkün deyil. Çünki söhbətlərdə Rəsulullahın (s.ə.s) hissiyyat və halının da səhabələrə sirayət etməsi kimi, orada oxunub anladılanlardan başqa, qəlbdən-qəlbə səssiz və sözsüz hissiyyat axışı gerçəkləşir.

       

      Yunus Əmrə həzrətləri buyurur:

      Ay və günəş müştaq durur[5]

      Dərvişlərin söhbətinə.

      Fəriştələr[6] təsbih oxur,

      Zikr edər dərvişləri…

      Hədisi-şəriflərdə buyurulur:

      “Allahın evlərindən birində Allahın kitabını oxumaq və aralarında müzakirə etmək üçün bir yerə toplaşan camaatın üzərinə səkinə enər, onları rəhmət bürüyər və mələklər onları əhatə edər. Allah-Təala yanındakılara onların adını zikr edər”. (Əbu Davud, Vitr, 14; İbn Macə, Müqəddimə, 17)

      “Allah-Təalanın bir qrup mələyi var ki, onlar yollarda dolaşaraq zikr əhlini axtararlar. Allah-Təalanı zikr edən bir camaata rastladıqda bir-birilərinə belə səslənərlər:

      “Gəlin, axtardığınız buradadır”. Bu zaman mələklər dərhal gəlib qanadlarını zikr əhlinin ətrafına gərər və səmaya qədər onları əhatə edərlər...” (Buxari, Dəavat, 66)

      Söhbətlər də Allahın anıldığı zikr məclisləridir. Mələklər yer üzündə bu kimi məclisləri böyük həvəslə axtararlar. Bu səbəblə saleh möminlərin söhbət və zikr məclislərinə də rəhmət, hüzur və səkinə nazil olar. Bu kimi məclislərdə olmağın, bəlkə də, ən böyük faydası məhz bu nöqtədədir.

      Yayılan pandemiya səbəbi ilə yaşanan müvəqqəti və zəruri axsamalar əsla könüllərdə tənbəllik, səhlənkarlıq və qəflətə çevrilməməlidir.

      Suyun əldə olunması ilə təyəmmümün pozulması kimi, zərurət aradan qalxdığı zaman da feli bərabərliklə qəlb-qəlbə, üz-üzə edilən mənəvi söhbətlərə şövqlə davam etmək lazımdır.

      Bu günün özündə də imkan daxilində, izdiham yaratmadan və sosial məsafə şərtlərinə diqqətlə riayət edərək üz-üzə söhbətlərə davam edilə bilər.

      Yunus Əmrə həzrətləri hər hansı bir üzrü olmadan mənəvi söhbətlərdən uzaq olanları belə tənqid edir:

      Bu söhbətə gəlməyənlər,

      Haqq nəfəsi almayanlar.

      Sürün anı bundan getsin,

      Durur isə çox iş edər!

      Həmçinin nəfsinə məğlub olaraq söhbət kimi müəkkəd bir sünnəni tərk edənlərin Allah və Rəsuluna eşq və məhəbbətdən də məhrum kəslər olduğunu belə dilə gətirir:

      Nəfs arzusundan keçib,

      Eşq qədəhindən içib,

      Söhbətlərdə baş çatıb,

      Durmayan aşiqmidir?

      Bir sözlə, mənəvi söhbətlərə böyük əhəmiyyət vermək lazımdır. Çünki söhbətlər saleh və sadiq möminlərlə məhəbbət haləsi içində həmhal olma məclisləridir. Bu baxımdan söhbətlər Haqq-Təalanın: “Ey iman edənlər, Allahdan qorxun və sadiqlərlə bərabər olun!” (ət-Tövbə, 119) əmrinə tabe olmağın feyz və bərəkətini də özü ilə gətirir.

      Atomun parçalanması ilə güclü enerji yarandığı və gözlə görülməyən, lakin şiddətli təsiri hiss edilən radiasiya yayıldığı kimi, saleh insanlarla birlikdə olunduğu zaman da təqvanı artıran qəlbi istifadə hasil olur. Fizikanın birləşmiş qablar qanununda olduğu kimi, eyni məqsədlə eyni məkanı və zamanı paylaşan insanların xüsusiyyətlərində də eynilik / bənzərlik meydana gələr.

      Əslində bütün kainatda eyniləşmə təmayülü mövcuddur. Bu, varlığının əslinin tək olmasından doğan bir keyfiyyətdir. Üstəlik bu eyniləşmə təmayülü həm fiziki keyfiyyətlər, həm də ruhi hallar üçün keçərlidir.

      Məsələn, otağın hansısa bir küncündə kəskin iyli bir ətir şüşəsi dağılsa, ətrafa yayılan rayihə otağı dolduran havanın bütün zərrələri ilə bərabərləşənə qədər, həmin ətri artıqlaması ilə əmən hava zərrələrindən digər zərrələrə doğru sirayət hasil olar. İsti-soyuq kimi zidd təcəllilər üçün də keçərli olan bu keyfiyyət bir fizika qanunudur. Ancaq bu qanunun könüllər arasında da keçərli ola bilməsi üçün eyniləşməni təmin edəcək bir vasitəyə ehtiyac var, o da məhəbbətdir. Bu həqiqəti ifadə qəbilindən “Qəlbdən-qəlbə yol var”, - deyilmişdir.

      İmam Qəzzali həzrətləri bu gerçəyi ifadə etmək üçün sadəcə mikrobların deyil, əxlaq və xasiyyətin də sirayət etdiyinə diqqət çəkmişdir. Yaxşılarla birlikdə olana yaxşılıq, pislərlə birlikdə olana da pislik sirayət edəcəyini bildirmişdir. Fasiq və qafillərlə birlikdə olmağın zamanla zehni bərabərliyə, zehni bərabərliyin də bir müddət sonra qəlbi bərabərliyə səbəb olacağını, bunun da insanı addım-addım həlaka sürükləyəcəyini ifadə etmişdir.

      Rəsulullah r belə buyurmuşdur:

      “Yaxşı yoldaşla pis yoldaşın misalı müşk satanla (dəmirçi dükanında) körük çəkənə bənzəyir. Müşk sahibi ya sənə ətrindən hədiyyə edər, ya da sən ondan satın alarsan. Körük çəkənə gəldikdə isə ya sənin paltarını yandırar, ya da onun pis qoxusu sənə sirayət edər”. (Buxari, Büyu, 38; Müslim, Birr, 146)

      Saleh və sadiqlərdən könüllərə hüzur və fərəh əks etdiyi kimi, qafil və fasiqlərdən də qatılıq və daralma əks edər. Qızılgül, yasəmən və qərənfil bağçasından əsən meh getdiyi yerə könülləri məst edən rayihəsini də aparar. Bunun əksinə, üfunət iyi verən zibillikdən əsən külək də həmin çirkin qoxuları ətrafa yayar, nəfəsləri tutar, ruhu daraldar. Bu səbəblə qəlb hüzurunu mühafizə etmək üçün qafil və fasiqlərlə ünsiyyətdən şiddətlə uzaq olmaq lazımdır.

      Şeyx Sədi belə deyir:

      “Əshabi-Kəhfin köpəyi Qitmir sadiqlərlə birlikdə olub onlara sədaqət göstərdiyi üçün böyük şərəfə nail oldu, adı Qurani-Kərimə düşdü. Nuh və Lut u-ın xanımları isə fasiqlərlə birlikdə olduqları üçün cəhənnəmə vasil oldular”.

      Xacə Übeydullah Əhrar həzrətləri belə buyurmuşdur:

      “Əğyar və biganələrlə birlikdə olmaq qəlbə bezginlik, ruha dağınıqlıq və könülə pərişanlıq verər”.

      Bəyazid Bəstami həzrətləri də bir gün daxili bir narahatlıq hiss edir. Heç cür həmin halı üzərindən ata bilmir. Məclisdəkilərə:

      “Baxın görək aranızda yad bir adam varmı?” - deyir. Araşdırırlar, lakin  belə birini tapa bilmirlər. Həzrət israrla:

      “Yaxşı-yaxşı baxın. Əsaların olduğu yerə də baxın”, - deyir. Təkrar araşdırırlar və qafil bir adamın əsasını tapırlar. Əsanı çölə çıxarandan sonra Bəyazid Bəstami həzrətlərinin könül hüzuru yerinə gəlir.

      Böyüklər bu xüsusda belə deyirlər:

      “İnsanların əməl və əxlaqından cansız varlıqlar da təsirlənərlər. Müxtəlif pisliklərin işləndiyi bir yerdə edilən ibadətlərlə saleh əməl və xeyirlərin işləndiyi məkanda edilən ibadət qiymət baxımından bir-birindən çox fərqlidir. Ona görə Kəbədə qılınan bir namaz digər yerlərdə qılınan namazlardan qat-qat üstündür”.[7]

      Həzrət Saleh u azğınlıqları ucbatından Səmud qövmü həlak edildikdən sonra iman edənlərə belə tövsiyə etmişdir:

      “Ey qövmüm, şübhəsiz ki, bura Allahın qəzəb etdiyi bir qövmün yeridir. Buradan dərhal köçün və Allahın həramına gedib əminliyə qovuşun!”.

      Bundan sonra ilahi əzabdan xilas olan möminlər ehrama girdilər, “ləbbeyk” sədaları ilə Məkkəyə üz tutdular.

      Yəni ilahi qəhrin təcəlli etdiyi yerlərdən uzaq olmaq lazımdır. Çünki qəhrin təcəlli etdiyi məkanlar düçar olduqları fəlakətin mənəvi təsirini də qiyamətə qədər üzərində daşıyar.

      Qeyd edəcəyimiz bu hadisə də sözünü etdiyimiz həqiqəti necə də gözəl ifadə edir:

      Təbuk səfərindən qayıdarkən əshabi-kiram kölgələnmək və su təmin etmək üçün Hicr vadisində Səmud qövmünün daşları oyaraq inşa etdiyi köşklərə girmişdilər. Bunu görən Peyğəmbərimiz r belə buyurdu:

      “Daşdan oyulan bu evlərə hüznlə girin! Oradan heç nə götürməyin! Çünki burada azğın bir qövmə ilahi əzab gəlmişdir!..”

      Səhabələr:

      - Ya Rəsulallah, tuluqlarımızı su ilə doldurduq və bu sudan xəmir yoğurduq, - dedikdə Həzrət Peyğəmbər r:

      - Suyu boşaldın, xəmiri atın! – deyə əmr verdi. (Buxari, Ənbiya, 17)

      Həmçinin Peyğəmbər r Vida Həccində Mina ilə Müzdəlifə arasındakı Muhassir vadisindən sürətlə keçdi. Səhabeyi-kiram heyrətlə:

      - Ey Allahın Rəsulu, nə üçün buradan sürətlə keçdiniz? – deyə soruşdular. Həzrət Peyğəmbər r buyurdu:

      - Haqq-Təala burada Əbabil quşlarını göndərərək Əbrəhənin fil ordusunu həlak edib. O qəhr təcəllisindən təsirlənməmək üçün sürətlə keçdim... (Bax. Müslim, Həcc, 147)[8]

      Ona görə də həcc ibadəti zamanı həmin yerdə vəqfəyə durulmur.

      Allah-Təala günah işlənən, üsyan edilən yerlərə rəhmət nəzəri ilə baxmaz. Sami Əfəndi haram və kərahətlərin işləndiyi məkanların yerləşdiyi küçələrdən belə keçməməyi tövsiyə edərdi.

      Bunun əksinə, Kəbeyi-Müəzzəmə, Rövzeyi-Mutahharə, Məscidi-Əqsa və digər məscidlərlə saleh və sadiqlərin olduğu məkanlar da ilahi rəhmət və bərəkət təcəllilərinin məzhər olduğu yerlərdir. Buraların feyz və ruhaniyyətindən faydalanmağa çalışmaq lazımdır.

      Başda insan olmaqla bütün varlıqların ətrafdakı müsbət və ya mənfi hadisə və təlqinlərdən təsirləndiyi bir gerçəkdir. Bu xüsusda Quran kurslarımızda dəfələrlə təcrübədən keçən bir hadisəni nəql etmək istəyirəm:

      Yan-yana olan iki otağın hər birinə qoyulan eyni növ çiçəklərdən birinin dibçəyinə əsmayi-hüsna yazılmış, ona Qurani-Kərim oxunmuş və zaman-zaman gözəl sözlər söylənmişdi.

      Digərinin dibçəyinə isə pis sözlər yazılmış, olduğu otaqda pop musiqisi səsləndirilmişdi. Bir-iki ay ərzində gözəl sözlər söylənən çiçək böyüyüb qol-qanad açmış, pop musiqisi altındakı çiçək isə saralıb-solmuşdu.

      Bu hal əşyanın belə ətrafında baş verənlərdən təsirləndiyini açıq-aşkar ortaya qoyur. Deməli, nəbatat və cəmadata (cansız varlıqlara) belə hal sirayət edirmiş. Elə isə onlardan daha həssas olduğuna inandığımız qəlbimizi mənfi təsirlərdən nə qədər ciddiyyətlə qorumalı olduğumuzu düşünmək lazımdır. 

      Həyatda ikən saleh insanların gözəl hallarından faydalanmaq üçün onların söhbətlərində iştirak etmək, sevgi və dostluqlarını qazanmaq, yaxınlığında olmaq lazımdır. Möminin, vəfatından sonra da, saleh insanların yaxınında olmasının əhəmiyyətini bu hədisi-şərif açıq şəkildə bəyan edir:

      “Ölülərinizi saleh insanların arasında dəfn edin. Həyatdakı insanın pis qonşudan narahat olması kimi, ölü də pis qonşudan narahat olar”. (Əbu Nuaym, Hilyə, VI, 354; Deyləmi, Müsnəd, I, 102)

      Məhz ona görə də İstanbulda Əbu Əyyub əl-Ənsari həzrətlərinin və bir çox diyarlarda böyük Allah dostlarının qəbirlərinin ətrafı onlara qonşu olmaq istəyənlər tərəfindən sanki şəhər qəbiristanlığına çevrilmiş haldadır.

      Allah-Təala hər birimizə bu dünyada saleh və sadiq bəndələri ilə həmdəm olub onların əxlaqı ilə əxlaqlana bilməyi, axirətdə də o salehlər zümrəsinə daxil ola bilməyi lütf etsin.

      Amin!..

       


      [1] Qanı: hanı, harada?

      [2] Anı: onu.

      [3] Bax. Əbu Davud, Sünnə, 23-24/4753; İbn Macə, Cənaiz, 37.

      [4] Bax. Buxari, Azan, 36.

      [5] Müştaq durur: arzulayar, istəyər.

      [6] Fəriştə: mələk.

      [7] Safei, Rəşahat, s. 470.

      [8] Həmçinin bax. Nəvəvîi, Şərhu Sahihi Müslim, VIII, 190; Əli əl-Qari, Mirqatul-Məfatih, V, 1774-1775.

       

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info