Əziz SULTANOV - DOMİNO

      Share

      Yorğun addımlarla kəndə çatan Qabil mağaza ilə çayxananın ortasında ayaq saxladı. Evə çörək almalı idi, axşam yeməyi üçün. Amma bundan əvvəl başqa bir iş onu maqnit kimi özünə çəkirdi; hərdənbir oynadığı “domino” bu günlərdə onun üçün daha vacib bir məşğuliyyətə çevrilmiş, hava kimi, su kimi vazkeçilməz olmağa başlamışdı.

      Əlini sol cibinə atdı – dörd manatı var idi. (Şossenin kənarında yerləşən bostan sahəsi artıq məhsul verməyə başladığı üçün hər gün yol kənarına çıxartdığı bir miqdar xiyar-pomidoru sataraq cibinə bir-iki manat qoya bilirdi. Cibinə girən pullar isə tələyə düşmüş siçan kimi dayanmadan vurnuxur, qaçmağa can atırdı). Bu pulları rahatca sərf edə biləcəyi yer dost-tanışı ilə deyə-gülə oturduğu çayxana idi. Manatlardan birini ayırıb sağ cibinə qoydu ki, gedəndə evinə çörək və bir-iki peçenye, ya uşağını sevindirəcək nəsə alsın. Digər üçü onun gözündə çayxanaya giriş bileti kimi görünürdü. İçindən gələn bir səs: “Bu gün uduzmayacaqsan!..” – deyirdi. Günəşə baxdı; hələ batmağına bir qarış qədər vardı. Bu o demək idi ki, çörəyi axşam yeməyinə çatdırmadan əvvəl 30-40 dəqiqə vaxtı var. Fürsəti fövtə vermək olmazdı. Dünənin “revanş matçı” daha çox gecikməməli idi.

      Çayxananın qabağına çatanda üzü güldü. Dünən birlikdə oynadığı Mahir də, uduzduqları dostları da orada idi. Salam verib tək-tək görüşdü.

      - Nə deyirsiniz, dünənkinin davamını oynayaq? – deyə oyuna dəvət etdi. Onun səs tonundan hər kəs başa düşdü ki, torbada pişik var; Qabilin cibi qaşınır. Dərhal pambıq tarlası tək domino daşları düzülmüş stollardan birinin ətrafında əyləşdilər. Qabil Mahir ilə üz-üzə oturaraq ona göz vurdu. O da: “Dünənkindən”, - deyərək gülümsədi. Oyunçular oturan kimi çayçı hərəkətə keçdi, onlardan heç soruşmadan dəmliyi qaza qoydu.

      Qabil üzüyuxarı qalan daşları tək-tək çevirdi, iki əlini uzadaraq böyük bir həvəslə qarışdırmağa başladı. Əlinin altındakı dominolar arasına qurd düşmüş qoyun sürüsü kimi sağa-sola qaçışır, gah ora-bura səpələnir, gah da şaqqıldaşıb bir yerə yığışırdı. Bayaqdan göz qoyduğu daşların əlinin altından çıxmaması üçün böyük bir incəliklə səy göstərirdi. Budur, daşlar hazırdır...

      Birinci oyunun nəhayətində Qabilin üzü gülürdü. Udmuşdular. İlk oyunun pulları çaya getdi. Bu adətdəndir deyə heç kəs etiraz etmədi. Növbəti oyun üçün daşlar yenidən çevrildi, qarşı tərəf qarışdırmağa başladı. Qabilin göz-qaşı oynayırdı. Onlar öz aralarında bəzi daşları, xüsusilə də qoşa daşları xəbər vermək üçün barmaqlarından istifadə edirdilər. Hansı ucdakı daş yoxdursa, o tərəfdəki pəncərəyə baxmaq, heç bir daş yoxdursa, zümzümə etmək və s. Bunları daha əvvəl birlikdə müəyyən etmişdilər.

      Oyun başladı. Bir azdan Qabil gözlərini sol tərəfdəki pəncərəyə zillədi. Günəş yarıya qədər dağların arxasına batmışdı. Sanki balaca bir sarı qayıq nəhəng yaşıl dəryada ağzı aşağı çevrilmiş, yavaş-yavaş gözdən itirdi. 

      - Yatma, Qabil! – deyə Mahir səslənəndə diksinib oyandı. Əlləri əsməyə başladı, əsəbindən. Əlində heç bir tərəfə aid daş yox idi. Və nəticə... məğlubiyyət!

      Qabil bir manatını çıxardıb stolun üstünə qoydu. “Eybi yoxdur, bu dəqiqə səni qaytaracağam”, - deyərək qırışıq manata baxdı. Alovlanmış ehtirasla daşları qarışdırmağa başladı...

      Günəş batmış, sarı saçlarını yığıb-yığışdırıb başqa ölkələrə ayaq açmışdı. Qabilin qanı axşam havasından betər qaralmışdı. Növbəti bir manat da əlindən çıxmışdı. “Eybi yoxdur, son manat her şeyi dəyişə bilər”, - deyərək var gücünü toplayıb öz-özünə şans dilədi. Daha doğrusu, yalvaran insan görkəmi alaraq daşlara göz atdı...

      Çayxananın işığı yandı. Qabilin içi bir az daha alovlandı. Beş yaşlı oğlu yola doğru boylandı; işdən qayıdan atasını qucaqlamaq üçün səbirsiz-səbirsiz qapıda dayandı...

      Hiyləgər əl-qol hərəkətləri ilə oyunu ələ almaqda rəqib oyunçular heç də Qabil və Mahirdən geri qalmırdılar. Onlar da bu çayxanada püxtələşmiş, bu oyunun “usta”ları halına gəlmişdilər. Beləliklə, nəticədə Mahir son manatından da oldu. Növbə çörək üçün ayırdığı manata gəlmişdi. Heç tərəddüd göstərmədən daşları çevirməyə başladı ki, rəqibləri stoldan qalxmadan dərhal oyunu başlatsın...

      “Oynaya bilmirsənsə, get, bostanını becər də!..” – Mahirin sözləri Qabilin ürəyinə ox kimi batdı. Amma nə fayda... bu oxu çıxardıb o stolun ortasına sancmaq və bütün oyunların əvəzini çıxaraq o stoldan üz ağı ilə qalxmaq ən böyük arzusu idi. Mahirdən borc istədi...

      Qabil evə çatanda süfrə çoxdan yığışdırılmışdı. Yatmağa hazırlaşan oğlu yarıyuxulu halda gəlib boynuna sarıldı, çıxıb otağına getdi. Yaxşı ki, xanımı bu gecə xəmir xörəyi – sürfüllü bişirmişdi. Bilsəydi, əlindəki çörəyi almaq – nisyə dəftərindəki 42 manata bugünkü çörəkpulunu da artırmaq üçün satıcının qarşısında əzilib-büzülərək bu qədər dil tökməzdi. Səsini çıxartmadan qabağına qoyulan soyuq yeməyi qaşıqlamağa başladı. Gözləri dumanlandı. Dərin kasada ağlı-qaralı dominolar üzürdü.

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info