Tarixin keşməkeşlərinə sinə gərən məbəd - AYASOFYA

      Share

      Bu günlərdə muzey kimi fəaliyyətindən sonra qapıları ilk dəfə namaz üçün açılan və hər bir müsəlmanın qəlbində riqqətə səbəb olan Ayasofya Məscidi tarixin müxtəlif mərhələlərinə şahidlik etmişdir. Əvvəla qeyd etmək lazımdır ki, qədim tarixə malik olan bu möhtəşəm əsər eyni yerə 3 dəfə inşa edilmişdir. Ayasofyanın ilk inşaatı I Konstantin zamanına aiddir. Yeddi təpədən ibarət İstanbulun birinci təpəsi üzərində inşa olunan bu bazilikanın açılışı 360-cı ildə II Konstantin tərəfindən gerçəkləşmişdir. Lakin 404-cü ildə baş verən üsyanda yaşanan yanğın səbəbi ilə böyük ölçüdə dağıntıya məruz qalan ilk məbədin qalıqları bu günün özündə də Ayasofyanın həyətində sərgilənməkdədir.

      İkinci Ayasofya imperator II Teodos tərəfindən inşa edilmiş və 415-ci ildə ibadətə açılmışdır. Həmin məbəd də 532-ci ildə Yustinian əleyhinə baş verən Nika üsyanı zamanı yandırılmışdır.

      Üsyanları yatıran Yustinian əvvəlkilərdən daha görkəmli bir məbəd tikdirmək qərarına gəlir. Beləliklə, 532-537-ci illər arasında Üçüncü Ayasofya inşa edilir. Şərqi Roma İmperiyasının baş kilsəsi olaraq fəaliyyət göstərən Ayasofya tarix boyu üsyanlar, müharibələr və təbii fəlakətlərlə üz-üzə qalmışdır. Ayasofya ən böyük dağıntılarından birini isə məhz 1204-cü ildə xaçlılar tərəfindən yaşayır. 4-cü xaçlı səfərində İstanbulu ələ keçirən səlibçilər bütün şəhəri, eləcə də Ayasofyanı talan edirlər. Bu tarixdən etibarən 1261-ci ilə qədər Ayasofya Qərbi Roma katolik kilsəsinə bağlı katedral kimi fəaliyyət göstərir.

      Ciddi zədə alan Ayasofya İstanbulun yenidən Şərqi Romanın əlinə keçməsi ilə bir daha təmir edilərək möhkəmləndirilsə də, 1346-cı ildə şərq kəmərləri və qübbəsinin bir hissəsi çökmüşdür.

      Ümumiyyətlə, səlibçilərin istilasından İstanbulun fəthinə qədərki dövr Ayasofyanın ən qaranlıq çağları sayılır. İki dəfə yıxılıb üçüncü dəfə inşa edilən, yüz illər uzunu müharibə və üsyanlar səbəbi ilə dağıdılan, baxımsızlıq və memarlıq səhvi ucbatından müəyyən hissələri çökən Ayasofya Fatehin bu torpaqları fəthinə qədər daima yerlə bir olma təhlükəsi altında qalmışdır. Həmçinin katolik və pravoslavlar arasında gedən məzhəb qovğaları səbəbi ilə məbədin sosial statusu və simvolik dəyəri ciddi zədə almışdır.

      Osmanlılar fəthin nişanəsi olaraq qəbul etdikləri və dəyər verdikləri Ayasofya Camesinə Fateh Sultan Mehmeddən bəri böyük əhəmiyyət vermiş, bərpa və təmir işlərinə ciddi diqqət ayırmışlar. Xüsusilə Memar Sinanın Ayasofyaya etdiyi əlavələr və dəyişikliklər bəşəriyyətin mirası olan bu möhtəşəm əsərin ayaqda durmasına böyük təkan vermişdir.

      Ayasofya Camesini şəxsi xeyriyyə qurumu olaraq vəqf edən və bir çox gəlir sahəsini bu müəssisənin baxımına həsr edən Fateh məbədin yanına mədrəsə inşa etdirərək burada təhsil fəaliyyətlərinin də başlamasına yol açmışdır. Ayasofyanın ilk minarəsi də məhz Fateh Sultan Mehmed tərəfindən taxtadan inşa edilmişdir. Həmin minarə 1574-cü ildə təmir-bərpa işləri zamanı dəyişdirilmişdir. Məscidin ikinci minarəsi Sultan II Bəyazid xan zamanında kərpicdən tikilmişdir.

      Ayasofyaya ən çox diqqət ayıran Osmanlı padşahlarından biri də Sultan II Səlim xan olmuşdur. O, binanın əsaslı təmir işlərini dövrün görkəmli memarı olan Memar Sinana həvalə etmişdir. Bizans zamanında dəfələrlə divarları və qübbələri çökən Ayasofya məhz Memar Sinanın dəst-xətti sayəsində İstanbulda baş verən o qədər zəlzələyə baxmayaraq varlığını sürdürmüşdür. Ayasofyanın ətrafındakı türbələrin salınması da məhz Memar Sinanın II Səlim xan üçün inşa etdiyi ilk türbə ilə başlamışdır.

      Fateh Sultan Mehmeddən etibarən hər padşah Ayasofyanı daha da gözəlləşdirmək üçün əlindən gələni etmişdir. Burada inşa olunan mehrab, minbər, kürsü, minarələr, padşah mahfili, şadırvan, mədrəsə, kitabxana və aş evi kimi bir çox tikililərlə birlikdə Ayasofya külliyəyə çevrilmişdir. Həmçinin Osmanlılar zamanında məbədin içərisinin bəzənməsinə də ciddi qayğı göstərilmişdir. Hüsn-xətt və çinicilik kimi türk-islam sənətlərinin ən zərif nümunələrini Ayasofyada görmək mümkündür.

      Beləliklə, Ayasofya sadəcə məscidə çevrilməmiş, eyni zamanda bəşəriyyətin ortaq mirası olan bu əsər mühafizə olunaraq bu günümüzə qədər gəlib çatmışdır. Fəthdən sonra məscidə çevrilən və 481 il came kimi xidmət göstərən Ayasofya 1930-cu ildə restovrasiya işlərinin başlaması ilə bağlanmış, 24 noyabr 1934-cü ildə Türkiyə Cümhuriyyəti Nazirlər Kabineti tərəfindən verilən qərarla muzeyə çevrilmişdi. 86 il aradan sonra 10 iyul 2020 tarixli məhkəmə qərarı ilə yenidən məscid kimi fəaliyyətinə qərar verildi. Qərarın ardından Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın imzası ilə yenidən ibadətə açıldı.

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info