t.f.d Abbas QURBANOV - RUHUMUN TİTRƏDİYİ MƏKAN

      Share

      Qardaş Türkiyədə tələbə olduğum beş ilə yaxın zamanda İstanbulun əsasən tarixi məkanlarını – şəhərin demək olar ki, böyük bir hissəsini – qarış-qarış gəzməyə çalışmışdım. Xüsusən İstanbulun əsrlərdir tarixinə canlı şahidlik edən məkan və ibadətxanaları hər həftə sonu, imtahan stressini atmaq istədiyim, vətən və yaxınlarımın həsrətini çəkdiyim zaman ziyarət etməyə çalışardım. Əlbəttə, İstanbula gəlib Sultanəhməd meydanına getməyən insan, demək olar ki, yoxdur. Mən də həmçinin… Bu meydanda var olan Sultanəhməd Camesi, Topqapı Sarayı, Ayasofya və Yerəbatan sarnıcının mənim üçün xüsusi bir yeri vardır. Vaxt namazlarının azanını dinlədikdən sonra xüşu içində qılınan namazlar, Ramazan boyunca təşkil olunan kitab sərgiləri və daha nələr, nələr… Qısacası onu deyim ki, bu meydan və orada var olanlar həm tarixi düşüncələrimə yön verər, həm də ruhumun titrəyərək təmizlənməsinə səbəb olardı.

      Bu gün Ayasofyanın zəncirlərindən azad olub yenidən ibadətə açılması bir çox insan kimi məni də sevindirmişdir. Doğrudur, bunun əksini yaşayanlar da var.

      Həyatda əşyalar öz-özlüyündə məna kəsb etməsə də, insanların ondan istifadəsinə görə qiymətli və ya qiymətsiz olaraq dəyər qazanmaqdadır. Belə ki, məsələn, gündəlik məişətdə istifadə etdiyimiz bıçaq insan üçün çox faydalı olmaqla bərabər, insanın özünə qarşı çevrildiyi zaman soyuq silah olar və hətta birinin həyatına belə son qoya bilər.

      Digər tərəfdən, bəzi məkanlar və əşyalar özləri ilə birlikdə bir müqəddəsliyi əks etdirər və ya milyonlarla insanın ona fərqli bir gözlə baxması onu həm dəyərli, həm də müqəddəs edər.

      Ayasofya 15 əsrdir dimdik öz varlığı və möhtəşəmliyi ilə hər kəsə meydan oxuyan dünya memarlıq tarixinin ən şah əsərlərindən biridir. Roma imperiyası tərəfindən eyni yerdə üç dəfə inşa edilən Ayasofya ilk olaraq Megale Ekklesia (Böyük Kilsə), sonra Ayasofya (Müqəddəs müdriklik) olaraq tanınmağa başladı. Roma imperiyasının bütün hökmdarlarının tac qoyma mərasimi burada icra edilmiş və ən böyük kilsə olaraq katedral funksiyası daşımışdır.

      İstanbulun Sultan Fateh Mehmed tərəfindən fəth edilməsi ilə Ayasofyanın adı dəyişdirilmədən saxlanmış, qılınc haqqı olaraq dəyərləndirilmiş və restavrasiya işləri ilə bərabər cameyə çevrilmişdir. Memar Sinanın Ayasofyanın dağılmaması və günümüzə qədər gəlib çıxmasında əsas rol oynayan memari əlavələrini də qeyd etməsək olmaz. Belə ki, günbəzinin dağılmasının qarşısını almaq üçün yerləşdirdiyi dayaqlarla tağı möhkəmləndirmiş, əlavə olaraq inşa etdiyi iki minarə də bu tağı daha dayanıqlı etmişdir. 1 iyul 1453-cü ildə Ayasofya üçün vəqf təsis edən Sultan Fateh, yazdırdığı vəqfnamədə bundan belə camenin fəaliyyətini dayandıran və ya ona mane olanların haram işləmiş olacağını və günah qazanacağını açıq-aydın yazmışdır.

      Əslində, əsas məsələ Ayasofyanın came kimi açılmasından daha çox dünyanın böyük bir hissəsinin “siz bunu edə bilməzsiniz, sizin buna cürətiniz çatmaz” kimi fikirləri bizim beynimizə yeritməyə çalışması idi. Ayasofyanı 1453-1935-ci illər arasındakı tarixi halına qaytarmaq hər bir müsəlman türkün ən təbii haqqı idi. Zaman-zaman bu məsələ gündəmə gəlsə də, dünya hər dəfə bu məsələdən psixoloji təzyiq vasitəsi kimi istifadə edərək qarşısını almışdı. Tarixə nəzər salsaq, 785-ci ildə Əndəlüs hökmdarı I Əbdürrəhman dünyanın ən böyük və ən ehtişamlı məscidi sayılan Kordova məscidini inşa etdirmişdi. 1236-cı ildə kilsəyə çevrilən və hal-hazırda katedral olaraq tanınan məbəd ilə əlaqəli olaraq biz İslam dünyası hər hansı bir haqq iddia edə bilirikmi? Ortada açıq-aşkar ikili yanaşma var və buna heç kim razı olmaz.

      Bu gün işğal olunmuş Azərbaycan torpaqlarında yüzlərlə milli-mədəni tarixi irsimizi özündə yaşadan abidələrimiz düşmən tərəfindən məhv edilməkdədir. Amma nədənsə “olmaz-olmaz” deyən dünya bu abidələrin geri qaytarılması və əsil funksiyalarının bərpa olunması haqqında heç bir əməli fikir səsləndirməməkdədir.

      Deməli, haqq və haqqın səsi ola bilmək üçün əvvəlcə güclü olmaq, birlik nümayiş etdirmək və tək hədəfə istiqamətlənmək lazımdır.

      Son illərdə qardaş Türkiyənin həm ideoloji, həm də iqtisadi olaraq güclənməsi öyrəşmiş olduğumuz dünya halına yavaş-yavaş yön verməsi, hətta onu dəyişdirməyə çalışması kimi faktorlardır ki, nəticə olaraq bu gün Ayasofya zəncirlərini qıra bildi. Azərbaycanın haqq davasında heç bir şərtsiz yanında durması da bunun bariz bir nümunəsidir.

      Azad olmaq bunu təkcə dildə söyləməklə olmur. Əsas məsələ ruhən bunu hiss etmək, ruhən köləlikdən xilas olmaqdır.

       

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info