Adem ŞAHİN - “PİS TƏHSİL” FİLMİ

      Share

      İki günə internet paketinin müddəti bitir. İstifadə edilməyən meqabaytları xırda pul kimi xərcləmək istəyirəm. Biz şampunun dibindəki son bir neçə damcını belə içinə su tökərək işlədən, tullayacağımız batareyanı “bir az yığır” deyərək soyuducuda saxlayan bir nəsilik (X nəsli).

      Meqabayt hədər olmasın deyərkən əksər hallarda vaxtımız israf olur, amma fərqində olmuruq. Meqabaytı işlədim deyərkən özümüz işlədilirik. Qazlı içkilərin içinə atılan yuxu dərmanını indi internet paketlərinə və proqramlara qatırlar. 2019-cu ildə çəkilmiş “Bad Education – Pis təhsil” adlı ABŞ filminin ssenarisinə baxdım. İçində məktəb, müfəttiş və tələbə kimi kəlmələr diqqətimi çəkdi. Filmin IMDb (Internet Movie Database) göstəricisi 7,1 idi. Ümumi olaraq balı 6-6,5-i keçən filmlər yaxşı sayılır.

      Əslində filmin adı “Pis təhsil” olduğu üçün “bir ayağı qəbirdə, digər ayağı sinifdə və ya söhbət otağında” olan məni əfsunlamışdı. Yaşı neçə olursa olsun, hər insanın bir ayağı qəbirdədir. Bu insan istəyirsə ana bətnində olsun, fərqi yoxdur. İnsan qəbirdə iki ayağını yan-yana qoymaq üçün dünyaya gəlir. Bəs yaxşı, bir ayağı qəbirdədirsə, digər ayağı haradadır? Allah qəbirdə olan ayağın deyil, digərinin hesabını soruşacaqdır.

      Mövlananın bir ayağı sabit saxlayaraq, digəri ilə dönülən pərgar metaforasını bir ayağın qəbirdə, digərinin gəzməkdə olduğu şəklində yorumlasam, görəsən, Həzrət inciyərmi? Qəbirdəki ayaq çöldəkinin yanına getməz, amma gəzən ayaq bir gün səssizcə digərinin yanına qayıdar.

      Filmin sonuna qədər çılpaq deyə biləcəyimiz mini geyim və ya dekolte paltar yoxdur. Filmdə eşq, sevgi və ehtirasın yerini riyazi hesablar, pul ehtirası və təhtəlşüur düşüncə metodları alıb. Film bu minvalla davam edərkən baş roldakı aktyorun eşcinsəl olduğu ön plana çıxarılmağa başlanır. Ona aid öpüşmə səhnələri o qədər çoxalmağa başlayır ki, deyirsən daha bitməyəcək.

      Düzdür, bu səhnələr yeni deyil. Həzrət Lut dövründə video olsaydı, yəqin ki, o dövrdəki bənzər səhnələri əks etdirən videolentlər günümüzə qədər gəlib çıxardı. Çox deyil, 15-20 il əvvəl eşcinsəl səhnələr şimşək kimi ani olar, mövzunu uzatmazdılar. Amma indi vəziyyət dəyişib, strategiya dəyişib. Yeni anlayışda uzun-uzadı belə səhnələr verilir, insanı diksindirəcək qədər göstərilir. Filmin ortasına qədər bu filmi başqalarına tövsiyə edə bilərəm, deyə düşünürdüm. Bu reklam və təşviq xarakterli səhnələrdən sonra vaz keçdim.  Niyə bu filmi açdım deyə özümü qınamağa və peşman olmağa başladım. Axır zamanın müsəlmanı nəfsi-əmmarə ilə nəfsi-ləvvamə arasında gedib-gəlir. Nəfsi-raziyə, nəfsi-mütməinnə, nəfsi-safiyə çox yüksəkdə və çox uzaqdadır...

      Bir hədisi-şərifdə belə buyurulur: “Elə bir dövr gələcək ki, gündüz vaxtı yolun ortasında, küçədə qadınlarla cinsi-münasibətdə olacaqlar, lakin heç kim bunu təəccüblə qarşılamayacaq, mane olmağa çalışmayacaq. Bunlara: “Kaş ki, bir az yolun kənarına çəkiləydiniz!” – deyən kəs o dövrün ən mühafizəkar, ən etibarlı adamı olacaq. Bu adamın cəmiyyət içindəki mövqeyi (ey əshabım!) sizdəki Əbu Bəkr və Ömərin mövqeyi kimidir”. (Hakim, əl-Müstədrək, 4/495-dən nəqlən Kənzul-ümman, 38588) Hədisi-şərifə görə, “cinsəlliyi tənhada, gözlərin görmədiyi yerdə yaşayın” deyən müsəlman gücü yetmədiyi üçün zinanın olmamasını deyil, tənha yerdə edilməsini istəməkdədir.

      “Eşcinsəl səhnələr olduğu üçün üstünə +18 yazılsın, belə filmlər başqa bir qrupda toplansın, eşcinsəl ola bilərsiniz, amma bunu təbliğ və təşviq etməyin!” tərzində düşüncələr yuxarıdakı hədisdəki kimi hadisəyə “kaş ki, tənha yerə çəkiləydiniz” deyə alternativ təklif etməkdir. Qayda olaraq daha az pis sayılanı seçmək və onunla razılığa getmək başqadır, pis olanı ortadan qaldırmağa çalışmaq başqa.

      Axşamın bu gözəl saatında, çirkin səhnələri olmasa, film pis deyildi. Mövzu və çəkiliş gözəl idi. Problem aşda deyil, içindəki daşlardadır. Film bitdikdən sonra “münasibətlər qadın və kişi arasında olsaydı, daha yaxşı olardı” dedim. Betərin də betəri var deyirlər. İllər əvvəl televizordakı çılpaqlıqdan şikayət edərdik. İnternet çıxdıqdan sonra televizorun nə qədər məsum olduğunu gördük. Uşaqlarımız televizor qarşısında əyləşdiyi zaman internetdəki qədər narahatlıq daşımırıq. Bu gedişlə “heteroseksual” səhnələr çıxdığı zaman normal qarşılayacaq, “homoseksual görüntülərdən daha yaxşıdır” deyəcəyik? Ölməkdənsə, gülə-oynaya sətəlcəm olaram deyəcəyik?

      Bir neçə gün sonra film haqqında yazılan yorumları oxudum. Kaş ki, bircə nəfər olsa: “Bu nə səhnələrdir?! Bu qədər açıq-aşkar təşviq olarmı?!” – deyə yazsaydı. Bəlkə o zaman ümidim artar, tunelin başında işıq var deyərdim. Pisliyi əl ilə düzəltməyi bir kənara qoydum. İndi əli və dili işlətmək çox çətindir. Geriyə təkcə qəlbimizlə büğz etmək qaldı. Yorumlarda heç onu da görə bilmədim. Ey qəlb ilə büğz etmək, əgər gəlsən, qapını üç dəfə vur demirəm, qırılana qədər vur!..

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info