Şimşək Ömrü / Məmməd Məmmədzadə

      Share

      Beləcə öz ilk şeirini oxuyaraq gündəlik ruzisini qazanmaq ümidi ilə Bakı küçələrini dolaşan kiçik Müşfiq sərt küçə qanunları ilə tanış olur. Bu sərt “qanunlar” onu sərtləşdirmir, əksinə qəlbi şəfqətlə dolur, həlimləşir.

       “Bir xəfif rüzgar əsincə, Müşfiqin yarpaqdan incə ürəyi titrəyir.”

      Küçələrdə siqaret sata-sata dərsdən, məktəbdən də uzaqlaşmır. İlk təhsilini “rus-türk” məktəbində alandan sonra 1920-1931-ci illərdə təhsilini 12 saylı ikinci dərəcəli məktəbdə, Bakı Darulmüəlliminin və Azərbaycan Pedoqoji İnstitutunun filologiya fakültəsində davam etdirir. 1931-ci ildən Bakının müxtəlif məktəblərində dərs deyir. Təhsilin, xüsusən də pedoqoji texnikumun həyatını kökündən dəyişdirdiyini şeirə çevirir:

      ...Ömrüm səfalətlərin dərin çıxmazlarında,

      Solğun vərəqlər kimi görünən bir zamanda

      Dərs alıb bir çırpınan qartal qanadlarından

      Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan!

      1926-cı ildə “Bir gün” şeiri, 1930-cu ildə ilk kitabı – “Küləklər” işıq üzü görür. İlk kitabından sonra özünə qarşı tələbkarlığı ilə bərabər şeirlərinin sayı da günbəgün, saatbasaat artır. “Ah, siz şeirlə keçən günlərim, siz ki, ən vəfalı günlərimsiniz” deyən Müşfiqin təkcə 1932-ci ildə 5 kitabı çıxır ki, bu da onun məhsuldar yaradıcılığından, istedadından xəbər verirdi. “Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, yazardı səhər-axşam”. Şeirə vurğunluğunu yaxın dostu, xalq şairi Rəsul Rza çox sonralar Müşfiqə həsr etdiyi “Qızılgül olmayaydı” poemasında belə yazacaqdı:

      Hər şeydən artıq

      Şeirin əsiri idi.

      Yuxuda şeir yazardı

      (Özü deyərdi bunu –

      Şeirə qul olduğunu)

      Müşfiq yazırdı. 30-cu illərin əsas mövzusu olan sosializmin tərənnümündən, beşillik plandan, oktyabrdan, komsomoldan, partiyadan yazırdı. Eyni zamanda yeni quruluşun mənfiliklərinə də biganə qalmırdı. Ədəbi irsə xor baxan, tariximizdən, ədəbiyyatımızdan, mdəniyyətimizdən üz çevirənlərə “özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim” deyirdi.

      Yenə həmin illərdə tar əleyhinə qızğın kampaniya başlayanda tarın müdafiəsinə qalxanların ön sıralarında idi. Tar əleyhinə danışanların, “oxuma tar, oxuma tar, istəməyir proletar, səndə çalınsın Qatar” deyənlərin acığına:

      Oxu, tar!

      Səni kim unudar?

      Ey geniş kütlənin acısı, şərbəti –

      Alovlu sənəti

      - deyə bir Mənsuriyyə harayı çəkirdi. Əfsanə sözlərə məhəl qoymayan Müşfiq öz poetik dünyasını yaradırdı. Ürəyi eşqlə, sevgiylə doludu. İnsanları, eli, xalqı, vətəni çox sevirdi. Vətənə, elə bağlı idi, xalqın kədəri onun kədəri, sevinci onun sevinci idi. “Ellərin ürəyi kövrəkləşəndə gözünün ağlayan yaşı” olmaq istəyirdi. “Xalqilə titrəyən, xalqilə gülən, Vətənçin yaşayan, Vətənçin ölən” bir bəxtiyar şair sanırdı özünü.

      Səmimi idi. Yalandan, riyadan uzaq idi. Ağa ağ, qaraya qara deməkdən çəkinmirdi. “Hissi, həyəcanı olmayan kəslər”in “söz meydanında”  at oynatmasına dözmürdü. “Mənasız şeiri” “qorxusuz laləyə”, “xülyasız şeiri” isə “qanadsız bir quşa” bənzədirdi. Hər yerindən duranın özünü şair adlandırmasını həzm edə blmirdi:

      Şairə ilhamdan maya gərəkdir!

      Anasız çocuğa daya gərəkdir!

      Şairəm söyləyir yerindən duran

      Adamın üzündə haya gərəkdir!

      ...Yenilikçı, novator şair idi. Müşfiq xülyası “bəyaz kötüklərdən çiçək yapan”dı. Ancaq özünəxas formalarda yazardı şeirlərini. Sözlər muma dönürdü əlində. Adi sözlər belə onun dilində, qələmində ecazkar bir sözə çevrilirdi. Başqalarının görə bilmədiklərini görürdü. Ədəbiyyatımızda gözlər haqda çox yazılıb. Gözləri nəyə bənzətməyiblər ki? Amma Müşfiqin qəlb gözünün gördüyü göz fərqlənir digərlərindən:

      Siyah qaşlarının kölgəliyində

      Daima çırpınır iki göyərçin

      Qonaraq könlümün budaqlarına

      Hər gün şer oxurlar onlar mənimçin.

      Məncə şərhə ehtiyac yoxdur.

      Həyatı çox sevirdi. “İşıqlı dünyadan”, “Dostdan, aşnadan”, “incə mənadan”, “bu əngin fəzadan”, “şeirdən, xülyadan” əl çəkmək istəmirdi. Amma bir şair fəhmi ilə “Bir sərxoş ölümün əlindən düşüb qırılan kaşı” olacağını duyurdu. Hansı bir hiss isə başı üstündə qara buludların sıxlaşdığını, qara yelin, qasırğanın yaxınlaşdığını pıçıldamağa başlamışdı və pıçıltı get-gedə güclənirdi.

      Dolaşma baş ucumda bir qara qüvvət kimi,

      Aydın yoluma çıxma bir dərin zülmət kimi.

      Gecleyəm, dəhşətliyəm mən əbədiyyat kimi

                                         Yetər.ş çaxma ay bulud!

                                         Mənə bir qədər sükut?

      Zamanın, gərdişin əlindən dad çəkir, haray qoparır bir şair. Bu Müşfiqdir:

      Ey acıqlı günəş, soyuqqanlı ay!

      Haray bu gərdişin əlindən haray!

      Bu da Müşfiqdir:

      Mən gəncəm, bilirəm istiqbalım var,

      Hələ bədr olmamış bir hilalım var,

      Yelkənim açılır, qara yel, əsmə!

      Mənim bu dəryada bir sandalım var.

      Bu da Müşfiqdir... 1109 №li məhbus... Bir gecənin içində xalqın sevimli şairindən “xalq düşməni”nə çevrilən Müşfiq. Ömrünün 30-cu baharını, ad gününü həbsxana kamerasında qarşılayan Müşfiq. Sovet Azərbaycanının, Sovet hökumətinin şairə ad günü təbriki...

      Həbs olunduğu gecənin ertəsi gün – 1937-ci ilin iyun ayının 5-dəki ilk istintaqda Müşfiq ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. İstintaq materiallarında oktyabr ayının 20-dək heç bir sənəd olmasa da istintaq aparılırdı. İşgəncələr, psixi hücumlar, təhqirlər ara vermirdi. Müşfiq dözürdü. Hər dəfə günahsız olduğunu bildirdikcə işgəncələr daha da artırdı. Ağla gəlməyən işgəncələrə əl atırdılar. Günlərlə yatmağa qoymur, saatlarla ayaq üstə saxlayırlar. Döyürlər, əllə, təpiklə, əllərinə keçən hər şeylə... Həyat yoldaşı Dilbəri, bacısı Balacaxanımı həbs edirlər... Yenə də dözür, günahsız olduğunu deyir. Hələ də qəlbində kiçicik bir umud var. Hələ sındıra bilməyiblər onu.

      Müstəntiq Qalustyanın erməni xisləti özünü göstərir. 1937-ci ilin oktyabrın 20-də hörmət etdiyi, sevdiyi, inandığı adamların böhtan dolu ifadələrini Müşfiqə oxuyur:

      “...Məm Müşfiqi faşist ovqatlı element kimi tanıyıram.”

      “...Müşfiq qatı millətçi, Əhməd Cavadın davamçısıdır.”

      “...Müşfiq əksinqilabi əhval-ruhiyyəli şairdir. Nümunə üçün onun “Banditlər” şeirini göstərə bilərəm.”

      Müşfiq onu tanıyanların xəyanətinə dözmür. Son ümid qığılcımı da sönür. Gah açılan, gah qapanan ümid qapıları bu dəfə birdəfəlik bağlanır. Özünü günahkar sayır.

      1938-ci ilin yanvar ayının 5-i. Saatın əqrəbləri 11:20-ni göstərir. Hərbi kollegiyanın səyyar məhkəməsi saat 11:40 dəqiqədə işini bitirir. Cəmi 20 dəqiqə çəkən məhkəmə İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunu ən ağır cəzaya – güllələnməyə məhkum edir.

      Bir yaz səhəri dünyaya göz açan şairin sinəsini 1938-ci ilin yanvarın 6-da qırmızı güllər, lalələr bəzəyir.

      - Öldü! Xəbər verin aşnaya, dosta -

      Ruhlar mühəndisi, o böyük usta!..

      ... O ki, söz atından tərpəndi, düşdü,

      Sanki şeirimizin bir bəndi düşdü –

      ... – Öldü! – guruldasın, çaxsın buludlar

      Qəbrinə çiçəklər taxsın buludlar.

      (Hanı o qəbir? Yerini bilirsinizmi? Göstərin onu Müşfiqsevərlərə, ayaqyalın getsinlər o qəbrin ziyarətinə)

       

      Vardımı Müşfiqin günahı? Bəli, Müşfiqin günahı həddən artıq istedadlı olmasında idi. Cılız düşüncəli, xəbis ürəkli şairciyəzlərin əl-qolunu bağlayırdı. Müşfiq olan yerdə onlara yer yoxdu...

      Kim idi onlar?

      Bir yığın fitnəkar, bir yığın səfil,

      Bir yığın canavar, bir yığın rəzil,

      Bir dəstə yolvuran, bir dəstə məğrur,

      Bir dəstə qansoran, bir dəstə quldur,

      Bir sıra insafsız, bir sıra gözsüz,

      Bir sıra vicdansız, bir sıra üzsüz.

      Müşfiq Azərbaycan poeziyasının qızıl külçəsi idi. Bədxahlar, xəbislər tərəfindən oğurlanıb gizlədilən qızıl külçəsi. Azərbaycan poeziyasının heç zaman paslanmayan qızıl külçəsi.

      20 il Müşfiq şeiri oxunmadı. Müşfiq adı çəkmək yasaqlandı. Müşfiq xatirələrdə, hafizələrdə yaşadı. Şeirləri gizli oxundu. Öz şair oğlunu unutmurdu xalq. Haqqı da yoxdu unutmağa.

      Bir şimşək ömrü yaşamaq düşmüşdü ömür payına. Bu ömrü şərəflə, namusla, kişi kimi yaşadı.

      Fəsillər dolanıb illər döndü. Cavid əfəndi, Ə. Cavad, Y. Vəzir, S. Mümtaz və yüzlərlə günahsızlar kimi Müşfiqə də bəraət verildi.

      Sıyrılıb keçmişin buludlarından

      Müşfiqlər gətirib böyük yarından

      Yarıb günəş kimi qaranlıqları

      Söküb şəfəq kimi dumanlıqları,

      Müşfiq bugünümüzə gəldi. 100 yaşlı, həmişə cavan, həmişə 29 yaşında qalan 100 yaşlı Müşfiq.

      Müşfiq əbəs yerə demirdi:

      Hər tərəfdə quran toy-büsat mənəm,

      Ulduzlarla edən ixtilat mənəm,

      Mənim azadlığım dünyaya sığmaz,

      Yer mənəm, göy mənəm, kainat mənəm.

      Azərbaycan ədəbiyyatını bir dağ silsiləsinə bənzətsək, o sıra dağların arasında Nizami, Nəsimi, Füzuli, Sabir, Cabbarlı... zirvələri ilə bərabər başı həmişə dumanlı bir zirvə də var. Əlçatmaz Müşfiq zirvəsi.

      Nə qədər ki, Azərbaycan dili var, nə qədər ki, Azərbaycan xalqı yaşayır, nə qədər ki, həyat var, bir o qədər də Müşfiq yaşayacaq. Müşfiq şeiri dildən-dilə, ürəkdən-ürəyə axacaq.

      Müşfiq haqda yazmaq istədim. Görəsən yaza bildimmi?!

      • Hits: 766 clicks

      Tecox component by www.teglo.info