Əhməd SADİQ - AH-NALƏN DÜNYANI YANDIRDI!

      Share

      Hız[1] və həzzin hakim olduğu zəmanəmizdə dünya əvvəlkindən daha sürətli fırlanır. İqlimlər və mövsümlər keçmişlə müqayisədə daha tez dəyişir. Bu qoca dünyada hər gün gözümüzü yeni bir xəbərlə, yeni bir gündəmlə açırıq. Bu problemlərin bir çoxu artıq həddən artıq yayğınlaşan virtual amillərin təsiri ilə daha sürətlə vüsət tapır və bütün dünyanı bürüyür.

      Bu sürətli dəyişim, görəsən, dünyaya yeni ümid verirmi? Yoxsa məzlum və qəriblərin axan göz yaşını artırır, yetimlərin çöhrəsindəki təbəssümü kədərlə əvəz edir?

      Dünyamızı, xüsusilə də bizim coğrafiyamızı cənginə alan müharibələr, işğallar bu torpaqlara qan, göz yaşı və hüzndən başqa heç nə bəxş etmədi.

      ***

      Hər şey suriyalı azyaşlı uşağın ölüm ayağında “sizi Allaha şikayət edəcəyəm”, - deməsi ilə başladı.

      Heç yaşadığımız dünyada 200 milyon yetimin varlığından da xəbərdar olmadıq. Halbuki yetimi himayə etmək, şəfqətlə başını oxşamaq Peyğəmbər öyüdüdür. Mədəniyyətimizin yetişdirdiyi irfan əhli: “Yetimlərə sahib çıxsanız, dünya cənnətə dönər, yetimə sahib çıxmasanız, yer üzü cəhənnəm olar...” “Yetim gülərsə, dünya gülər”, - demişdir. Biz onlara layiqincə sahib çıxa bilmədik.

      Dinimiz məhəbbət və şəfqət üzərinə qurulmuş bir mədəniyyətdir. Şəfqət və məhəbbətin olmadığı yerdə dindən bəhs etmək olmaz.

      ***

      Dünya hara gedir? Bir tərəfdə “güc”ə və zülmə arxalanan “tək dişi qalmış canavar” olan bir mədəniyyətin, digər tərəfdə isə dünyada “haqq və ədalət”i bərqərar etmək vəzifəsi daşıyan, lakin dərin qəflət yuxusuna dalmış bir mədəniyyətin övladları...

      Məşhur mütəfəkkir Cəmil Meriç bunu necə də gözəl ifadə edir: “Gedən savaş Hira dağının uşaqları ilə Olimp dağının uşaqları arasındadır. Amma Hira dağının uşaqları bunun fərqində deyil”.

      İnsanlıq yaradılışdakı fitrətinə, müasir dillə desək, “fabrik tənzimləmələrinə” dönmədikcə hüzur tapmayacaq. Hər gün yeni dərd, fəlakət və xəstəliklərlə üzləşmək məcburiyyətində qalacaqdır.

      Əlbəttə, bu və bu kimi bir çox problemin həm qaynağı olan, həm də virtual media vasitələri ilə bütün dünyanı təsir altında saxlamağa çalışan güc dünyanı tamamən ələ keçirmək və idarə etmək istəyən, zülmə xidmət edən şərin gücü ola bilər. Bu, sadəcə sui-qəsd nəzəriyyəsi deyil, həqiqət də ola bilər... Biz inanırıq ki, Allah hər şeyə qadirdir. Amma bizim bu oyundakı rolumuz nədir?

      Həm dünyada, həm də axirətdə qəlbləri virusla dolu olan, onu yaymaq istəyən və dünyanı ələ keçirməyə çalışanlar da, qəflət yuxusuna dalıb gözünü aça bilməyənlər də imtahanlarını verəcəklər.

      Koronadırmı bu qədər can alan, yoxsa sahilə vuran cəsədlərin ürək dağlayan sızlayışıdır? Zəlzələdirmi, yoxsa  balasına çörək aparmaq üçün zibillikdə eşələnən, bir qarın yeməyi təmin edə bilməyən ata-ananın ürək səsidir? Bunlar çəyirtkə sürüsü deyil, müharibələr üzündən qaçqına çevrilən minlərlə qadının, yaşlının və uşağın ah-naləsidir. Afrikada aclıqdan ölən minlərlə körpənin ahıdır bəlkə? Qulaqlarımızı batıran bu göy gurultusu olmaya çox su içdiyi üçün öldürülən dəvələrin son nəfəslərində çıxardıqları səsdir? Ya da əşrəfi-məxluqat olaraq yaradılan insanın keçmiş qövmləri belə arxada qoyduğu qeyri-əxlaqi davranışlarıdır. İnsanlığın başına gələnlər bu qədər yanlışa, pisliyə rəğmən səssiz qalmağımızdır...

      ***

      Mübarək üç aylardayıq. Tezliklə paklanma mövsümü olan mübarək Ramazan ayına qovuşacağıq. Əslində, zaman böhranı fürsətə çevirmək zamanıdır.

      Əlbəttə, koronavirusla əlaqəli başda dövlətimiz olmaqla, biz də bütün tədbirlərimizi alacağıq. Zatən inancımızın tələb etdiyi qaydalara riayət etsək, bir sıra lazımi tədbirləri də almış olarıq.

      Bu tədbirlərlə yanaşı, özümüzü, ailəmizi və nəslimizi zamanın şərindən, pisliklərindən və batini viruslarından da qorumağa çalışmalıyıq. Möhtərəm Ustad Osman Nuri Topbaşın bu sözünə diqqət edək: “Unutmayaq ki, maddi virusun zərəri sadəcə bu dünyaya aiddir. Lakin ruhları tar-mar edən inancsızlıq və əxlaqsızlıq viruslarına qarşı lazımi tədbir almamaq – Allah qorusun – əbədi həyatı məhv edər”.

      Hər şeydən əvvəl, insanlığın qurtuluşu üçün yaşlılarımızı baş tacı edəcəyik. Zalımın deyil, məzlumun yanında olacaq, yetimlərin göz yaşını siləcəyik. Bir tikə çörəyimizi möhtaclarla bölüşəcəyik. Yaradılış qayəmizin fərqində olacağıq. Əhsəni-təqvim və əşrəfi-məxluq olmağın məsuliyyətini yenidən təfəkkür edəcəyik. Milli-mənəvi dəyərlərimizin qiymətini biləcək və bu həqiqətləri böyük sərvətimiz olan gənclərin qəlbinə nəqş etməyə çalışacağıq.

      Bir sözlə, oynanan oyunun böyüklüyünü görüb, tablonun böyüklüyünə baxıb “Hira dağının uşaqları” olduğumuzu unutmayacağıq...

       

       


      [1] Sürət

       

      • Hits: 135 clicks

      Tecox component by www.teglo.info