Müsahibə - MEHMET YÜZBAŞI

      Share

      Uzun illər Ramazanda Mədiyeni-Münəvvərədə iftar süfrələri açan Mehmet Yüzbaşı:

       “Mühüm olan dil birliyi deyil, könül birliyidir”.

      İrfan: Mədinədə uzun illərdir Hüdayi süfrələri açılır, iftarlar verilir. Siz də bu süfrələrin mühüm şahidlərindən birisiniz. O süfrələrdə nələr yaşanır, Mədinədə Ramazan necə keçir, bununla bağlı xatirələrinizi bizimlə bölüşsəniz çox sevinərik.

      Mehmet Yüzbaşı: Əvvəla bunu deyim ki, Hüdayi iftar süfrələrinin mütəmadi olaraq açılması 1985-ci ildə möhtərəm Musa Topbaş əfəndi tərəfindən başladılmışdı. Mən də acizanə bu süfrələrdə 1992-ci ilin Ramazan ayından etibarən əlimdən gəldiyi qədər xidmət etməyə başladım. Arada kiçik fasilələr olsa da, mümkün mərtəbə hər il o süfrələrin qurulmasında iştirak etməyə çalışıram. Böyük bir mənəvi mühitdə açılan bu süfrələr Rövzənin həyətində, şəmsiyələrin altında digər süfrələrlə birlikdə sanki bir cənnət bağçası mənzərəsi meydana gətirir. Hər il süfrələrin qurulması üçün Türkiyədən Mədinəyə 30 nəfərlik qrup halında gəlirik. Dostlarımız könüllü olaraq, sırf bu müqəddəs torpaqlarda Rəsulullah əleyhissalamın müsafirlərinə, ümmətin qərib və yetimlərinə, ehtiyac sahiblərinə xidmət etmək üçün bura gəlir, canla-başla kömək göstərirlər. Allaha çox şükür, hər il bu iftarlara gündə təxminən 2200 nəfərlə başlayırıq, Ramazanın son on günündə isə möhtərəm ustadımızın da təşrifi ilə bu say günlük 3000 nəfərə qədər yüksəlir. Mənim bəhs etdiyim süfrələr təkcə kişilər üçün açılan bölümə aiddir. Xanımlar üçün açılan süfrələrdə də günlük 600 nəfərlə başlayırlar, Ramazanın sonuna doğru bu say 1000-ə qədər yüksəlir. Bu ikramların böyük əksəriyyəti yardımların səmərəsinə ərsəyə gəlir. Xüsusilə Türkiyədən gələn yardım sahiblərinə böyük minnətdarlığımı bildirirəm. Bizə pendir, peçenye, zeytun, fındıq, qaysı, kişmiş və s. göndərən firmalar var, mütəmadi olaraq süfrələrimizi öz məhsulları ilə təmin edirlər. Düzdür, biz onlardan belə bir şey tələb etmirik, göndərin deyə müraciət etmirik; üç aylar başladığı zaman özləri zəng edir, əlaqə saxlayır və yardım etmək istədiklərini, bu süfrələrdə özlərinin də bir payının olmasını arzuladıqlarını bildirirlər. Beləliklə, bizim şövqümüzü, istəyimizi, həvəsimizi daha da artırırlar.

       

      - Bəs süfrələrin qurulması necə olur, nələrə diqqət edirsiniz?

      - İftardan üç saat əvvəl başlayaraq əvvəla yerə çadır açırıq, onun üstünə xalçaları səririk, süfrələrimizi açırıq. Süfrələrimiz düzgün dayansın, külək uçurmasın deyə kənarlardan yapışdırıcı bantla bərkidirik. Sonra üstünə servis dediyimiz qabları (simmetrik səliqə ilə) düzürük. Süfrədə meyvə, xurma, zəmzəm, çörək, ayran, su, zeytun, fındıq, quru qaysı, halva və ən əsası da Buxara plovu olur. Hazırlıqlara erkən başlayırıq ki, kifayət qədər vaxtımız olsun, hər şeyi nizamla, tərtiblə düzüb hazırlayaq. Həm də burada azan oxunan kimi oruc açılmağa başlanır. Çünki eyni yerdə namaz qılınacaq. Bu səfər namazla yarışırıq. Əvvəlcə iftar edilir, azandan yeddi dəqiqə sonra həmin yerdə namaz qılınır. Diqqət ediləcək bir xüsus da, burada heç bir şeyin israf edilməməsi, tullantıya getməməsidir. Çox şükür, bu mövzuda da əlimizdən gələni edirik. Vəzifəli yoldaşlar əvvəlcə yeyilməmiş, toxunulmamış məmulatları yığırlar. Daha sonra süfrə yığışdırılır. Xüsusilə çörəyə diqqət edirik ki, yeyiləcək miqdarda qoyulsun və artıq qalan parçalar atılmasın. Bu xüsusda könüllülərimiz çox həssas davranırlar. Onlar bu işə ibadət şüuru ilə sarılırlar. İftara bir saat on beş dəqiqə qalmış bizim süfrələrimizdə, demək olar ki, oturmağa yer qalmır; bir-iki nəfərlik boşluq qalır. Buradakı insanlar bizə bu təvəccöhü göstərirlər. Onlar Rəsulullahın qonaqlarıdır, onlara yüksək səviyyədə qulluq edə bilmək üçün bir yarışırıq.

      - Süfrələr deyirsiniz, bu süfrə bir yerdə açılır, yoxsa başqa yerlərdə də olurmu?

      - Rövzeyi-mütəhhərənin bağçasında, içəridə bir süfrəmiz olur, çöldə də beş ayrı nöqtədə süfrələrimiz olur. Bu süfrələrimiz də öz aralarında daha yaxşı xidmət mənasında rəqabət içində olur; hansımızın süfrəsində daha çox adam var, hansımızın süfrəsi daha nizamlı, daha səliqəli hazırlanıb. Bəzən yerli ərəblər gəlir, süfrələrimizi görəndə şəklini çəkirlər, deyirlər ki, mən bu süfrəyə ayran verim, su verim, xurma verim... Biz onların da xətrinə dəymirik, süfrələrimizin düzülüşünü pozmayacaq şəkildə onların da ikramlarını əlavə edirik, çox razı qalırlar. Bu könüllülük və süfrələrimizdəki xüsusi nizam-intizam hər kəsin diqqətini çəkir.

      - Əlbəttə, orada keçirdiyiniz hər gün bir-birindən daha gözəl, daha qiymətlidir. Hər gün yüzlərlə insanın xeyir-duasına nail olursunuz. Orada yaşanmış gözəl xatirələrdən bir misal verə bilərsiniz?

      - Pakistanlı Muhamməd Afsal deyə bir könüldaşımız var, Hüdayi könüllüsüdür. Maddi vəziyyəti olduqca yaxşıdır. Tikinti işləri ilə məşğul olan sahibkardır, eyni zamanda maşın alqı-satqısı edir. Deyir ki, “mənim yüzlərlə işçim var, heç imkan vermirlər ki, nəyəsə toxunum, mən də xidmət edim. Bir səfər Mədinədəki süfrələri tək-tək gəzdim, hansı süfrə daha düzgün, daha səliqəlidir deyə baxmağa başladım. Hüdayinin süfrələrini gördüm; necə də səliqəli düzülüb, başdan-ayağa ağappaq qiyafələr içində, ağ təkkə, ağ fistan geyinərək xidmət edirlər. Bu süfrədəki nəzakəti, kübarlığı gördüm, xoşuma gəldi. Mən də aralarına qarışıb xidmət etməyə başladım. Bu xidmət əsnasında gördüm ki, süfrədə quru ləpə yoxdur; hər gün gedib marketdən quru ləpə alıb gətirməyə başladım. Amma heç kim demirdi ki, sən kimsən, nəçisən?.. Süfrə boyunca su paylayıram, ayran gətirirəm, salfetka verirəm, banan daşıyıram... Bu xidmət çox xoşuma gəldi”. Növbəti il bu qardaşımız yenə gəlib bizim süfrələrə yanaşır və könüllü yardım etməyə başlayır. Diqqət edin, özü nə türkcə bilirdi, nə də ərəbcə. Bizim süfrədə xidmət edən yoldaşlar da onun dilini – urduca bilmirdilər. Yəni ortada dil birliyi yoxdur, amma könül birliyi var. Mühüm olan da budur. İndi bu qardaşımız altı ildir hər il süfrələrimizə külli miqdarda yardımlar edir. Hər il istisnasız özü də gəlir. Onu bu süfrələrə bağlayan nədir? Hətta bunu da özü danışıb; deyir ki, “Pakistanda mənim bir işim var idi, bu süfrələrə yardım etməyə başladıqdan sonra işlərim daha da bərəkətləndi, iki iş oldu”. Bir neçə il əvvəl bütün ailəsi ilə birlikdə gəlmişdi. Uşaqlarını, nəvələrini, hamısını yığıb gətirmişdi. Onlara belə tövsiyə etdiyini deyir: “Mən bu süfrələrə, Allah-Təala ömür verdiyi müddətdə kömək etməyə, xidmət göstərməyə davam edəcəyəm. Siz də bu gözəl insanları, bu gözəl yerləri tanıyın. Sizə vəsiyyət edirəm, vəfatımdan sonra bu əməlimi siz davam etdirin”.

      - Bu xidmətlərin ümumi məqsədini necə xülasə etmək olar?

      - Biz istəyirik ki, Mədineyi-Münəvvərəyə gələn qardaşlarımız süfrələrimizdə qonağımız olsunlar, iftar etsinlər. Bu mənəvi mühitdən həm onlar rahatca istifadə etsin, həm də biz onlara xidmət göstərmək şərəfinə nail olaq. Mərhum Fəxrəddin Tivnikli bəyin bir xatirəsi var, onu da yeri gəlmişkən bölüşmək istərdim. Deməli, bir səfərində süfrələri qurmaq üçün hazırlıqlara başladıq. Bu arada ümrə üçün Məkkəyə getdik. Fəxrəddin bəy də Ciddə yolu ilə gəlmişdi, Məkkədə görüşdük. O zaman biz Buxara plovu üçün hər gün on bir qurban kəsirdik. “Qurbanları necə kəsirsiniz?” – deyə soruşdu. Mən də, “əfəndim, sədəqə qurbanı niyyəti ilə kəsirik”, - deyə cavab verdim. “Yox, belə etməyək. Bu süfrələrə yardım edənlərin hər cür bəla və müsibətdən əmin olması, sağlıq və əmin-amanlığı üçün Allah-Təalaya şükür qurbanı olsun, - dedi. Sonra da bunu əlavə etdi: - Mənim adıma da, zəhmət olmasa, hər gün üç qurban kəsin”. O gündən sonra hər Ramazanda Fəxrəddin bəy süfrələrimiz üçün doxsan qurban verməyə başladı. Bizə deyərdi ki, “qardaş, bəzən kasıbın ürəyini coşdurmaq lazımdır”. “Bu necə ola bilər?” - deyə soruşduğumuz zaman deyərdi: “Kömək istəyən bir nəfər barmağını qaldırıb bir işarəsi edirsə, mən kasıbam, bir ehtiyacım var deməkdir. Sən bir verdiyin zaman o da bir dəfə Allah razı olsun deyəcək. Sən əlli mislini ver ki, əlli qat Allah razı olsun desin, yüz qatını ver, yüz dəfə Allah razı olsun desin”. Belə bir comərd qardaşımız idi, Allah rəhmət eləsin. O gələndə hər zaman ətrafında böyük bir sevgi yumağı meydana gələrdi. Xüsusilə də ustadımız Mədinəyə gələndə süfrələrimiz daha da coşub-daşır, daha fərqli bir ab-hava ilə bərəkətlənir, gözəlləşir.

      - Allah razı olsun, bu gözəl əməllərinizi davam etdirməyi nəsib etsin.

      - Mən də təşəkkür edirəm, Allah-Təala hər birimizə Ramazanın bərəkətindən istifadə etməyi nəsib etsin.

      • Hits: 135 clicks

      Tecox component by www.teglo.info