Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عن عائشةَ - رضيَ الله عنها: أَنَّهَا سَألَتْ رسولَ الله - صلى الله عليه وسلم - عَنِ الطّاعُونِ ، فَأَخْبَرَهَا أنَّهُ كَانَ عَذَابًا يَبْعَثُهُ اللهُ تَعَالَى عَلَى مَنْ يشَاءُ، فَجَعَلَهُ اللهُ تعالى رَحْمَةً للْمُؤْمِنينَ، فَلَيْسَ مِنْ عَبْدٍ يَقَعُ في الطَّاعُونِ فيمكثُ في بلدِهِ صَابرًا مُحْتَسِبًا يَعْلَمُ أنَّهُ لا يصيبُهُ إلاَّ مَا كَتَبَ اللهُ لَهُ إلاَّ كَانَ لَهُ مِثْلُ أجْرِ الشّهيدِ

                  Həzrət Aişədən rəvayət edildiyinə görə, o, Rəsulullahdan (s.ə.s) taun xəstəliyi haqqında soruşmuş, o da belə buyurmuşdur: “Taun xəstəliyi Allahın dilədiyi insanları cəzalandırdığı əzab növü idi. Allah onu möminlər üçün rəhmət qıldı. Ona görə də tauna yoluxan bir qul başına gələnə səbir edərək və əcrini Allahdan gözləyərək olduğu yerdə qalmağa davam edər və başına yalnız Allahın təqdir etdiyi şeyin gələcəyini bilərsə, ona şəhid savabı verilər”. (Buxari, Tibb, 31)

                  Həzrət Peyğəmbər dövründə ilk taun xəstəliyinə 627-ci ildə Mədaində təsadüf edilmişdir. Həzrət Ömər dövründə də bir neçə dəfə taun xəstəliyi baş vermişdir. Bəlazuri onun dövründə Xeybər yəhudiləri arasında çıxan taundan xəbər verməkdədir. 639-cu ildə Amvas taununda içində Əbu Ubeydə ibn Cərrah və Muaz ibn Cəbəl kimi səhabələrin də olduğu otuz minə yaxın insan vəfat etmişdir.

       

                  Hədisdə bu xəstəlik kütləvi ölümlərə səbəb olduğuna görə Allahın bir əzabı olaraq vəsf edilmişdir. Rəsulullah (s.ə.s) bu xəstəliyin müsəlmanlara da yoluxa biləcəyinə, lakin bunun onlar üçün rəhmət vəsiləsi olduğuna diqqət çəkmişdir. Allahın mükafatına nail olmaq üçün hədisdə taun xəstəliyinə yoluxan insanın səbir edərək mükafatını Allahdan gözləməsi, olduğu yerdən çıxmaması, başına Allahın təqdir etdiyindən başqa heç bir şeyin gəlməyəcəyinə inanması və düşdüyü halı qəbul etməsi kimi şərtlər irəli sürülmüşdür.

                  Xəstəliyə səbir edərək mükafatı Allahdan gözləmək xəstəliyin müalicəsi üçün çalışmamaq demək deyil. Bu hal ilə qarşılaşan bir insan tibb elminin imkanlarından istifadə etməyə çalışmalıdır. Lakin taun və buna bənzər yoluxucu xəstəliklərin ortaya çıxdığı bir bölgədə o xəstəliyin müalicə imkanı yoxdursa, insanın üsyan etməməsi və özünü Allaha təslim etməsi lazımdır. Hədisdə yoluxucu hər hansı xəstəliyə tutulan bir insanın olduğu yerdən çıxmaması və xəstəliyi başqa insanlara yoluxdurmamasına da işarə olunmuşdur. Bir hədisində “Taundan ölən şəhiddir” (Müslim, İmarə, 166) buyuran Allah Rəsulu (s.ə.s) ölümlə nəticələnən bir xəstəliyə yoluxan insanın başqalarını qorumaq üçün olduğu yerdə qalaraq öz canını fəda etməsinin ona şəhid savabını qazandırdığına diqqət çəkmişdir. Beləliklə, torpağını, namusunu, vətənini qoruyarkən şəhid olan insan ilə başqalarına yoluxmasın deyə xəstəliyin olduğu bölgədən çıxmayaraq öz canını fəda edən insan şəhidlik baxımından eyni sayılmışdır.

      • Hits: 150 clicks

      Tecox component by www.teglo.info