Müşfiq XƏLİLOV - RAMAZANDA ZƏKAT VƏ SƏDƏQƏNİN FƏZİLƏTİ

      Share

      Uca dinimiz İslam beş təməl əsas üzərində qurulmuş müqəddəs bir dindir. Bu beş təməl əsasdan biri fəzilət və hikməti çox böyük olan zəkat ibadətidir. Zəkat hicrətin ikinci ilində fərz qılınmış mal ilə edilən bir ibadətdir. Allah-Təala Qurani-Kərimin bir çox yerində zəkatdan bəhs edərək zənginlərə qazanclarının qırxda birini yoxsullara zəkat olaraq vermələrini əmr edir.

      Zəkatın lüğət mənası “təmizlik” deməkdir. Bu təmizlik zəkat verənə aid olduğu kimi, zəkatı verilən mala da aiddir. Çünki zəkat malın mənəvi kiri və yüküdür. Bu səbəbdən zəkat verən şəxs həm özünü günahlardan təmizləmiş, həm də malını bu mənəvi yükdən qurtarmış olur.

       

      Zəkat sözünün başqa bir mənası isə çoxalmaq və artmaq deməkdir. Zəkat verməklə mal əsla azalmaz, əksinə, daha da artar və çoxalar. Zəkatın fərz qılınmasından bəri Allahın əmr etdiyi kimi, səmimi olaraq, sevə-sevə bu ibadəti yerinə yetirən  heç bir zənginin kasıblaşıb iflas etdiyi tarix boyu görülməmişdir.    

      Zəkat verilən malın bərəkətlənərək daha da artacağını ifadə edən Uca Rəbbimiz bu barədə belə buyurur:

      “Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırar. Allahın lütfü genişdir. O, hər şeyi biləndir”. (əl-Bəqərə, 61)

      Bizə savab qazandıracaq digər bir ibadət isə sədəqədir. Məlum olduğu kimi, zəkat ibadətini yerinə yetirə bilməyimiz üçün müəyyən bir mala sahib olmağımız şərtdir. Buna görə də zəkat yalnız varlı müsəlmanların yerinə yetirəcəyi bir ibadətdir. Sədəqə isə bir az fərqlidir. Hər bir müsəlman səmimiyyəti və sədaqəti nisbətində sədəqə verə bilər. Sədəqə verə bilmək üçün müəyyən bir mala sahib olmaq kimi bir şərt yoxdur. Bundan başqa, sədəqə təkcə mal ilə yerinə yetirilən bir ibadət də deyildir. Hz. Peyğəmbərin (s.ə.s) ifadəsi ilə desək: “(Bir müsəlmanın) qardaşına göstərəcəyi təbəssüm sədəqədir; yaxşılığı əmr edib pislikdən çəkindirmək sədəqədir; yolunu azana yol göstərmək sədəqədir; gözü görməyən kimsəyə kömək etmək sədəqədir; yoldan daş, tikan, sümük (kimi insanlara əziyyət verən şeyləri) götürüb kənara atmaq sədəqədir...”. (Tirmiz, Birr, 36, 1956)

      Sədəqə verilən malın halal yoldan qazanılması və halal yolda xərclənməsi də çox mühümdür. Çünki Allahın rəhməti və bərəkəti onun rizasına müvafiq olan işlərdədir. Uca Allah belə buyurur: “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar”. (əl-Bəqərə, 276)

      Digər tərəfdən, sədəqə dünyəvi və üxrəvi bir çox sıxıntını dəf edər. Bunların bir neçəsi hədisi-şəriflərdə belə xəbər verilir:

      “Suyun odu söndürdüyü kimi, sədəqə də günah(ın əzabını) söndürür”. (Tirmizi, İman, 8, 2616)

      “Sədəqə Rəbbin qəzəbini söndürür və insanı  pis ölümdən uzaqlaşdırır”. (Tirmizi, Zəkat, 28, 664)

      Bunu da bilmək lazımdır ki, zəkat və sədəqəni Ramazan ayında verməyin fəziləti və savabı daha böyükdür. İstər fərz olan zəkat, istərsə də nafilə sədəqələr bu ayda daha çox əhəmiyyət kəsb edir. Necə ki, Peyğəmbərimizdən: “Hansı sədəqə daha fəzilətlidir?” - deyə soruşulduqda: “Ramazan ayında verilən sədəqə”, - cavabını vermişdir. (Tirmizi, Zəkat, 28/663)

      Səhabələr də fitr sədəqələrini və digər yardımları bu ayda artıqlamasıyla verərdi. Çünki Rəsulullah (s.ə.s) fitr sədəqəsinin böyük-kiçik, qadın-kişi, azad və kölə hər bir müsəlmana vacib buyurulduğunu bildirmişdir (Buxari, Zəkat, 70-78). Fitr sədəqəsini bayram namazından əvvəl verərək möhtacların qəlbində də bayram sevinci oyatmaq lazımdır.

      Ramazanın bərəkətindən maksimum dərəcədə istifadə edə bilmək üçün comərdlik duyğularımızı artırmaq lazımdır. Məhz Rəsulullah (s.ə.s) də belə edərdi. İbn Abbas (r.a) belə rəvayət edir:

       “Rəsulullah (s.ə.s) insanların ən comərdi idi. Ramazanda Cəbrayıl (ə.s) ilə görüşdüyü zamanlarda isə bu comərdliyi daha da çoxalardı. Cəbrayıl (ə.s) Ramazanın hər gecəsi Hz. Peyğəmbər (s.ə.s) ilə görüşər, (qarşılıqlı) Quran oxuyardılar. Bu səbəbdən Rəsulullah (s.ə.s) Cəbrayıl (ə.s) ilə görüşəndə maneəsiz əsən bərəkətli küləklərdən də comərd olardı”. (Buxari, Bədul-vəhy, 5, 6; Savm 7) 

      Göründüyü kimi, Ramazan ayında verilən sədəqə və zəkat  öz üstünlüyü və xüsusiyyəti ilə fərqlənir. Buna görə də əliaçıq olmağa, sədəqə verməyə mümkün mərtəbə səy göstərmək lazımdır. Xüsusilə imkanlı müsəlmanların zəkatı verməkdə xəsislik etməmələri lazımdır. Əks halda nəticəsi çox acı olar. Allahın saleh qullarından mərhum Musa Topbaş əfəndi bu həqiqəti belə dilə gətirirdi:

      “Ən pis oğru kasıbın malını oğurlayan kimsədir” (Yəni ən pis oğru kasıbın haqqı olan zəkat və sədəqəni verməyən varlıdır).

       

      • Hits: 157 clicks

      Tecox component by www.teglo.info