Dr. Rüfət ŞİRİNOV- QURTAR, QURTUL!

      Share

      İslam dini ümumbəşəri bir dindir. Uca Allah göndərdiyi bu dini digər insanlara təbliğ etməyi möminlərə əmr etmişdir. Odur ki, hər bir müsəlman vəzifəsindən, rəngindən, irqindən və millətindən asılı olmayaraq insanların din ilə tanış olması, onların hidayət tapması üçün əlindən gələni əsrigəməməlidir. Uca Allah belə buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız...”. (Ali-İmran, 110) Odur ki, insanlara dini təbliğ etmək vəzifəsi təkcə peyğəmbərlərin yox, bütün möminlərin ən ümdə vəzifəsidir.

      İyirmi üç illik peyğəmbərlik həyatını insanların qurtuluşuna həsr edən və bu yolda hədsiz əzab-əziyyət görən Hz. Peyğəmbər (s.ə.s) hər hansı bir şəxsin hidayət xəbərini eşitməsi ilə bütün əziyyətləri unudur və dünyanın ən xoşbəxt insanına çevrilirdi. İslam tarixində oxuduğumuz Taif səfərində gördüyü insana yaraşmayan münasibət, təhqir və daşqalaqdan sonra peşman halda Məkkəyə dönərkən Addas adında xristian bir kölənin hidayətinə səbəb olması onun bütün ağrılarının üstünü örtmüşdü.

      Hər fürsətdə ümmətini atəşdən qorumaq üçün əlindən gələni əsirgəməyən Peyğəmbərimiz (s.ə.s) ilk tələbələri olan səhabələrini də bu anlayışla tərbiyə etmişdir. Hz. Əliyə verdiyi tövsiyəsi həyatı boyunca həm onun özü, həm də bütün inananlar üçün stimul olmuşdur. Həyat fəlsəfəsinə rəng qatan o ülvi tövsiyə belə idi: “Ey Əli! Allaha and olsun ki, sənin vasitənlə bir nəfərin belə hidayət tapması, dünyada malik ola biləcəyin ən bahalı nemətlərdən (var-dövlətdən) daha xeyirlidir”. (Buxari, Cihad, 102; Müslim, Fəzail əs-Səhabə, 34)  

      “Hər kim insanları doğru yola çağırarsa, ona tabe olanların savabı qədər savab qazanar. Eyni zamanda ona tabe olanların savabından da heç nə əskilməz” hədisini özlərinə həyat rəhbəri seçən səhabələr, gözlərini qırpmadan, ən çətin elçilik vəzifələrini də cəsarətlə yerinə yetirmiş, verilən təbliğ məktublarını sorğu-sualsız kralların, cəlladların hüzurunda oxumuşdular. Bir insanın belə hidayətinə vəsilə ola bilmək arzusu onlara öz həyatlarından daha dəyərli hala gəlmişdi.  

      Vida həccində iştirak edən 120 minə yaxın səhabədən təkcə 20 minə yaxını öz vətənlərində qaldılar. Digərləri insanların hidayətinə vəsilə olmaq üçün dünyanın müxtəlif bölgələrinə səfərə çıxdılar. Bu hidayət səfərləri onları şərqdə Səmərqənd, Çin, qərbdə Qayravan, İstanbul, cənubda Afrikanın dərinliklərinə qədər apardı. Səfər əsnasında çəkdikləri əziyyət və cəfalar onların həyəcanına həyəcan qatdı, qarşılığını Allahdan gözləyərək fədakarlıqlarından çəkinmədilər. Onlar vasitəsilə hidayət yolunu tapan biz müsəlmanlara da onlara rəhmət oxumaq, dua etmək və sərgilədikləri fədakarlıqları bu gün layiqincə davam etdirmək düşür.

      Hər birimiz Həbəşistan (Efiopiya) kralı Nəcaşinin hüzurunda fərasəti, cəsarəti və vüqarlı duruşu ilə çıxış edən, Peyğəmbər əmizadəsi Cəfəri-Təyyar kimi bəsirət sahibi olmalı, Mədinədə evlərə tək-tək gedərək insanların qəlbini fəth edən, Mədinə xalqının müsəlman olmasına səbəb olan ilk müəllim Musab ibn Ümeyr kimi fədakar və cəsur olmalıyıq. Necə ki, səhabələr insanlara təbliğ etməyi, onların hidayət tapmalarına vəsilə olmağı özlərinə meyar seçmişdilər, biz də bu gün eyni həyəcanı yaşamalı və bizdən sonra gələn nəsillərə miras qoymalıyıq.

      Dünyada üşüyən birinin varlığına görə özünün isinməyə haqqı olmadığını düşünən görkəmli İslam mütəfəkkiri Mövlananın anlayışını dünyada hər bir insana İslamı təbliğ etmə şüuruna tətbiq etməliyik.

      Əbu Hüreyrənin bu rəvayəti yuxarıda sadaladığımız həqiqətləri necə də gözəl xülasə edir: “Qiyamət günündə tanımadığı biri gəlib adamın yaxasından yapışacaq. Adam çaşbaş qalaraq ona belə deyəcək: “Məndən nə istəyirsən? Əl çək məndən. Mən səni tanımıram!”. Yaxasından yapışan adam isə: “Dünyada ikən məni əyri yolda görür, günah işlədiyimi seyr edirdin, ancaq mənə mane olmurdun!”- deyəcəkdir”.(ət-Tərğib və ət-Tərhib) Unutmayaq ki, xeyir işə vasitəçi olan onu işləmiş kimi savab qazanar.  

      Təbliğ təmsilçisi hər bir möminin davranışları, vizual görünüşü, ictimai münasibətləri də dedikləri ilə ahəng təşkil etməlidir. Həyatımızı nəfsimizin arzularına görə yox, Allahın dediklərinə görə nizamlamalıyıq. Hətta Hz. Ömərin ifadəsi ilə desək, danışmadan dəvət edə bilməliyik. Bu ifadələri başa düşməyən Hz. Ömərin yanındakılar ona bunun necə olacağını soruşurlar. Həzrət də: “Həyat tərziniz və əxlaqınızla”, - deyərək cavab verir. Unutmayaq ki, İndoneziya kimi bir ölkənin hidayət tapmasının səbəbi oraya gedən müsəlman tacirlərin göstərdiyi nümunəvi əxlaq olmuşdur.

      • Hits: 252 clicks

      Tecox component by www.teglo.info