Nicat QƏRİBOV - “CƏNNƏTƏ OTOSTOP” KİTABINDAN

      Share

      İtalyan Eliza

      “Sonuncu dəfə ziyarət etdiyim rahib suallarımı dinlədikdən sonra ağlamağa başladı. Ondan nə üçün ağladığının səbəbini soruşanda mənə: “Mən də illərdir ki, təslis inancı barədə şübhə içindəyəm. Bu suala heç cür cavab tapa bilmirəm. Zənnimcə, doğru yoldasan; İslamı araşdırmağa davam et”, – dedi. Rahibin bu cavabı məni çox təəccübləndirdi və sonuncu görüşdən sonra Allahın tək olduğuna qəti şəkildə inanmağa başladım”.

      İtaliyanın Katolika şəhərində dünyaya gələn Eliza fəlsəfəyə duyduğu maraq səbəbiylə universitet illərində “Həqiqət nədir?” sualının axtarışına çıxır. Daxili dünyasında qeyri-adi hadisələrin meydana gəldiyi bu mərhələ Misirdəykən gördüyü bir yuxudan sonra Elizanın İslama girməsiylə nəticələnir. Üç il yarım bundan qabaq müsəlman olan Elizanın hal-hazırkı adı Rəhimədir. Rəhimə xanım son günlərdə çox xoşbəxt olduğunu söyləyir. Bu xoşbəxtliyin səbəbini soruşanlara belə deyir: “Anam da qısa bir müddət əvvəl eynilə mənim kimi kəlmeyi-şəhadət gətirərək müsəlman oldu”.

       

      Yamaykalı Bilal Braun

      “Narkotik satdığım vaxtlar bir çox insani xüsusiyyətimi itirmişdim və sadəcə pul qazanmaq haqqında düşünürdüm. Mənim gözümdə insanların heç bir dəyəri yox idi. Allaha şükürlər olsun ki, İslamı qəbul etdikdən sonra o pis həyatı və düşüncələri tərk etdim”.

      Əslən yamaykalı olmasına baxmayaraq İngiltərədə böyüyüb boya-başa çatan Bilal Braun müsəlman olmazdan əvvəl günahlarla dolu bir həyat yaşayırdı. Narkotik alverindən maşın oğurluğuna qədər hər cür pis işlərə qarışan Bilalın həyatı sanki bir film kimi olmuşdur. İslamdan əvvəl Klifford Braun adını daşıyan Bilal, müsəlman olduqdan sonra doqquz ingilisin hidayətə gəlməsinə vəsilə olmuşdur. İslamı qəbul etməsiylə sanki yenidən doğulan Bilal fikirlərini belə ifadə edir: “Müsəlman olmağım və bu səbəblə şəxsiyyətimdə bir sıra dəyişikliklərin meydana gəlməsi məni yaxından tanıyanları çox təəccübləndirmişdi. Əvvəl yaşadığım həyat rahat idi və narkotik işində çoxlu pul qazanırdım. Belə bir vəziyyətdə olduğum halda hər şeyi tərk etməyim xüsusilə də əvvəlki iş ortaqlarım tərəfindən çox qəribə qarşılandı. Bu dəyişikliyə ən çox sevinən isə anam oldu. Hətta anam tez-tez mənə: “Bu din sənin kimi bir adamı bu qədər dəyişdiribsə, demək ki, o, haqq bir dindir”, - deyir. Rəbbimə şükürlər olsun ki, məni zülmətlərdən çıxardıb nura qovuşdurdu”.

       

      Alman Culiya Cuveyriyyə

      “İslama ilk girdiyim günlərdə sadəcə namaz vaxtlarında örtünürdüm. Digər vaxtlarda isə başım açıq olurdu. İlk olaraq Allahın qadınlardan nə üçün örtünmələrini istədiyini araşdırdım. Ən sonda belə bir nəticəyə gəldim: Allah bizə dəyər verir və bizi qorumaq istəyir. Bu səbəblə də örtünməyimizi əmr edir. Rəbbimin bu istəyinə itaət etməli olduğumu anladığım zaman örtündüm”.

      Bir vaxtlar Almaniyada məşhur müğənni kimi tanınan Culiya Cüveyriyyə, ona hədiyyə edilən bir kitabdan sonra yaşadığı qeyri-adi hadisələrin təsiriylə müsəlman olmağa qərar verir. İslamı qəbul etməzdən əvvəl müsəlmanlara nifrət etdiyini deyən Culiya Cüveyriyyə bunları söyləyir: “Hidayətə gəlməzdən əvvəl müsəlmanlar mənim gözümdə cahil, həyatdan zövq ala bilməyən, azadlıqlarını itirmiş insanlar idi. Onların həddindən artıq zəif olduqları və bu səbəblə də bir yaradıcıya ehtiyac hiss etdikləri fikrini müdafiə edirdim. İslamın eynilə xristianlıq və yəhudilik kimi insanların azadlıqlarını əllərindən alan bir din olduğunu düşünürdüm”. Bir vaxtlar müsəlmanlardan bu qədər nifrət etməsinə baxmayaraq, hidayətə gəldikdən sonra peyğəmbərimizin xanımlarından Cüveyriyyə anamızın adını daşımağa başladı.

       

      Hindistanlı Muhamməd

      “İslam bizə təmiz olmağımızı, qul haqqı yeməməyi, qonşularımızla gözəl davranmağı, yalan danışmaqdan qaçınmağı, namaz qılmağı, oruc tutmağı, insanlara qarşı kobud davranmamağı əmr edir. Din olaraq İslamı qəbul edən hər insan İslamın bu əmrlərini yerinə yetirmək məcburiyyətindədir”.

      İki il əvvəl müsəlman olaraq Muhamməd adını alan Karatık Murugasan müsəlman olana qədər hinduizmə inanırmış. Üç gün ardıcıl olaraq gördüyü yuxular və daha sonra yaşadıqları Muhammədi İslama yönləndirir. Əslən hindistanlı olan Muhamməd hal-hazırda Malayziyada yaşayır və Malayziyanın Klantan ərazisindəki İslam və Dəvət məktəbində təhsil alır. İslamı cəmi iki il əvvəl qəbul etməsinə baxmayaraq, müsəlman olduğunu ailəsindən gizlətməyə davam edən Muhamməd bu halını belə açıqlayır: “Müsəlman olduğumu ana və atamdan gizlədirəm. Hindular ümumilikdə fanatik insanlardır və əvvəllər hindu olan insanın başqa bir dinə keçməsi hindular tərəfindən heç də yaxşı qarşılanmaz. Xüsusilə anam hinduizmi tərk etdiyimi öyrənərsə, mənə çox əsəbiləşər. Ancaq bu il ərzində onlarla danışmağı; ailəmə, qohumlarıma və ətrafıma müsəlman olmağım haqda xəbər verməyi düşünürəm. Müsəlman olduğumu ailəmə və qohumlarıma söyləyəndən sonra bir çox çətinliklərlə üzləşəcəyimi bilirəm. İmanım güclənərsə, bu çətinliklərin öhdəsindən gələ bilərəm. Ona görə də imanımın daha da güclənməsini gözləyirəm. Uyğun bir vaxtda ailəmə müsəlman olduğumu xəbər verəcəyəm və onları İslama dəvət etməyə başlayacağam”.

      • Hits: 90 clicks

      Tecox component by www.teglo.info