Qoşqar ABBAS - NECƏ OXUYAQ?

      Share

      Zamanın kapitallaşdırılmasından sonra məkana həbs olunan hər şey zaman və kapitala uyğun tərzdə mövcud olmaq məcburiyyətində qaldı. Əvvəllər surət sürətə hakimiydisə, XX əsrdən etibarən sürət surətə hökmranlıq etdi. Nəticədə bizim zövqümüzü oxşayan dəyərlər də sürətlənib qısalmağa başladı. 

      Təəssüflər olsun ki, bu faciə kitabın da başına gəldi. Artıq kitab sürətli oxunmağa, tezbazar məzmunu çıxardılmağa, heç bir bağ qurulmamağa itələndi. Burada insanlara irad tutmaq doğru olmaz. Nəticədə axına qarşı üzmək çətindir. Hələ bir də bu axın sosium olarsa.

      Bəzən kitab alıb oxuyur, daha sonra oxuduğumuza peşman oluruq və bu bizi həvəsdən salır. Boş yerə vaxt itirdiyimizi düşünürük. Həmin kitab və yazıçıya qarşı aqressiyamız yaranır. Kitab oxumağın faydalı olduğunu düşünür, qarşımıza çıxan, dost-tanış və ya kitab mağazalarında satıcı işləyənlər tərəfindən təklif edilən az qala bütün kitabları oxuyuruq. Lakin hər kitabı oxumaq müsbət təsir göstərmir. Çox oxumaq, yaxşı oxumaq demək deyil. Hər kəsə fərqli mövzuda kitablar və metodlar lazımdır.

      Kitabları üç kateqoriyaya bölmək olar: Zövq, intellektual bazanın artırılması və ixtisas üçün. Qəlibləşmiş ifadəyə çevrilən “zövqlər müxtəlifdir” deyimi burada da keçərlidir. Zövq üçün oxunan istənilən kitab məqbuldur. İntellektual bazanın, tənqidi düşüncənin artırılması üçün oxunan kitablarda çalışmaq lazımdır ki, müəyyən istiqamət seçəsən. Bir insan bütün sahələrlə bağlı məlumatlı ola bilməz. Maraq dairəmizi mümkün qədər kiçiltməliyik. Bunun üçün əvvəlcə maraqlandığımız sahənin, əşya və hadisənin tarixini oxumaq lazımdır. Bir şeyin tarixini bilmədən düzgün köklənə bilməz, düşüncə ardıcıllığını yerli-yerinə otuzdura bilmərik. Sonra fikrimizi formalaşdırmaq üçün predmetə qarşı tənqidi materialları gözdən keçirməliyik. İxtisas kitablarında isə ara-sıra sıfırdan başlamaq lazımdır, ilmə-ilmə toxuyurmuş kimi.

      Haradasa xırda, kiçik səhv edə bilərsən. Lazım gələrsə, zehnində tikdiyin villanı yıxıb, yenidən daxma tikməlisən. Bax o daxma, villaya nisbətlə daha sağlam olacaq. Məsələn, mən Azərbaycanın iltellektual tarixini araşdırıram. Bu mənim ixtisasım yox, intellektual bazamın artırılması ilə bağlıdır. Azərbaycanda yaşayır və düşüncə mərkəzimi Azərbaycan seçmişəmsə belə etməli olduğum qənaətinə gəlmişəm. İxtisasım olan fəlsəfədə iki dəfə sıfırdan başlamışam. Hər dəfə ta mifologiyadan ən yeni dövrə qədər. Zövq üçün isə ən azı bir və ya iki roman oxuyuram. Roman akademizmin quru ab-havasından çıxmağa kömək edir.

      Kitaba başlamadan öncə onun müəllifi və kitab haqqında rəylərə diqqət etmək lazımdır. Azərbaycanda nəşr olunan kitablar barədə oxucu və tənqidçilərin düşüncələrini öryənə biləcəyiniz vasitələr azdır, ancaq tərcümə edilmiş kitablar haqqında məsləhət ala biləcəyiniz kifayət qədər internet səhifələri mövcuddur.

      Zamanın atdan düşüb elektrik maşınlarına mindiyi çağda qalın, səhifələrini uzun cümlələrin bürüdüyü klassik kitablar əvvəlki modasını itirib. İndi “mood” (düşüncə tərzi) mini kitablardır. Uzun-uzadı cümlələr vaxtı çox olan nəcib və kübar aristokratlar üçün yazılmışdı. Çağın romanlarını, hekayələrini oxumaqla çağı anlamaq olar. Klassik əsərlər sadəcə o dövrün portretini verə bilər. Modern ədəbiyyatı oxumamaq, çağı bilməmək deməkdir. Azərbaycanı tanımaq üçün klassik kitablara ehtiyac var, doğrudur. Ancaq ən çox iyirmi kitab oxumalı olarsan. Kitabi Dədə Qorqud, Nizami, Füzuli və Nəsimini həzm edib birdən-birə XX əsrə qaça bilərsən. Onsuz da ortada ciddi bir şey yoxdur.

       “Yazıçının niyyəti” mövzusu ədəbiyyatda ciddi nüansdır. Siz özünüzü sözlərin estetikasına buraxmaq istəyirsinizsə yazıçının niyyətinə ehtiyac duymazsınız. Halbuki kitabla işləyən, kitablararası keçidlərə diqqət yetirən və həbs edilən düşüncəni dartıb azadlığa çıxarmaq istəyən “kitab qurdları” üçün yazarın niyyəti əhəmiyyətlidir.

      Kitab oxuyarkən qeydlər götürməklə növbəti oxuyacağın kitabı daha yaxşı dərk edərsən. Çünki kitablar bir-birinə bağlıdır. Aldığın qeydləri kitabı bitirdikdən sonra bir daha gözdən keçir. Beləliklə, kitabın əsas məzmunu zehninə hopmaqla yanaşı, daha sonra eyni mövzuda oxuduğun kitabda niyyəti kəşf etməyin rahatlaşacaq.

      Berqman deyir ki, teoloji olmayan film yoxdur. Bu hal kitab üçün də xarakterikdir. Teoloji olmayan kitab da yoxdur. Hər kitabda teoloji bir sual, nöqtə və ya nida var. Bu ölkədə yaşayırsansa və bu ölkə üzərinə düşünürsənsə bu ölkənin, bu coğrafiyanın teoloji xüsusiyyətlərini bilmək məcburiyyətindəsən. İncili oxumadan Avropa kinosunu oxumaq mümkün olmadığı kimi, Quranı oxumadan, təssəvvüfü bilmədən Şərq ədəbiyyatını oxumaq da mümkün deyil. Məğz yarımçıq qalacaq və böyük bir boşluq yaranacaq. İstər Qərbdə, istərsə də Şərqdə bütün kitablar bir kitaba aparır. Sən o “bir” kitabı oxumadan bildiklərin böyük boşluqda fırlanan mikroblara bənzəyəcək.

      Kitabını oxumadan, kitabları oxuya bilməzsən...

      Qərar sənindir... Bəs sənin  kitabın hansıdır, ey dost?..

      • Hits: 220 clicks

      Tecox component by www.teglo.info