Rafiq SƏMƏNDƏR - SANKİ BÜTÜN BAKI MATƏM ÇADIRI İDİ…

      Share

      İrfan: Rafiq müəllim, 20 Yanvar deyəndə yada düşənlərdən biri də sizin “Şəhidlər” kitabınızdır. Qısa zamanda qələmə aldığınız bu kitab 150 min tirajla nəşr olundu və əl-əl gəzdi. Belə bir əsəri yazmağa sizi nə vadar etdi?

      Rafiq Səməndər: Deməli, o vaxt mən dövlət televiziyasında ədəbi-dram verilişlərinin baş redaktoru işləyirdim. 

      Evim Gənclik metrosunda, yazıçıların binasında idi. Hər gün işdən çıxıb 123 nömrəli avtobusla evə gedirdim. O günlərdə həmin avtobus işləmirdi. Çünki elə 123 nömrəli avtobusun sürücüsünün özünü də vurmuşdular. Mən də hər gün piyada Nərimanov prospekti ilə, hərbi məktəbin yanından gəlib “taksi-motornu”nun yanından keçərək “İnqilab” küçəsinə düşürdüm, düz “Gənclik” metrosuna. Yeri gəlmişkən qeyd edim ki, Bakıda ən böyük qırğınlar məhz elə mənim hərəkət etdiyim bu marşrutda olmuşdu. O yolun üstündə vurulan, əzilən maşınları çox görmüşəm. Öldürülən insanların, uşaqların meyitləri ilə qarşılaşmışam. Yol boyu şəhidlərin yasını vermək üçün mağarlar qurulmuşdu. Hər dəfə yolüstü həmin mağarlara baş çəkirdim.

      - Yəqin başsağlığı verirdiniz...

      - Yox, əslində kimə başsağlığı verəcəyimizi bilmirdik. Çünki hamının üzündən hüzn yağırdı, girdiyin yas çadırının sahibi kimdir bilmirdin. O günlərdə bütün Bakı yas çadırına dönmüşdü. Hər dəfə o mağarlara girib oturanda camaatın danışdıqlarına qulaq asırdım. Mərhumun evdən necə çıxdığını, harda vurulduğunu, gülləyə necə tuş gəldiyini, hamısını danışırdılar. Yaşanmış elə maraqlı epizodlar danışırdılar ki, dünyanın ən istedadlı yazıçısı, kinematoqrafı belə həmin fraqmenti düzüb-qoşa bilməzdi. Bütün bunlar mənə çox maraqlı və təsiredici gəlirdi. O qədər maraqlı gəlirdi ki, axşam evə gəlib gündəliyimə yazırdım. Yeri gəlmişkən qeyd edim ki, təxminən 80-ci ildən bu yana gündəlik yazıram. Məsələn, bir azdan siz gedəcəksiniz, mən oturub yazacağam ki “İrfan” jurnalından yoldaşlar gəlmişdi, söhbət etdik, dərdləşdik, çay içdik...

      - Rafiq müəllim, nə danışırdılar, məsələn? Bəlkə bir-iki epizodu da bizimlə bölüşəsiniz?

      - Deməli, bir gün, təxminən 20 Yanvardan 15 gün sonra “Xutor” tərəfdə idim, gördüm ki, camaat yığışıb bir mağara tərəf axın edir, mən də qoşuldum onlara. İçəridə dedilər ki, yaşlı bir qadın səni görmək istəyir. Nə isə, görüşdük. Dedi ki: “Ay oğul, eşitmişəm ki, sən şəhidləri yazırsan, mən bu qırğını qabaqcadan yuxuda görmüşdüm. Onu da yaz”. Necə gördüyünü soruşdum. Dedi ki: “Burda yasına yığışdığımız oğlan mənim nəvəmdi. Ayın 18-dən 19-na keçən gecə yuxuda gördüm ki, öz rayonumuzdayam, Masisdə. Həyətə çıxıram, görürəm ki, bütün albalı ağacları çiçəkləyib. Elə gözəl çiçək açıb ki, öz-özümə deyirəm ki, qışın bu şaxtasında nə əcəb çiçəkləyib ağaclar! Elə bu vaxt həyətdən qayçı səsi eşidirəm. Bir az irəli gedib görürəm ki, erməni qonşumuz düşüb bağın canına, gül açan budaqları budayıb yığır şələyə. Ha qışqırıram ki, ay imansız, heç gül açan ağacı kəsərlər? Amma qulaq asmır mənə, elə işini görüb, budadığı budaqları şələyə vurub, bağlayıb aparır. Yuxunun ertəsi gün də o dəhşət baş verdi”. Bax beləcə, qeydləri apara-apara bu qərara gəldim ki, gərək bunların hamısını kitablaşdırım. Sahib Ələkbərov onda Komsomolun birinci katibi idi, “Gənclik Nəşriyyatı”nın sədri də Hidayət Orucov idi. Gedib Hidayət müəllimə fikrimi açdım. Dedi, əla olar, amma növbədənkənar nəşr üçün gərək Sahib müəllimin xüsusi icazəsi olsun. Gedib Sahib müəllimdən icazə alıb yazmağa başladım. Dalğa verilişinin populyar vaxtları idi. Məni də dəvət etmişdilər, verilişdə dedim ki, belə bir kitab yazıram, kimdə nə faktlar varsa gəlib mənə danışsın. Səhəri gün iş yerimə insan axını başladı. Nə qədər adam gəlirdi, nə qədər adam gəlirdi... Hətta bəzən elə olurdu ki, bir adam haqqında mən yazıb qurtarırdım, amma onun dost-tanışı, sinif yoldaşı, yaxınları yanıma gəlib danışırdılar. Mən də hamısını dinləyirdim, axı onlar dərdlərini danışırdılar, necə deyəsən ki, mən bunu artıq eşitmişəm, bilirəm. Belə bir maraqlı hadisə də olmuşdu. Deməli, mən şəhidlərin siyahısını “Səhər” qəzetindən götürmüşdüm. Sonra istintaq komitəsindən də siyahı aldım. Gördüm ki, iki siyahı bir-biri ilə düz gəlmir. Mən ikisini də tutuşdurub əskikləri tamamlamışdım. Sonra yanıma elə adamlar gəlib danışırdılar ki, görürdüm ki, onlar heç bir siyahıda yoxdur. Məsələ bu qədər mürəkkəb idi. Mənim siyahıma görə 150-160 nəfər şəhid çıxırdı. Hər gecə 4-5 şəhidi yazırdım.

      - Bəs bu kitabı yazarkən sizə hər hansı bir təzyiq oldumu?

      - Qeyd etdiyim kimi, o zaman dövlət televiziyasında baş redaktor işləyirdim. Şəhidlərin qırxına rejissor Tariyel Vəliyevlə birlikdə sənədli film hazırlayırdıq. Bir çox şəhidin harada vurulduğunu, necə qətlə yetirildiyini bilirdim. Harda nə eşitsəm, tez Tariyel Vəliyevi ora aparıb çəkdirirdim ki, sonra it-bat olmasın. Televiziyaya nəzarət General Ovçinnikova tapşırılmışdı. Ümumi baş komendant isə Dubinyak idi. Ovçinnikov tez-tez deyirdi ki, “Əzəl-axır səni içəri salacağam”. Deməli, ssenarini yazmışam, rəhmətlik Tariyel də 30 dəqiqəlik filmi işləyib, hər şey hazırdı. Film möhtəşəm alınıb, ürək ağrısından baxmaq olmur, Babək kinosunun musiqisini də fon kimi vermişik, amma mətni hələ əlavə etməmişik. Ovçinnikovla birlikdə oturub filmə son baxış edirik, iki gündən sonra ekranlara veriləcək. Baxıb qurtardıq, dedim ki, yoldaş general, biz hələ mətni qoymamışıq. Dedi ki, “Efirə elə mətnsiz gedəcək”. Bəzi bir-iki səhnəni çıxartdırdıqdan sonra efirə icazə verdi. Deyim ki, hətta baş komendant Dubinyak mənə komendant saatında şəhərə çıxmaq üçün icazə vərəqəsi də vermişdi. Amma kimsə Ovçinnikova çatdırmışdı ki, Rafiq şəhidlərdən kitab da yazır. O da demişdi ki, mənim işim televiziyaya nəzarətdir, orasına qarışmıram. Bir gecə evdə oturmuşdum. Qapı döyüldü, özünü vətənpərvər kimi qələmə verən bir nəfər (adını deməyəcəyəm, rəhmətə gedib) mənə dedi ki, aşağıda maşında bir şəhid ailəsi var, səni görmək istəyir. Mən də heç kəsdən keçmirdim. Düşdüm gördüm qırmızı bir “zaporojest” məni gözləyir. Arxada oturdum, sağımda və solumda iki nəfər oturdu, məni düz gətirdilər Dubinyakın yanına. Dubiyak məndən soruşdu ki, nə yazırsan? Dedim sizdə ölən adam haqda nekroloq verilmir bəyəm? Mən də şəhidlərimiz üçün nekroloq yazıram, amma bir fərq var ki, mən bir az bədii yazıram. Dedi bəs bizim əsgərlərdən də yazmısan? O ərəfədə də kazarmada atışma olmuşdu, səbəbini bilmirəm, amma 7 rus əsgəri ölmüşdü. Mən onların cəsədini də gözlərimlə görmüşəm. Dubinyak deyirdi ki, onları da yaz. Birbaşa etiraz edə bilməzdim, kitab yarımçıq qalardı. Dedim ki, mən rus dilində yaza bilmirəm. Sizin yaxşı jurnalistləriniz var, qoy onlar yazsın, tərcümə etdirib kitaba salaq. Mənimlə razılaşıb buraxdı. Həmin hadisədən bir həftə əvvəl isə indi oturduğumuz bu evi (Novxanıdakı bağ evini) darmadağın eləmişdilər. Rus əsgərləri gecəliklə gəlib evi ələk-vələk eləmişdilər. Bundan başqa mənə heç bir təzyiq olmamışdı. Böyük ehtimal ki, dövlət televiziyasında işlədiyim üçün açıq-aşkar təzyiq göstərmirdilər. Həm də şəhidlərdən kitab yazırdım axı, ola bilsin, mənə nə isə edəcəkləri təqdirdə xalqın yenidən ayağa qalxmasından ehtiyat edirdilər. Bəxtiyar Vahabzadənin də bu məsələdə çox köməyi olmuşdu. Mən “Dalğa”da çıxış edəndə ki, kitab yazıram, mənə zəng eləyib demişdi ki, bütün yazdıqlarını hər axşam mənə gətir, rəy yazım, dəyib-dolaşan olmasın. Universitetdə müəllimim olmuşdu, o vaxtdan münasibətimiz yaxşı idi. Kitabın ön sözü də ona aiddir.

      - Rafiq müəllim, dediniz ki, bütün şəhidlərin evində olmusunuz. Bəs nə hiss edirdiniz o evlərə gedəndə?

      -  Çox ağır idi, təbii ki... Amma bir evdə elə sevinmişəm ki, sevincimin həddi-hüdudu yox idi. Deməli, şəhidlər siyahısında bir nəfərin adı vardı, amma evini tapa bilmirdim. Ünvan yoxdu. Bir dənə məlumat var, “Karyer küçəsi”. Nə ünvan var, nə də yanıma gəlib onun haqqında danışan bir yaxını. Bütün “jek”lərə, ovaxtkı “ispolkom”lara xəbər elədik, yenə də ünvanı tapa bilmədik. Bir gün dedilər ki, Nərimanovda o adda bir küçə var. Nəhayət, həmin küçəni tapıb getdim ora. O qədər dar küçə idi ki, düz getmək mümkün deyildi, yanpörtü zorla keçmək olurdu. Nə isə, getdim evi tapdım. İçəri dəvət etdilər, uşaqlar analarına dedilər ki, kitab yazan oğlan gəlib. Qabağıma çay qoydular. Baxdım ki, burda heç yas ab-havası yoxdu. Yoldaşı gəlib dedi ki, indi gələcək. Duruxdum bir anda, dedim necə yəni, hardadı ki? Uşaqlardan biri dedi ki, Rafiq müəllim, bilirik, başsağlığına gəlmisiniz, amma atamız sağdı. Üç gün morqda ölülərin arasında qalıb, sonra öyrəniblər ki, ölməyib. İnanın o qədər sevindim, o qədər sevindim... Yeganə ev o idi ki, gülə-gülə çıxmışam ordan.

      - Rafiq müəllim, bizi xəyalən o günlərə apardığınız üçün, xüsusilə də Azərbaycan xalqına belə bir əsər ərməğan etdiyiniz üçün bütün oxucular adından sizə təşəkkür edirik.

      - Mən də sizə təşəkkür edirəm ki, azadlıq fədailərimizi, hər biri bir qəhrəmanlıq salnaməsi olan şəhidlərimizin xatirəsini beləcə yad edirsiniz. Onlara çox şeyi borcluyuq. 

      • Hits: 179 clicks

      Tecox component by www.teglo.info