Aqil ƏLİYEV - PEYĞƏMBƏR QİSSƏLƏRİNDƏN İBRƏTLƏR

      Share

      Qurani-Kərim Uca Allahın kəlamı olduğu üçün bu kitabda heç bir şək-şübhəyə, artıq-əskiyə, boş və əbəs bir şeyə rast gəlmək mümkün deyil. Hər bir nöqsandan münəzzəh olan, bütün kamilliklərin Öz zatında toplandığı Rəbbimiz heç əbəs bir şeydən söz edərmi? Əsla! Belə bir düşüncədən Uca Allaha sığınırıq.

      Odur ki, Qurani-Kərimdə qeyd olunan hər bir hökmün, ayənin, nəql olunan hadisənin öz hikməti var. Quranın, demək olar ki, yarısına yaxınını təşkil edən peyğəmbər qissələrindən də çıxaracağımız dərslər və ibrətlər çoxdur. Bu qissələrin başında iki böyük peyğəmbərin: Adəm və Nuhun qissəsi gəlir.  

      Hz. Adəmin (ə.s) qissəsində biz ilk insanları, ata-anamızı tanıyır, Adəmə (ə.s) mələklərin belə təzim etdiyini öyrənir, İblislə ilk imtahanına şahid olur, təkəbbürün nə qədər çirkin bir şey olduğunu görür və tövbənin əhəmiyyətini anlayırıq.

      Uca Allah Adəmi (ə.s) və xanımı Həvvanı Cənnətə qoymuş, onlara bütün meyvələrdən istifadə etməyə icazə verdiyi halda təkcə qadağan olunan ağaca yaxınlaşmamasını istəmişdi. Ancaq İblisin də vəsvəsəsi ilə onlar bu qadağanı pozmuş və çox peşman olmuşdular. Bu hadisədən sonra onlar cəza olaraq yer üzünə, hər biri fərqli-fərqli yerlərə göndərilmiş və illərlə tövbə edib göz yaşı tökmüşdülər. Bu göz yaşının və səmimi tövbənin nəticəsində Uca Allah onları bağışlamış və Məkkədəki Ərafat dağında bir-birinə qovuşdurmuşdu.

      Buradan çıxaracağımız dərs və hikmətləri belə xülasə edə bilərik: Ey insan! Adəm (ə.s) və xanımı bir günah işlədi, amma bu bir günaha görə illərlə göz yaşı tökdü. Sən isə illərlə günah işləyirsən, amma bir dəfə də olsun nə göz yaşı tökür, nə də tövbəyə yaxınlaşırsan. Ey insan! Əgər sən də tövbə etsən və peşman olub bağışlanma diləsən, nə qədər günahın olsa da, Uca Allah səni bağışlayar. Adəm (ə.s) tövbə etdiyi üçün Uca Allah onu bağışladı, amma İblis Uca Allahın əmrindən çıxmasına baxmayaraq təkəbbürlük etdi; nə peşman oldu, nə də tövbə etdi. Əksinə, hər zaman öz əməlini müdafiə edərək  Adəmdən (ə.s) üstün olduğunu iddia etdi. Odur ki, ey insan, sən də xətalarını qəbul edib tövbə etsən, Adəm olarsan, adam olarsan. Yox əgər xətanı qəbul etməyib özünü müdafiə edirsənsə, İblisin xislətini almış olarsan...

      Yenə bu qissədə İblisin oddan yaradıldığı üçün özünü Adəmdən üstün tutmasından onu anlayırıq ki, üstünlük nədən yaradıldığında deyil, Uca Allahın əmrinə itaətdə və təqvalı olmaqdadır.

      Nuhun qissəsində də çox böyük ibrətlər var. Nuh (ə.s) şəfqət, sədaqət və səbir peyğəmbəridir. 950 illik təbliğatına baxmayaraq öz doğma oğlu və xanımı hidayətə gəlməmişdi. Amma ümidsizliyə düşməmiş, öz mübarizəsini əzmlə davam etdirmiş, onlara qarşı da daim nəzakətli və şəfqətli olmuşdur. Tufan gəlmədən əvvəl, o günə qədər iman gətirmədikləri halda, onları da bir ata mərhəməti və nəvazişi ilə “canım oğlum” deyərək gəmiyə dəvət etdi. Amma onlar yenə də bu dəvəti qəbul etmədilər, gəmiyə minmədilər.

      Bu qissədə bizə örnək olacaq bir dəvət metodu var: qarşındakı insanı Uca Allahın yoluna dəvət edərkən son dərəcə hikmətlə, şəfqətlə və nəvazişlə dəvət etməliyik. Gəlin görək biz bu metoddan nə qədər istifadə edə bilirik? Öz xanımımıza, övladlarımıza, ailəmizə və digər insanlara qarşı dini mövzularda nə qədər nəzakətli, həssas və səbirli davranırıq?

                Nuh (ə.s) kimi biz də namaz qılmayan, sübh namazına qalxmaqda çətinlik çəkən, Quran oxumayan övladımıza “canım oğlum, canım qızım” deyərək səbirlə onları bu gözəllikləri anlamağa, qavramağa dəvət edə bilirikmi?

      Nuha (ə.s) Uca Allah gəmi düzəltmək üçün əmr verdi. Həmin bölgədə dəniz, çay və ya güclü yağışlar olmamasına baxmayaraq, Uca Allahın verdiyi o əmrə itaət edib gəmini düzəltdi. Bu əsnada millətinin onu lağ edib ələ salmasına da məhəl qoymadı. Sən də Uca Allahın əmrlərinə itaət et, qoy sənə kimlərsə istehza etsin, səni bəyənməsin, səndən razı olmasın. Yetər ki, səni yoxdan xəlq edən Uca Allah səndən razı olsun. Sən gəmini düzəlt, Uca Allah yağışı göndərər. Sən səfərdən məsulsan, zəfəri Uca Allah nəsib edir.

      Bu qissədən bir də onu öyrənirik ki, bizim övladlarımız,  xanımlarımız, yaxınlarımız və dəvət etdiyimiz digər insanlar bizim üçün bir imtahandır. Onlara əvvəla öz davranışımızla nümunə olmalıyıq. Bu haqq mübarizəsində bir çox sıxıntılarla qarşılaşacaq, insanların haqsız iradları ilə üzləşəcəyik. Çünki bu haldan peyğəmbərlər belə xilas ola bilmədilər.

       Biz bunlarla imtahan olunacağıq. İmtahanı biz seçmirik, amma qazanmaq məcburiyyətindəyik. Buna görə də tufan (son nəfəs) gələnə qədər haqq yola çağırmağa davam edəcəyik...

      • Hits: 434 clicks

      Tecox component by www.teglo.info