Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ

      Share

      Yunus Əmrə həzrətləri buyurur:

      Dərviş könülsüz gərəkdir,

      Söyənə dilsiz gərəkdir,

      Döyənə əlsiz gərəkdir,

      Xalqa bərabər gərəkməz…

      Təsəvvüf tərbiyəsinin ilk dərsi “incitməmək”, son dərsi isə “inciməmək”dir. İncitməmək müəyyən qədər insanın əlindədir, lakin inciməmək çox çətindir. Çünki qəlbə söz keçirmək müşkül məsələdir. İnsanın məruz qaldığı haqsızlıqlara qarşı qəlbindən gələn etiraz və şikayəti susdura bilməsi və könlünə söz keçirməsi yalnız mənəvi cəhətdən yüksək mərtəbədəkilərin bacara biləcəyi işdir. Çünki bu ali davranış insanın öz iradəsini Allahın iradəsinə ram edərək nəfsini / mənliyini aradan çıxara bilməyi zəruri qılır. İnsanın şəxsinə qarşı işlənən əza və cəfalar səbəbi ilə inciməməsi və qəlbən qırılmaması, əksinə, Allah üçün əfv edərək bunu Allahın hüzurunda öz əfvinə vəsilə qılmağa çalışması yalnız ali ruhların karıdır.

      Gözəl əxlaqı tamamlamaq üçün göndərilən Rəsulullah r bu xüsusda ümməti üçün saysız-hesabsız nümunələr sərgiləmişdir. Nəinki şəxsən məruz qaldığı əza və cəfaları əfv etmiş, hətta pis rəftara yaxşılıqla cavab vermişdir. Zülmünə məruz qaldığı insanlara bəddua etmək yerinə onların islah olması və hidayətlə şərəflənməsi, əbədi qurtuluşa nail olması üçün dua etmişdir.

      Taifdə onu daşqalaq edənlərə və Uhudda mübarək dişini qırıb gül üzünü yaralayanlara bəddua yerinə dua etməsi bu xüsusda verə biləcəyimiz misallardan sadəcə biridir. Məkkənin fəthi günü uzun illər zülm və işgəncəsinə məruz qaldığı müşriklərdən qisas almaq yerinə ümumi əfv elan etməsi eyni zamanda bir çox düşməninin dost olmasına səbəb olmuşdur.

      Allah-Təala necə də gözəl buyurur:

      “Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”. (əl-Fussilət, 34)

      Digər tərəfdən, yaxşılıq edənlərə yaxşılıqla, pislik edənlərə də pisliklə cavab vermək “hər kişinin işi”dir. Pislik edənlərə də yaxşılıqla cavab vermək isə “ər kişinin işi”dir. Bu hədisi-şərif mövzunu necə də gözəl ifadə edir:

      “Sizdən heç kim “mən insanlardan fərqlənmirəm, əgər insanlar yaxşılıq etsə, mən də yaxşılıq edərəm, pislik etsə, mən də pislik edərəm” deyərək (başqalarını təqlid edən) şəxsiyyətsiz adamlar kimi olmasın! Əksinə, insanlar yaxşılıq edərsə, yaxşılıq etmək, pislik edərlərsə də, haqsızlıq etməmək (zülmə meyl etməmək) üçün nəfsinizi tərbiyə edin!”. (Tirmizi, Birr, 63/2007)

      Hz. Peyğəmbər r bu alicənablığı hər vəsilə ilə əshabına da təlim və təlqin etmişdir. Necə ki, bir gün Allah Rəsulu r əshabının arasında olarkən bir nəfər gəlib Hz. Əbu Bəkri söydü. Əbu Bəkr t onun cavabını verməyib sükut etdi. O adam ikinci dəfə də eyni nalayiq sözlərlə Hz. Əbu Bəkri təhqir etdi. Əbu Bəkr t yenə sükut etdi. Adam üçüncü dəfə Əbu Bəkri t söyəndə dözə bilməyib ona layiq olduğu cavabı verdi. Bu zaman Rəsulullah r dərhal ayağa qalxıb oradan uzaqlaşdı.

      Əbu Bəkr t ardından yetişərək:

      - Ya Rəsulallah, yoxsa məndən incidiniz? – deyə soruşdu. Rəsulullah r belə buyurdu:

      - Xeyr, incimədim. Səmadan bir mələk nazil olmuşdu, o adamın sənə dediklərinə etiraz edir və sənin yerinə ona cavab verirdi. Sən qarşılıq verib intiqamını aldığın zaman mələk getdi, yerinə şeytan gəldi. Bir yerə şeytan gəldiyi zaman mən orada dayanmaram”. (Əbu Davud, Ədəb, 41/4896)

      Ayeyi-kərimədə belə buyurulur:

      “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər”. (əl-Furqan, 63)

      Həzrət Əbu Bəkr t Mistah adlı kasıb bir səhabəyə tez-tez yardım edərdi. Qızı Həzrət Aişəyə iftira atıldığı ərəfədə Mistahın da iftiraçıların arasında olduğunu görüb bir daha ona və ailəsinə qarşı xeyirxahlıq etməyəcəyinə and içdi. Hz. Əbu Bəkr yardım əlini onlardan çəkdikdən sonra Mistah və ailəsi çox acınacaqlı hala düşdü. Bu səbəblə aşağıdakı ayə nazil oldu:

      “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”. (ən-Nur, 22)

      Bu ayə nazil olandan sonra Həzrət Əbu Bəkr t:

      “Əlbəttə ki, Allahın məni bağışlamasını istəyirəm!”, - dedi. Sonra yəmin kəffarəsi verərək daha əvvəl işlədiyi xeyrə davam etdi. (Buxari, Məğazi, 34; Müslim, Tövbə, 56; Təbəri, Təfsir, II, 546)

      Allah Rəsulu r da nəfsi üçün əsla qəzəblənməz, yalnız kiminsə haqqı tapdandıqda, həqiqətə zülm edildikdə səssizliyini pozardı. Özünə qarşı işlənən xəta, qüsur və kobudluqları Allah üçün əfv edərdi.

      Biz də Hz. Peyğəmbərin ümməti olaraq Onun halı ilə həmhal olmağa çalışmalıyıq. Şəxsimizə qarşı işlənən xətaları bağışlamağı, barışmağı, ünsiyyət qurmağı, qardaş olmağı yalnız Ramazandan-Ramazana, yaxud bayramdan-bayrama xatırlamamalı, daima geniş ürəkli “rəhmət insanı” olmağa çalışmalıyıq. Bizə edilən haqsızlıqları izzəti-nəfs və qürur məsələsinə çevirməməliyik. Qəzəb duyğularımıza ram olub kin saxlamağın və intiqam ardınca düşməyin könül xamlığı və idrak dayazlığı olduğunu bilməliyik. Bizə qarşı işlənən xəta və qüsurları əfv edə bilməyi nəfsimizin təzkiyəsinə və günahlarımızın bağışlanmasına vəsilə bilməliyik.

      Bu hadisə də belə bir könül zənginliyinin möhtəşəm təzahürlərindən biridir:

      Bir gün Hz. Peyğəmbər r əshabından:

      “Sizdən hər hansı biriniz Əbu Damdam kimi olmaqdan acizdirmi?” – deyə soruşdu. Yanındakı səhabələr:

      - Əbu Damdam kimdir, ya Rəsulallah? - deyə sual etdilər.

      Hz. Peyğəmbər r belə buyurdu:

      - “Sizdən əvvəlki qövmlərdən birinə mənsub idi. “Mənə həqarət edən və qeybətimi edənlərə haqqımı halal edirəm”, - deyərdi”. (Əbu Davud, Ədəb, 36/4887)

      Allahın qullarını əfv edə-edə ilahi əfvə layiq olmaq fərasəti ilə yaşayan dərviş könüllü bəndələr necə də bəxtiyardırlar!..

      Yunus Əmrə həzrətləri buyurur:

      Gəlin tanış olalım, işi qolay qılalım,

      Sevəlim seviləlim, dünya kimsəyə qalmaz!

      Dünya həyatı qısa bir fəsildən ibarətdir. Heç kim burada qalıcı deyil. Yaşanan bu qısa ömürdə görüləcək ən xeyirli işlərdən biri Allah üçün bir-birini sevən qardaşlar olmaq, insanların ünsiyyət qura biləcəyi xoşrəftar insan olmaq, qəlbləri fəth edib xeyir-dualar almaq, hər kəsə yar olmaq, beləliklə də Allahın yer üzündəki şahidləri olan möminlərin rəğbətini qazanaraq Allahın hüzuruna çıxmaqdır.

      Qəbirdə və axirətdə peşman olacağımız davranışlardan, fani və keçici mənfəətlər uğruna qəlb qırmaqdan, könül yıxmaqdan və insanlarla yola getməməkdən uzaq durmalıyıq. Əksinə, könüllər arasında sağlam məhəbbət körpüləri quraraq İslam qardaşlığının hüzur və sükunətini toplum olaraq yaşayıb yaşatmağa çalışmalıyıq. Çünki bu birlik və bərabərlik bir çox xeyrin cəlbinə, eyni zamanda şərlərin də dəf edilməsinə vəsilədir.

      Mövlana həzrətləri buyurur:

      “İnsanlarla dost ol. Çünki karvanın qələbəlik olması yolkəsən quldurların belini qırar”.

      Hədisi-şərifdə də bu haqda belə buyurulur:

      “Camaatda rəhmət, ayrılıqda əzab var”. (Münavi, III, 470)

      Əməlisaleh insanlarla dost olmaq mömin üçün ən böyük xoşbəxtliklərdən biridir. Çünki nəfs və şeytanın yalnız bir adamı aldatması nə qədər asandırsa, salehlərlə bərabər olanları yoldan çıxara bilməsi də bir o qədər çətindir.

      İnsan səmimi olaraq həqiqi dostluğa gedən yolu axtarsa, bunun üçün bir çox vəsilələrin olduğunu görər. Bu vəsilələrdən biri “insan ehsana ram olar” deyimində gizlidir. Həqiqətən də, yaxşılıq görən bir adam əgər düşməndirsə, kini azalar; dostla-düşmən arasında bir mövqe tutursa, yaxınlaşar; yaxındadırsa, məhəbbəti artar. Ona görə də ilk növbədə insanlara qarşı “fədakar və comərd” olmaq lazımdır.

      Həmçinin bu xüsusda riayət ediləcək əsasları Həzrət Peyğəmbər r belə xəbər verir:

      “Səninlə əlaqəsini kəsəndən sən əlaqəni kəsmə! Səndən əsirgəyəndən sən əsirgəmə! Sənə pislik edəni bağışla!”. (Əhməd bin Hənbəl, Müsnəd, IV, 148, 158)

      “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin”. (Buxari, Elm 11, Ədəb 80)

      “Salamı yayın, kasıb və yoxsulları doyurun, beləliklə, Əziz və Cəlil olan Allahın sizə əmr etdiyi kimi qardaş olun!”. (İbn Macə, Ətimə, 1)

      “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də kamil iman etmiş olmazsınız. Sizə elə bir şey söyləyim ki, onu edəcəyiniz təqdirdə bir-birinizi sevəsiniz: Aranızda salamı yayın!”. (Müslim, İman, 93)

      Unutmamaq lazımdır ki, bir şey vermədən qarşılıq gözləmək əbəsdir. Toxum atılmayan, suvarılmayan və baxımsız qalan torpaqdan məhsul gözləmək əbəs olduğu kimi, könül vermədən də könül qazanmaq mümkün deyil. Sevməyən insan sevilə bilməz. Ona görə də bütün insanlara, hətta bütün məxluqata könül qapılarımızı açmalı, şəfqət, mərhəmət və məhəbbətimizi əsirgəməməli, İslamın gülər üzünü sərgiləyərək qəlbləri fəth etməliyik.

      Haqq dostlarının bu xüsusdakı könül dünyasını əks etdirən bu hadisə necə də ibrətlidir:

      Mövlana həzrətlərinin dərgahında söhbət əsnasında içəri bir sərxoş girir. Dərvişlər onu incidərək çölə çıxarmaq istəyirlər. Mövlana həzrətləri onun həqiqəti tapmaq üçün dərgaha sığınan biri olduğunu düşünərək onu incidənlərə:

      “Şərabı içən odur, amma siz sərxoş olmusunuz!” - deyə xəbərdarlıq edir.

      Məhz bütün məxluqata Xaliqin şəfqət, mərhəmət və məhəbbət nəzəri ilə baxa bilməyin ən bariz misalı…

      “Qüsursuz dost axtaran dostsuz qalar”, - sözünü də unutmamaq lazımdır. Müsəlmanın vəzifəsi xəta və qüsurdan uzaq olmayan din qardaşlarını öz hallarına tərk edib kənarlaşdırmaq deyil, əksinə, şəfqətlə onlara əl uzadaraq təmiz həyata dönmələrinə kömək etməkdir.

      Yunus Əmrə həzrətləri buyurur:

      Mal sahibi, mülk sahibi,

      Hanı bunun ilk sahibi?

      Mal da yalan, mülk də yalan;

      Var bir az da sən oyalan!

      Mülk Allahındır. İnsan müvəqqəti olaraq ona əmanət edilən malın bir əmanətçisi, yaxud keşikçisidir.

      Mövlana həzrətlərinin buyurduğu kimi:

      “Dünya həyatı röyadan ibarətdir. Dünyada sərvət sahibi olmaq yuxuda xəzinə tapmağa bənzəyir. Dünya malı nəsildən-nəslə ötürülərək yenə də dünyada qalar”.

      Hər bir insan imtahan üçün verilən malını necə qazanıb necə xərclədiyindən hesaba çəkiləcəkdir. Bu etibarla dünyada bizə bəxş olunan var-dövlətdən doğru istifadə etməyi bilmək böyük bir sənətdir. Çünki insanın malı sırf nəfsinə xərcləməsi israf, özü üçün yığıb saxlaması isə xəsislikdir.

      Şeyx Sədi belə deyir:

      “Xəsis adam min bir əziyyətlə pul yığar, hərisliklə qoruyar və həsrətlə bu dünyada qoyub gedər”.

      Hikmət əhli belə demişdir:

      “İnsan öldüyü zaman sərvəti xüsusunda iki müsibətlə qarşılaşar. Hansı ki, daha əvvəl belə bir müsibətlə qarşılaşmamışdır:

      Birincisi, bütün malının əlindən alınmasıdır. Digəri isə bütün malının əlindən çıxmasına baxmayaraq onu necə qazanıb haraya xərclədiyindən hesaba çəkilməsidir”.

      Bir insanın dünyada qoyub gedəcəyi və bəlkə də başqalarının səfa sürəcəyi dünya malı səbəbi ilə axirətdə hər bir xırdalığına qədər hesaba çəkilməsi necə də acınacaqlı haldır. Hədisi-şərifdə bu hala düşənlər haqda belə buyurulur:

      “Vay o adamın halına ki, əhli-əyalına xeyir (yəni sərvət) qoyar, amma özü Rəbbinin hüzuruna şərlə (qazancından və malından hesaba çəkilməyin ağır məsuliyyəti ilə) çıxar”. (Süyuti, əl-Camius-Sağir, № 9693)

      Nəticə etibarı ilə bu dünyada zənginliyin gerçək səadət və səltənəti nəfsi xəsislik və israf bəlasından qoruyaraq malı Allah yolunda infaq edə bilmək, Haqq-Təalanın lütf etdiyi fani nemətləri əbədi səadət sərmayəsinə çevirə bilməkdir. Ən xeyirli mal Allahın razı olduğu şəkildə xərclənərək sahibindən əvvəl axirətə göndəriləndir.

      İmam Şafei həzrətləri belə buyurur:

      “Ey dünya və dünyanın bərbəzəyi ilə şərəfləndiyini zənn edən qafil, ölüm binaya da gələcək, bina edənə də… Hər kimin izzəti dünya və onun bərbəzəyidirsə, bilsin ki, izzəti çox az, özü də zavala məhkum və fanidir… Bil ki, dünyanın (səadət kimi görünən, lakin aldadıcı ilğımdan ibarət olan) xəzinələri qızıldandır (maddidir). Sən iman, saleh əməl və xeyir-həsənat xəzinələrinə sahib olmağa çalış…”

      Bu fani aləmə sadəcə dünyalıq qazanmaq üçün gəldiyini zənn edib ömür sərmayəsini bu yolda ziyan edənlər acı və əbədi bir iflasa düçar olacaqlar. Onların halını Quran belə ifadə edir:

      عَامِلَةٌ نَاصِبَةٌ

      “Çalışıb-vuruşub (amma boş yerə) yorulublar”. (əl-Ğaşiyə, 3)

      Mərhum Necip Fazıl belə bir zərərə düçar olmamaq üçün bu xəbərdarlığı edir:

      Xəsis sərraf, kəndinə başqa bir kəsə tikdir,

      Məzarda keçər axça, nəysə onu birikdir!..

      Unutmayaq ki, bu dünyada yığacağımız ən gözəl sərvət və sahib olacağımız ən faydalı xəzinə qazandığımız könüllərdir. Hüzn dolu qəlblərdən Ərşi-Əlaya yüksələrək bizə rəhmət vəsiləsi olacaq xeyir-dualardır.

      Yunus Əmrə həzrətləri buyurur:

      Canlar canını buldum, bu canım yağma olsun!

      Assı ziyandan keçdim, dükkanım yağma olsun!

      Yunus nə hoş demişsin, balu-şəkər yemişsin,

      Ballar balını buldum; kovanım yağma olsun!

      Həzrət Əbu Bəkr t-ın xəlifə olduğu dövrdə Mədineyi-Münəvvərədə qıtlıq baş vermişdi. Bu əsnada Həzrət Osman t-ın Şamdan yüz dəvəlik buğda karvanı gəldi. Karvanın gəldiyini görənlər buğda almaq üçün axın etdilər. Hətta bir dirhəmlik buğdaya yeddi dirhəm təklif etdilər. Həzrət Osman t isə:

      “Xeyr, sizdən daha artıq verən var, ona satacağam”, - dedi.

      Əshabi-kiram məyus halda oradan ayrılıb Həzrət Əbu Bəkrin yanına gedərək baş verənləri ona danışdılar. Hz. Osmanın bu davranışına məyus olduqlarını bildirdilər.

      Həzrət Əbu Bəkr t isə fəzilət sahibi olan Hz. Osmanın bu davranışının arxasında bir hikmət olduğunu hiss edərək:

      “Osman barəsində pis düşünməyə tələsməyin. O, Rəsulullahın kürəkəni və Məva cənnətində yoldaşıdır. Hər halda siz onun dediklərini yanlış anlamısınız”, - cavabını verdi.

      Sonra birlikdə Hz. Osmanın yanına yollandılar. Hz. Əbu Bəkr  t:

      - Ey Osman, səhabələr sənin sözündən çox məyus olublar, - dedikdə Həzrət Osman t:

      - Bəli, ey Rəsulullahın xəlifəsi, onlar birə yeddi verirlər. Halbuki onlardan daha xeyirli olan Allah-Təala birə yeddi yüz verir. Biz buğdanı birə yeddi yüz verənə satdıq, - buyurdu.

      Ardından yüz dəvə yükü buğdanı Allah rizası üçün Mədinənin yoxsullarına payladı. Karvandakı yüz dəvəni də qurban kəsdi.

      Buna çox sevinən Əbu Bəkr t Həzrət Osmanın alnından öpərək:

      - Əshabın sənin sözündəki incəliyi başa düşmədiyini hiss etmişdim, - buyurdu.[1]

      Unutmayaq ki, bu dünya səhrasında əldə edəcəyimiz ən qiymətli xəzinə Allahın rizasıdır. Bu həqiqəti dərindən idrak edərək Allahda fani olan ali ruhlar elə bir vüslət iqlimində yaşayırlar ki, artıq gözləri və könülləri Allahdan başqasını görməz olur. Allaha qovuşmağın tərifəsığmaz ləzzəti ilə sanki məst olurlar. Dadmış olduqları bu mənəvi həzz səbəbi ilə gözlərində və könüllərində Ondan başqa nə varsa qiymətini itirər. Ruhən yaşadıqları bu coşqu ilə canlarını və mallarını Allah yolunda fəda etmək onlar üçün bütün dünyəvi ləzzətlərdən daha qiymətli hala gəlir.

      Əshabi-kirama “Atam-anam, canım, malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah!” dedirdən də məhz qəlblərindəki o vəcd halı idi.

      Necə ki, ilahi eşq dəryasına dalan İbrahim bin Ədhəm həzrətləri də belə demişdir:

      “İlahi məhəbbətdəki vəcd və istiğraqımız (qərq oluşumuz) gözlə görülən, əllə tutulan bir şey olsaydı, krallar onu əldə etmək üçün bütün xəzinələrini və krallıqlarını fəda edərdilər”.

      Ataullah əl-İsgəndəri g-in dediyi kimi:

      “Ya Rəbb! Səni tapan nəyi itirdi? Səni itirən nəyi tapdı?..”

      Həqiqətən də, bütün dünya bizə verilsə, lakin Allahın rizasından məhrum qalsaq, bunun nə qiyməti olar?! Çünki dünya da faniliyə məhkumdur, ömür də. Lakin Allah-Təalanın riza və məhəbbətinə nail olmağın bəxş edəcəyi səadət əbədidir!..

      Allah-Təala könüllərimizi bu fani dünya mehmanxanasında yerli ədası ilə oturma qəflətindən oyandırsın. Hər birimizə son nəfəsə qədər rizasını qazanmaq yolunda ixlas, təqva və məhəbbətlə səy göstərib çalışmağı nəsib etsin.

      Amin!..

      • Hits: 337 clicks

      Tecox component by www.teglo.info