Ramiz MƏMMƏDOV - KİMDİR QARDAŞ?

      Share

      “Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər”. (əl-Əraf, 50)
      Ayədə keçən cənnət əhli, həmçinin cəhənnəm əhli, görəsən, kimlərdir? Həmin an yanlarında olanlar qan qohumlarıdırmı? Dünyadakı dostlarıdırmı? Qonşularıdırmı? Yoxsa din qardaşlarıdırmı? Ya da qarşı tərəfdə olanlar arasında, görəsən, qohum-əqrəbasından kimlərsə varmı? Ya da dost-tanışlarından? Bir anlıq düşünək; cəhənnəmdə bir qisim insan əzab çəkir, ancaq  bir az su olsa, azacıq da olsa, bu əzablarını dindirəcək. Aralarında, bəlkə, doğmalarının da olduğu bir qrup cənnət əhlindən bir az su, ya da əzablarını dindirəcək başqa bir ruzi istəyirlər. Onlar isə öz növbəsində “bu istədikləriniz sizə haram qılınmışdır” - deyərək onların istəklərini geri çevirirlər. 
      Bu ayə bizə onu göstərir ki, axirətdə insanların bərabərliyini onların qohumluq və dostluq əlaqələri yox, iman vəhdəti təyin edir. Ancaq onu da qeyd etmək lazımdır ki, bu ayəyə baxaraq dostlarımız və ya qohum-əqrəbamızdan eyni əqidəyə mənsub olmayanları özümüzdən kənarlaşdırmaq yox, əksinə, axirətdə Allahın əzabına düçar olmamaları üçün onlara daha şəfqətlə yaxınlaşmaq lazımdır. Yuxarıdakı ayə, ola bilsin ki, axirətdə cənnət əhli ilə cəhənnəm əhli arasında olan mövqeyin kəskin fərqləndiyini bildirir. Ancaq dünyada bu, belə deyil.  Dinimiz dünyalıq işlərdə ata-ana, qohum-əqrəba, dost-tanış və qonşuluq münasibətlərində onlara hər cür yaxşılığı əmr etməkdə, əlaqələri kəsməyi yasaqlamaqdadır. Sadəcə Allaha üsyan məsələsində onların yanında yer almamağı istəməkdədir. 
      Yuxarıdakı ayə bununla bərabər, bizə onu da öyrədir ki, axirətdə yan-yana olacağımız insanlar din qardaşlarımız olacaq. O din qardaşları ki, ananın belə baladan qaçacağı o dəhşətli gündə sadəcə din qardaşları bir-birilərinə köməklik göstərəcək, cəhənnəmdən xilas olmaq üçün ehtiyac duyacaqları savab istəyinə heç kim yanaşmazkən sadəcə onlar: “İstədiyin savabı sənə verə bilərəm, qardaşım. Onsuz da mən cəhənnəmə gedirəm. Heç olmasa sən qurtul” deyərək bir-birinin istəklərini geri çevirməyəcək. 
      Bütün bunların nəticəsidir ki, hədisdə buyurulduğu kimi, həmin gün Allah-Təala belə buyuracaq:“Mənə itaət məqsədi ilə bir-birilərini sevənlər haradadır? Heç bir kölgənin olmadığı bu gündə onları ərşimin altında kölgələndirəcək və mühafizə edəcəyəm”. (Müslim, Birr, 37) 
      Din qardaşlığı elə bir möhtəşəm bərabərlikdir ki, elə bir üstün məziyyətdir ki, bu mövqeyə nəbilər və şəhidlər belə qiptə edərlər. Bir gün Hz. Peyğəmbər (s.ə.s):  “Allahın qullarından elələri vardır ki, onlar nə nəbi, nə də şəhiddirlər. Ancaq qiyamət günündə nəbilər və şəhidlər onların Allah qatındakı məqamlarına qibtə ilə baxacaqlar”, - buyurdu. Səhabələr onların kimlər olduğunu soruşdular. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Bunlar elə insanlardır ki, aralarında nə qohumluq, nə ticarət, nə də iş münasibəti var. Sırf Allah üçün bir-birilərini sevərlər...” (Tirmizi, Zöhd, 53/2390) 
      Əlbəttə, belə bir üstün məziyyətə nail olmaq asan deyil. Bunun üçün müəyyən nəbəvi tərbiyədən keçmək, qardaşlıq münasibətlərində haqq və huquqa riayət etmək lazımdır. Bu həm daxili dünyamız, həm də hal və hərəkətlərimizi əhatə edir. Hz. Peyğəmbərin bu barədə buyurduğu aşağıdakı hədisi-şəriflər mövzumuzun daha yaxşı anlaşılmasına köməklik göstərəcək:
      “Qardaşı üzr istədiyi halda onun üzrünü qəbul etməyənə onun xətası qədər xəta yazılar”. (İbn Macə, Ədəb 23)
       “Biriniz qardaşınızda bəyəndiyi bir şeyi görsə, onun bərəkətlənməsi üçün dua etsin”. (İbn Macə, Tibb 32)
      “Kim din qardaşının şərəfini qoruyarsa, Allah da qiyamət günündə onu cəhənnəm atəşindən qoruyar”. (Tirmizi, Birr 20)
      “Bazar ertəsi və Cümə axşamı qulların etdiyi əməllər Allah-Təalaya ərz olunar. Din qardaşı ilə arasında küskünlük olanların xaricində Allaha şirk qoşmayan bütün qulların günahları bağışlanar. Ancaq araları dəymiş iki nəfər haqqında isə mələklərə: “Bu iki nəfərin əfvini bir-biriləriylə barışana qədər təxirə salın!” deyə tənbeh edər”. (Müslim, Birr, 35-36)
      İdeal bir cəmiyyət ancaq belə qardaşlıqların nəticəsində formalaşa bilər. İnsanlar arasındakı münasibət Hz. Peyğəmbərin yuxarıda sadəcə bir neçəsini verdiyimiz nəbəvi tərbiyə əsasında formalaşarsa, o cəmiyyətdə nə insanlar ac qalar, nə fitnə-fəsad baş verər, nə də hansısa mənfi hal meydana gələr. Belə bir ideal cəmiyyət Hz. Peyğəmbərin zamanında qurulduğuna görə, bu gün də ola bilər deməkdir. Yetər ki, belə bir cəmiyyətin bir fərdi olaraq bizlər insanlara qarşı davranışlarımızda, onlara qarşı hisslərimizdə nəbəvi metoddan istifadə edək.
      • Hits: 359 clicks

      Tecox component by www.teglo.info