Təmurru Mərras-Səhab / Nurlan Məmmədzadə

      Share

      Zaman dedikdə nədənsə ağlıma gələn ilk söz ərəblərin “əl-leylətu hublə” – “gecələr hamilədir” deyimi oldu. Hər gecə bir sonrakı sabaha hamilədir və sanki yeni bir zaman qazandırır bizə. Halbuki gecə də bir zamandır. 

      Bəlkə gündüzdən daha dəyərli, daha münbit. Çünki sabah da məhz ondan doğur. Bəzi “çoxbilmiş”lərdən yaşını soruşduqda “yatdığımı saymasaq filan qədər” deyərək yaşının yarısını söyləyirlər. Demək ki, zavallı insan övladı ömrünün yarısını zamandan saymır. Belələri üçün əslində yaşamır desək daha doğru olardı. Gecəsinin qədrini bilməyən gündüzünü də dəyərləndirə bilməz.

      Unutmamaq lazımdır ki, gecə və gündüz, hər biri Allahın bizə verdiyi çox önəmli zaman məfhumudur. Allah da zamanı ifadə etdiyi üçün gecəyə və gündüzə and içir öz kitabında. Əslində günəşin qürub etməsiylə başlayan gecə, hər gün tükənən ömür səmayəmizin bir gün sona çatacağından xəbər vermirmi?

      Nə yazıq ki, biz insanlar hər şeyin qədrini sonradan bilirik. Elə zamanın da... Ta uşaqlıq illərimizə qayıdaq. Həftələrlə evdə qalan və üzünə baxmadığımız almanın, portağalın sonuncusu dadlı olardı həmişə. Yeyilən tortun son parçası bizim üçün daha şirin gələrdi... Çünki sonuncu idi, ardı gəlmirdi. Əslinə baxarsaq eyni məntiq böyüdükdən sonra da davam etdi. Evlilik il dönümləri 25 illikdə gümüş, 50 illikdə qızıl toy olaraq qeyd edilməyə başladı. Üstündən zaman keçdikcə qiymətə mindi. Demə ömrümüz də zamanla qiymətə minirmiş. Kiçikkən böyümək istəyirik. Böyüdükdən sonra isə əvvəlki illərə qayıtmaq arzusuna düşürük. İndiyə qədər bir insan görmədim ki uşaqlıq illərinə, keçmişə qayıtmaq istəməsin. Bir vaxtlar Akifin məşhur ifasındakı kimi: “Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim...”

      Hər şeydə olduğu kimi zamanı da təsnifləndirə və ikiyə ayıra bilərik: Bizdən bir şeylər alıb götürən zamanlar vardır və bizə qazandıran zamanlar vardır. Əslində isə hər gələn zaman bizdən nə isə alıb götürür, fəqət fərqində deyilik. Yaxınlarımızı, o an yaşadığımız duyğuları, gəncliyimizi qoyub gedirik hər an məchula doğru. Yaşadığımız bir duyğunu ikinci dəfə yaşaya bilirikmi? Bəlkə ona bənzər duyğular yaşayarıq, amma eynisini əsla. Gələn hər zaman bizdən bir şeylər alıb götürür. Ən əsası isə odur ki, zamanın özünü alır bizdən... Necə də qəribədir, zamanla zamanımızı tükədirik... Bir ərəb şairi:

      “Zamanı, bizi ölümə aparan gəmi olaraq görürəm.” -deyir. Necə də möhtəşəm bir bənzətmə.

      İnsan ömrünü zamana bağlı olduğu üçün bəzən saata da bənzədirlər. Uşaqlıq illərində zaman saatın kiçik əqrəbi kimi yavaş gedər. Böyüdükcə zaman da böyüyür və saatın böyük əqrəbi kimi sürətlə hərəkət etməyə başlayır. Yaşa dolduqdan sonra isə artıq saniyəölçənə çevrilir, durdurmaq imkansız...

      Kimisi də ömrün keçib getməsini Qurandakı ifadəylə izah etməyə çalışır: “Təmurru mərras-səhab” – “Buludların keçib getdiyi kimi gedər”.   

      • Hits: 1081 clicks

      Tecox component by www.teglo.info