155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLİYEV - ALLAH RƏSULU BİR VƏFA NÜMUNƏSİ İDİ

      Share

      Vəfa, bir insanın verdiyi sözündə sadiq olması, ona yaxşılığı dəyən, uzun müddət bir yerdə yaşadığı insanlara bağlı qalması və özünü onlara borclu hiss etməsidir. Vəfalı insan yaxınlarını düşünən və məsuliyyətli insandır. Özündən vəfa və hörmət gözləyən insanlara məhəl qoymayıb, ona edilən yaxşılıqları tez bir zamanda unudaraq onları tərk edən isə vəfasız və qədir-qiymət bilməzdir.

      Bir cəmiyyətin rifahı, inkişaf və səadəti fərdlərin birliyi, aralarındakı sevgi-məhəbbətin güclü olması, qarşılıqlı hörmət və nizam-intizama bağlıdır. Bütün bunlar insanların bir-birinə güvənmə hissi ilə, vəfa duyğusu ilə sıx bağlıdır. Vəfalı olmağı bizə Uca Rəbbimiz bildirmiş, əhdə vəfa göstərməyə dəvət etmişdir. Bir ayədə belə buyurmuşdur: “... Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər”. (əl-Fəth, 10)
                 Uca Allah tərəfindən tərbiyə olunub, bütün əxlaqi keyfiyyətlərin ən zirvə nöqtəsində yerləşən Allah Rəsulu (s.ə.s) vəfa sahibi, güvənilən bir insan idi. Sözünün üstündə durmayan adamların qiyamət günü qarşılaşacaqları pis mənzərəni bir hədisində belə təsvir edirdi: “Qiyamət günü, əhdinə vəfa göstərməyənlərin arxasında bir bayraq olacaq və o bayraq həmin adamın vəfasızlığı qədər yuxarı qaldırılacaq”.(Muslim, Cihad, 15)

      Allah Rəsulu (s.ə.s) hələ peyğəmbərlik kimi ülvi bir vəzifə ilə göndərilmədən əvvəl Məkkə əhalisi tərəfindən ən etibarlı və güvənilən bir insan mənasına gələn “Muhammədul-Əmin” (Etibarlı,güvənilən Muhamməd) ləqəbi ilə tanınırdı. Ona o qədər inamları və etibarları vardı ki, hətta peyğəmbər kimi göndərildikdən sonra, ona iman gətirməsələr belə, uzaq səfərə çıxan məkkəli müşriklər öz qiymətli əşyalarını Allah Rəsuluna (s.ə.s) əmanət edirdilər. Allah Rəsulu (s.ə.s) bu əmanətləri göz bəbəyi kimi qoruyar, dininə, etiqadına baxmadan heç kimin əmanətinə xəyanət etməzdi. Hətta hicrət əsnasında, daha əvvəldən ona verilmiş olan əmanətləri Hz. Əliyə (r.a) təhvil vermiş və sahiblərinə qaytardıqdan sonra hicrət etməsini bərk-bərk tapşırmışdı.

      Allah Rəsulunun (s.ə.s) həyatında mühüm yer tutan insanlar, kiçik vaxtında onu himayə edib, qayğı ilə böyüdən insanlardır. Bu insanlar arasında, təbii ki, ən çox önə çıxanı əmisi Əbu Talib və onun xanımı Fatimə binti Əsəd (r.anhə) anamız olmuşdur. Allah Rəsulu (s.ə.s) özünə zəhmət çəkən bu insanları heç vaxt unutmamış, hər zaman hörmət və ehtiram göstərmişdir.

      Allah Rəsulu (s.ə.s) Xədicə (r.anhə) anamızla evləndikdən sonra maddi vəziyyəti nisbətən düzəlmişdi. Əmisi Əbu Talibin ailəsi böyük olduğu və uşaqlarına baxmaqda çətinlik çəkdiyi üçün Hz. Əlini (r.a) hələ 8-9 yaşı olduğu zaman öz ailəsinə gətirmiş və yanında saxlamışdır. Necə ki, özü kiçik ikən ona əmisi baxıb böyütmüşdü, o da bunun əvəzində Hz. Əlini (r.a) peyğəmbər ailəsində, müqəddəs ocaqda böyüdüb, qayğı göstərmişdir.

      Bundan əlavə, ona ikinci ana olan Hz. Əlinin (r.a) anası Fatimə binti Əsəd (r.anhə) anamıza qarşı da çox minnətdar olmuş, onun yaxşılıqlarını heç vaxt unutmamışdır. Onun haqqında: “O mənim anamdır. Öz övladlarından əvvəl mənim qarnımı doyurar, onlardan qabaq mənim saçımı darayardı”, - buyurardı. Mədinəyə hicrət etdikdən sonra gündüzləri onun evində istirahət edərdi. (İbn Sad, Tabaqat, VIII,  222)  O vəfat etdiyi zaman Allah Rəsulu (s.ə.s) çox kədərlənmiş, ağlamış bu gün anam vəfat etdi deyərək öz kədərini ifadə etmişdir. Öz mübarək köynəyini anasına kəfən etmiş, cənazə namazında yetmiş təkbir gətirmiş, əvvəlcə özü qəbrə girib uzanmış, dua etmiş və daha sonra dəfn olunmasına göstəriş vermişdir. (Hakim, Müstədrək, III, 108)

      İnsanların gerçək üzü ən çox alış-veriş kimi mənfəət gətirən işlərdə məlum olur. Allah Rəsulunun (s.ə.s) yüksək əxlaqına və vəfasına ticarətdəki şərikləri də şahidlik etmişdir. Keçmiş şəriklərindən Saib ibn Əbis-Saib müsəlman olmaq üçün Allah Rəsulunun (s.ə.s) yanına gəlmişdi. Onu Peyğəmbərimizə (s.ə.s) tanıtmaq üçün haqqında təriflər deməyə başladılar. Bunu görən Allah Rəsulu (s.ə.s): “Mən onu sizdən yaxşı tanıyıram”,- buyurdu. Saib dedi: “Anam, atam sənə qurban olsun, düz dedin, çünki sən mənim ticarətdə şərikim idin. Sən nə yaxşı şərik idin! Səndən nə bir ittiham gördüm, nə də səninlə münaqişə etdik”. (Əbu Davud, Ədəb, 20)

      Xülasə, “Mənə verdiyiniz sözü tutun ki, mən də sizə verdiyim sözü tutum”, (əl-Bəqərə, 40) buyuran Rəbbimiz bu yolda əhdinə vəfa göstərən Rəsuluna və əshabına vədini yerinə yetirdi. Onlara heç bir Peyğəmbərə və ümmətinə nəsib olmayan bir ikramı bu dünyada nəsib etdi. Əlbəttə, bunun ən  böyük mükafatını axirətdə verəcəkdir. Biz də Allah Rəsulundan (s.ə.s) əxz etdiyimiz bu gözəl əxlaqi keyfiyyəti davamlı qorumalı və gələcək nəsilləri bu kimi mənəvi dəyərlər fonunda yetişdirməyə çalışmalıyıq.

      • Hits: 21 clicks

      Tecox component by www.teglo.info