155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Nizami ƏFƏNDİYEV - HƏR KƏSƏ RƏHMƏT

      Share

      Uca Allahın bəşəriyyətə göndərdiyi Peyğəmbərlərin hamısı fərqli şəriətlə göndərilsə də, ən müqəddəs vəzifələri eyni iman prinsiplərini, xüsusən də təkallahlılıq prinsipini təqdim etmək idi. Bunun üçün müqəddəs mesajların son halqası olan İslamın, müxtəlif sivilizasiya və düşüncə sistemləri ilə münasibəti çox təbii bir haldır. İslam sivilizasiyasının əsas mənbəyi olan Quran və Sünnəyə baxdıqda bu əlaqənin nə qədər inkişaf etdiyini başa düşmək çətin deyil. Bütün insanlara hidayət rəhbəri olaraq göndərilən Hz. Muhammədin  qeyri-müsəlmanlarla əlaqələrində “əhli-kitab” dediyimiz yəhudi və xristianlarla münasibəti olduqca diqqətəlayiqdir.

      Əhli-kitab ifadəsi hər hansı bir ilahi kitaba inananlar deməkdir. Buna görə, əslində, müsəlmanları da kitab əhli adlandırmaq mümkündür. Ancaq Qurani-Kərimdən başqa digər ilahi kitabları ifadə edən bu kompozisiya, müsəlmanlardan başqa digər müqəddəs din kitablarının üzvləri üçün bir termin kimi istifadə olunur. Quran ifadəsi ilə əhli-kitab deyəndə yəhudilər və xristianlar nəzərdə tutulur.

      İslamda kitab əhlinə münasibət Hz. Peyğəmbərin təcrübəsi çərçivəsində Qurani-Kərimə əsaslanır. Peyğəmbərimizin (s.ə.s) həyatına nəzər saldıqda bu mövzunu aydınladan Quran ayələrinin necə tətbiq olunacağını ən yaxşı şəkildə görürük.

      Ümumiyyətlə, Hz. Peyğəmbər (s.ə.s) əqidə, düşüncə və həyat tərzindəki fərqlərdən daha çox insanlara insan olmaları səbəbiylə dəyər vermişdir. İnsanlar arasında haqq-hüquq və ədalət mövzusunda istər müsəlman olsun, istərsə də bir başqası, fərq qoymamışdır.

      Hz. Peyğəmbərin Məkkə və Mədinədəki qeyri-müsəlmanlara münasibətinin ən diqqətəlayiq xüsusiyyətlərinin başında insani dəyərlər gəlməkdə idi. Quranda bildirildiyi kimi, o, həmişə “ən gözəl əxlaq” nümunəsi olmuştur. İnsanların təsnifatına qarşı çıxan Rəsulullah (s.ə.s) insanları cinsinə, rənginə, dilinə və maddi vəziyyətinə görə ayırmamış, dinindən, dilindən, irqindən, rəngindən və cinsindən asılı olmayaraq mərhəmətlə yanaşmış, insani dəyərlərini, haqq-hüququnu və şərəfini qorumuşdur. Allah Rəsulunun əhli-kitaba qarşı rəftar və davranışlarını hicrətdən əvvəl və sonra olaraq iki başlıqda qiymətləndirmək mümkündür.

      Məkkə dövrünə nəzər saldıqda bu dövrdə müşriklərlə davamlı mübarizə aparıldığı görünür. Bu səbəblə bu dövrə aid nümunələr çox azdır. Hz. Peyğəmbər Məkkədə olarkən vəhydən irəli gəlməyən məsələlərdə müşriklərə bənzəməmək üçün kitab əhlinə tabe olmağı üstün tutardı. Bu, müşriklərlə müqayisə edildiyi zaman kitab əhlinin həqiqətə daha yaxın olması və ən azı peyğəmbərlərdən birinin mirasına sahiblənmələri səbəbinə bağlıdır. Bu mövzuda Allah Rəsulu Ənkəbut surəsinin 46-cı ayəsini təməl düstur götürmüş, müşriklərə qarşı əhli-kitaba daha yaxın olmuşdur.

      İslamın beşiyi olan Məkkə dövründə əhli-kitabdan sayılan rumların məcusi İrana  məğlub olması Peyğəmbərin (s.ə.s) və Məkkədəki müsəlmanların məyusluğuna səbəb olmuşdu. Bu səbəblə Haqq-Təala Rum surəsinin ilk ayələrini nazil etmiş, Rəsulullah və müsəlmanlara bir təsəlli vermişdir (ər-Rum, 1-4).  Bu nümunə Peyğəmbərin (s.ə.s) əhli-kitabdan olmaları səbəbiylə rumların məcusilərə məğlubiyyətinə biganə qalmadığını və mütəəssir olduğunu göstərir.

      Mədinəyə hicrət baş tutduqda Hz. Peyğəmbərin əhli-kitab ilə münasibəti “Mədinə sənədi” olaraq adlandırılan müqavilə ilə başladı. Hz. Peyğəmbər Mədinədə əhli-kitaba göndərilən Peyğəmbərlərə inandıqlarını ifadə edərək təbliğə davam etmiş, ilk başlarda ibadətlərində yəhudilərin də qibləsi olan Qüdsə üz tutmuş, Məhərrəm ayının onunda yəhudilərin tutduğu aşurə orucunu tutmuş, müsəlmanlara əhli-kitabın kəsdiklərini yeməyə və iffətli qadınlarıyla evlənməyə icazə vermişdir (əl-Maidə, 5). Əshabla oturduqları əsnada qarşılarından keçən yəhudi cənazəsinə hörmətlə yanaşmış, İslamın bir insana verdiyi qiymət və dəyəri göstərmək üçün ayağa qalxaraq bunu müsəlmanlara tövsiyə etmişdir. Nəcran xristianları ilə bağlanmış müqavilədə ruhanilərin vəzifələrinə müdaxilə edilməyəcəyi və kilsələrinə toxunulmayacağı bildirilmişdir. Məscidi-Nəbəvidə ibadət etmək istəyən Nəcran xristianlarına icazə verməsi və Xeybərin fəthində ələ keçirilmiş Tövrat nüsxələrini yəhudilərə qaytarması bu nümunələrdən bəziləridir.

      Allah Rəsulunun ticarət həyatına nəzər saldığımız zaman əhli-kitab ilə ticari ünsiyyət qurduğunu görürük. Bir rivayətə görə, əvəzini daha sonra ödəmək şərti ilə bir yəhudidən taxıl almış, qarşılığında zirehini girov qoymuşdu. Mədinədəki yəhudilərin ibadət və tərbiyə fəaliyyətlərinin birlikdə həyata keçirildiyi Beytul-midrasa mane olmaması da dini təhsildə onlara verilən azadlığı göstərir.

      Nəticə etibarı ilə Peyğəmbər (s.ə.s) bütün məsələlərdə möminlər üçün bir bələdçi olmuş, öz əqidə və dini həyatında güzəştə getməməklə birlikdə, digər din üzvlərinə də bir insan kimi hörmət və tolerantlıqla yanaşmışdır. Onun prinsiplərinə hörmət edildiyi dövrlərdə əldə edilən xoşbəxt həyatın ancaq onun izindən getməklə davam etdirilə biləcəyi bir həqiqətdir. Şübhəsiz ki, bu ali mədəniyyətə malik yüksək əxlaqlı nəsillər yetişdirilərsə, belə bir gələcəyə nail olmaq xəyal deyildir.

      • Hits: 25 clicks

      Tecox component by www.teglo.info