Dr. Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّـهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ ﴿٨

      “İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”

      (əz-Zümər, 39/8)

      Allah-Təala insanları bəzən çətinliklərlə, bəzən də bolluqla imtahana çəkər. İnsan zərər çəkdiyi zaman Rəbbinə yönələrək Ona yalvarar. Məsələn, insan xəstələndikdə, maddi çətinliyə düşdükdə, zəlzələ əsnasında, dənizdə fırtınaya düşərsə, yaxud təyyarədə təhlükə ilə üz-üzə gələrsə, dərhal Uca Allaha sığınar. Rəbbini anar və dua edər ki, onu bu müsibətdən xilas etsin. Uca Allaha inanmayan insan belə çətin bir anında yaradılışındakı fitrətə dönərək Allahdan kömək istəyər. Ancaq Allah onu bu çətinlikdən qurtararsa, o, Allahın bu yardımını unudar və Rəbbinə olan ehtiyacına məhəl qoymaz. Bu ayeyi-kərimədə insan psixologiyasının necə formalaşdığına işarə edilir. Yəni insanların düşüncəsi və etiqadı vaxtaşırı içinə düşdüyü maddi-mənəvi vəziyyətə görə dəyişə bilir. Xoşbəxt olduğu vaxtlarda özünə çox güvənən və özündən razı olan insan, dara düşdüyü zaman tamamilə dəyişir və başqa bir insana çevrilir.

      Ancaq mömin həm çətinlik, həm də firavanlıq vaxtında Allaha etimad edər. O, bu sədaqətini çətin günlərində səbir edərək, firavan günlərində də şükür edərək nümayiş etdirər. Uca Allahın verdiyi nemətlərin müqabilində Ona asi olanlar və şərik qoşanlar isə özləri haqq yoldan azdıqları kimi, başqalarını da azdırmağa çalışarlar. Dünya nemətlərinə dalıb, Xaliqinə qarşı öhdəliklərini unudaraq heç ölməyəcəkmiş kimi küfr içində yaşamaq bəzi insanlara dünya həyatında hər hansı bir zərər verməsə belə, axirətdə onu böyük bir zərərə salar və cəhənnəmə aparar. Ayədə keçən Ona şəriklər qoşar” ifadəsi ilə əvvəlki dövrlərdə bütlərə sitayiş edənlər nəzərdə tutulmuşdur. Müasir dövrdə Allaha şərik qoşmağın sadəcə bütlərə sitayişi deyil, dünya nemətlərini və cəmiyyətdə müəyyən bir mövqeyə gəlməyi ilahlaşdırmağı da əhatə etdiyi qənaətindəyik.

      Dünya həyatı fanidir və hər kəs sonunda Allaha dönəcəkdir. Elə isə dünya həyatında arzu etdiyimiz gözəlliklərə axirətdə də nail ola bilmək istəyiriksə, sadəcə çətinlik anında deyil, hər an Allaha pənah gətirməli və Onun hər daim bizə nəzarət etdiyi şüurunu daşımalıyıq. Qarşılaşdığımız hər bir çətinliyin Allah tərəfindən bir imtahan olaraq göndərildiyini unutmamalıyıq.

       

      • Hits: 278 clicks

      Tecox component by www.teglo.info